Türkiyə prezidenti Recep Tayyip Erdogan ölkəsinin Rusiyadan raketdən müdafiə sistemi almaq niyyətini təsdiqləyib. Qeyd edək ki, Ankaranın NATO-dakı müttəfiqləri bu sövdələşmədən narahatdırlar.
“Türkiyəylə Rusiyanın müdafiə sahəsində atacağı birgə addımlara böyük əhəmiyyət veririk”, – Erdogan noyabrın 13-də Soçidə rusiyalı həmkarı Vladimir Putin-lə bir neçə saatlıq danışıqlardan sonra deyib.
Türkiyə bu yaxınlarda Rusiyadan S-400 yer-hava tipli raket sistemi almağa razılaşıb. NATO müttəfiqləri bunu xoş qarşılamayıb, bu silahın NATO sisteminə inteqrasiya oluna bilmədiyini əsas gətiriblər.
Türkiyə 2 milyard dollarlıq raket sövdələşməsini təsdiqləsə də, sistemləri əldə etməyi iki il çəkə bilər.
Rusiyadan silah almaq Ankaranı ABŞ-ın bu yaxınlarda Rusiyanın müdafiə sənayesinə qarşı elan etdiyi sanksiyalara məruz qoya bilər. Ancaq Pentaqon rəsmiləri deyiblər ki, bu sonucdan yaxa qurtarmaq üçün Ankarayla danışıqlar aparılır.
*** Buna da bax: Putin deyir ki, Türkiyə ilə münasibətlər 'tam bərpa' olunub
SURİYADAN DA DANIŞIBLAR
Erdogan-la Putin “məhsuldar” görüş keçirdiklərini, Suriyadakı münaqişəni bitirməyə yönəlik cəhdləri götür-qoy etdiklərini deyiblər. Bu münaqişədə Rusiyayla Türkiyə fərqli tərəfləri dəstəkləyirlər, ancaq Qazaxıstanda sülh danışıqlarına birgə təşkilatçılıq edirlər.
“Türkiyə və İranla birgə işimiz konkret nəticələr verib. Zorakılıq azalıb, BMT-nin himayəsi altında suriyadaxili dialoqu irəlilətməyə əlverişli şərait yaranıb”, – Putin deyib.
Məlumatlara görə, Putin Erdogan-a ötən həftəsonu Asiyada ABŞ prezidenti Donald Trump-la əldə etdiyi razılaşma barədə məlumat verib. Dediyinə görə, tərəflər uzun müddətdən bəri dayanmış BMT sülh danışıqlarını canlandırmaq öhdəliyi götürüblər.
Erdogan-la görüşdən sonra Putin deyib: “Suriyada uzunmüddətli sabitliyin təmin olunması cəhdlərini gücləndirməyin, siyasi həll prosesini irəlilətməyin vacibliyi fikrini paylaşırıq”.
“Bizə siyasi prosesə fokuslanmağa imkan verən bazanın artıq yaranması fikriylə razıyıq”, – Erdogan deyib.
Bu arada ABŞ müdafiə naziri Jim Mattis bildirib ki, Birləşmiş Ştatlar Suriyada İslam Dövləti (İŞİD) ekstremist qrupuyla mübarizəni, BMT-nin sülh prosesi canlananadək davam etdirəcək.
“Cenevrə prosesi işə düşənədək kənara çəkilmək fikrimiz yoxdur”, – o deyib.