Keçid linkləri

2017, 16 Dekabr, şənbə, Bakı vaxtı 15:12

REAL: 'İlqar Məmmədova dolayı təzyiq var'


««Respublikaçı Alternativ» (REAL) Hərəkatının həbsdəki lideri İlqar Məmmədova dolayı təzyiqlər var».

Hərəkatın yaydığı açıqlamada belə deyilir.

«REAL-ın sədri İlqar Məmmədova yaxın məhbuslara təzyiqlər var. Həmin məhbuslardan Renat Yusubov karserə (cərimə kamerası) salınıb. Buna etiraz olaraq Renat Yusubov artıq 19 gündür aclıq elan edib və vəziyyəti ağırdır», - açıqlamada deyilir.

Hərəkat qeyd etdiyi olayın dolayısı ilə İ.Məmmədova təzyiq olduğunu vurğulayır.

«Məsələnin ciddiliyini nəzərə alaraq, İlqar Məmmədov ABŞ-ın, Avropa Şurasının, Avropa Birliyinin və bu quruma üzv dövlətlərin səfirliklərinə məlumat verib, onlarla görüş istəyib», - açıqlamada vurğulanır.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti İ.Məmmədova təzyiqləri təkzib edib. Ancaq xidmətdən «Turan» agentliyinə REAL Hərəkatının açıqlamasında adı keçən R.Yusubovun cərimə kamerasına salınmasını inkar etməyiblər. Bununla belə, məsələ ilə bağlı ətraflı izahat da verməyiblər.

R.Yusubovun keçmiş hərbçi olduğu bildirilir. O, mənimsəmədə ittiham edilərək, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

XATIRLATMA

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra müdafiə tərəfi Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə noyabrın 18-də kassasiya şikayətini təmin etməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2016-ci il sentyabrın 20-də keçirilən iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu açıqlayıb.

Avropa Şurası Nazirlər Komitəsi oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Söhbət Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovla bağlı qərarına Bakının əməl etməməsindən gedir. Qərarda həmçinin deyilir ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini ən geci noyabrın 29-na kimi bildirə bilər.

Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldıra bilər. Bu, Azərbaycana bir növ xəbərdarlıqdır. Növbəti addımlar hələ gələ bilər. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb.

Baş verənlərin fonunda ötən həftə AİHM İ.Məmmədovla bağlı ikinci qərarını elan edib. Bu qərar da İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Vəkillər bu iş üzrə İ.Məmmədovun Avropa Konvensiyasında nəzərdə tutulan 5 təməl hüququnun pozulduğunu iddia edirdilər. Bundan başqa İ.Məmmədova maddi zərər əvəzi 95 min, mənəvi zərərə görə 150 min, hüquqi məsrəflərdən ötrü də 10 min 200 avro ödənilməsi istənilirdi. AİHM isə İ.Məmmədovun yalnız ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Maddi tələblərə gəlincə, məhkəmə hesab edib ki, İ.Məmmədova ümumilikdə 10 min avro təzminat ödənilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG