Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

Vəkillər Kollegiyası: 'Qanunlara dəyişiklikləri dəstəkləyirik'


Məhkəmə

«Nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına edilən əlavə və dəyişiklikləri dəstəkləyirik».

Vəkillər Kollegiyasının vəkillər qanununa, mülki və inzibati prosessual məcəllələrə edilən son dəyişikliklərlə bağlı açıqlamasında belə yazılır.

Kollegiya vurğulayır ki, dəyişikliklər mahiyyət etibarilə hüquqi yardım institutunun yeni mərhələyə qədəm qoymasını təmin etməyə yönəlib.

«Milli Məclisin nümayəndəlik institutunun təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunvericilik aktlarına etdiyi əlavə və dəyişikliklər ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarının davamıdır. Bu dəyişikliklər ölkəmizdə əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına müsbət təsir edəcək», - kollegiya qeyd edir.

Açıqlamada bildirilir ki, prezident İlham Əliyev «Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanunun tətbiqi barədə sərəncamında vəkillərin sayının artırılmasını Vəkillər Kollegiyasına tövsiyə edib.

«Buna nail olmaq üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. Çoxsaylı hüquqşünas vəkil olmaq üçün Vəkillər Kollegiyasına müraciət edib. Bununla bağlı ən qısa zamanda ixtisas imtahanları keçiriləcək. İmtahanları müvəffəqiyyətlə vermiş namizədlər vəkil adını qazanacaqlar. Eyni zamanda, hazırda məhkəmələrdə çıxış edən nümayəndələr də qanunvericiliyin tələblərinə uyğun olaraq müraciət etdikləri halda Vəkillər Kollegiyası üzvlüyünə qəbul oluna bilərlər», - açıqlamanın sonunda yazılır.

XATIRLATMA

Prezident İlham Əliyev noyabrın 7-si «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri təsdiqləyib.

Parlament ötən həftə bu dəyişiklikləri qəbul etmişdi.

Bəzi hüquqşünasların fikrincə, bu dəyişikliklərlə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Onlar vurğulayırlar ki, artıq Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi, istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Təklifləri nəzərə alınmayan hüquqşünaslar indi mitinq keçirmək qərarına gəliblər. Bundan ötrü şəhər rəhbərliyinə də müraciət edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG