Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:16

'Azərbaycan iqtisadiyyatı böhranın təsirlərindən ayılmayıb'-Media icmalı


Böhran
Böhran

Neftin qiymətinin artması, ölkədə iqtisadi vəziyyət və 2018-ci illə bağlı gözləntilər bu gün (8 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

BAHALI LAYİHƏLƏR HƏLƏ MÜMKÜN DEYİL

«Yeni Müsavat» qəzetində «Neft bahalaşır, layihələr bərpa olunacaqmı?» sualına ekspert Azər Mehtiyevlə cavab axtarılır.

Yazıda bildirilir ki, son vaxtlar dünya bazarında neftin qiyməti artıb. Hətta bəzi araşdırma mərkəzləri bu ilin sonuna kimi qiymətin 70 dollar həddinə çatacağını proqnozlaşdırırlar.

Müəllif xatırladır ki, devalvasiyaya qədər, yəni, neftin bahalı dövründə Azərbaycanda dövlət vəsaiti hesabına çoxsaylı layihələr həyata keçirilib.

Ekspert isə deyib ki, hökumət dövlət investisiya layihələri ilə bağlı indi daha ehtiyatlı siyasət yürüdür. Hazırda vəsaitlər, əsasən, prezident sərəncamı ilə bölüşdürülür.

Bununla belə, A.Mehtiyev vurğulayıb ki, 2018-ci il seçki ilidir və büdcə layihəsində bu da nəzərə alınır:

«Azərbaycan iqtisadiyyatı hələ böhranın təsirlərindən tam ayılmayıb. Buna görə də əsas diqqət müxtəlif istiqamətlərdə iqtisadi aktivliyi artırmağa yönəlib. Məsələn, Bakıda dövlət hesabına iri tikinti layihələri icra etməklə bu sektorda canlanma yaratmaq planlaşdırılır. Daha çox sayda insanı layihələrin icrasına cəlb etməklə sosial narazılığı azaltmaq məqsədi güdülür».

Amma ekspert hesab edir ki, neftin qiymətinin yüksəlməsi, əvvəlki illərdə olduğu kimi, irihəcmli və səmərəsi az olan layihələrin icrasına səbəb olmayacaq.

Samir Şərifov
Samir Şərifov

GƏLƏN İLƏ AİD GÖZLƏNTİLƏR…

«Novoye Vremya» qəzetində diqqəti «Nazirin nikbinliyi nəyə əsaslanır?» sərlövhəli yazı oxumaq olar.

Yazıda 2018-ci il üzrə dövlət büdcəsi layihəsinin parlament komitələrində müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovun çıxışı dəyərləndirilir.

Müəllif bildirir ki, Mərkəzi Bank bu ilin 9 ayına aid icmalında əhalinin əmanətlərində dollarlaşmanın 72 faiz azadlığını göstərir. Amma bunun səbəbi izah edilmir:

«Əgər bu manata etimad məsələsidirsə, ayrı məsələdir. Yox, əmanətçilər banklara etibar etməyib, pulu «balış altında» saxlayırsa, bu, tamam ayrı məsələdir. Yeri gəlmişkən, etimadsızlıq üçün kifayət qədər əsas var. Manatın devalvasiyasından sonra dollarla götürülmüş «kreditlər epopeyası» bunun sübutudur. Ona görə də aydın deyil ki, maliyyə naziri Samir Şərifovun manata etimadın güclənməsi barədə optimizmi nədən qaynaqlanır?».

Adıçəkilən iclasda nazirin makroiqtisadi göstəricilər, gəlirlər, iqtisadi artım, valyuta ehtiyatlarının çoxalması barədə yalnız müsbət danışdığını deyən müəllif xatırladır ki, büdcə üzrə gəlirlər 20.127 milyard manat, xərclər isə 20.905 milyard manat nəzərdə tutulur:

«Büdcə kəsirlə nəzərdə tutulur və bu, narahatlığa səbəb olmaya bilməz. Əgər bütünlükdə manatla qoyulan əmanətlər də azalırsa, bu, hələ də əhalinin bank sisteminə etimadsızlığının davam etməsi deməkdir».

Müəllif vurğulayır ki, nazirin nə söyləməsindən asılı olmadan Beynəlxalq Bank ətrafında baş verənlər bank sisteminə və manata etimadsızlığa damğasını vurub.

Yazıda bildirilir ki, nazirin yalnız sığortalanmış əmanətlərin qorunmasından danışması da bank sisteminə etimadsızlıq yaradan amillərdən biridir. Müəllifin gəldiyi nəticəyə görə, bütün əmanətçilərin maraqları tam şəkildə qorunmayınca, bank sisteminə etimad bərpa olunmayacaq.

Yazıda nazirin «Azərişıq» ASC və «Azərsu» ASC-yə subsidiyalar ayrıldığı və bu üzdən istehlak qiymətlərinin artmayacağı barədə dediklərinə də münasibət bildirilir. Müəllif vurğulayır ki, belə subsidiyalar hər zaman ayrılıb, amma bu bahalaşma olmayacağına zəmanət deyil.

İlham Əliyev
İlham Əliyev

«AZƏRBAYCAN «BÖYÜK YEDDİLİK» ÖLKƏLƏRİNİN ƏKSƏRİYYƏTİNİ ÜSTƏLƏYİR»

«Azərbaycan» qəzetində «İslahatlar konsepsiyası beynəlxalq miqyasda təqdir olunur» sərlövhəli yazı yer alır.

Müəllif yazır ki, Azərbaycan son illər iqtisadi-sosial uğurları və beynəlxalq miqyaslı təşəbbüsləri ilə bir çox istiqamətlərdə regional liderə çevrilib:

«Davamlı inkişaf naminə yaradılan iqtisadi baza əsasında Azərbaycan innovativ tərəqqi dövrünü yaşayır. Bu tərəqqi, davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, Azərbaycan «Böyük iyirmilik» və «Böyük yeddilik» ölkələrinin əksəriyyətini üstələyir. Əlbəttə ki, qazanılan hər bir uğurun təməlində prezident İlham Əliyevin müəllifi olduğu Azərbaycanın hərtərəfli inkişafına və tərəqqisinə hesablanmış inkişaf strategiyası dayanır».

Müəllif vurğulayır ki, bu strategiyanı reallaşdırmaqdan ötrü konkret sərəncamlar verilib və bu sərəncamlar uzaq hədəflərə hesablanıb.

Yazıda bildirilir ki, 2016-cı ilin sonunda imzalanan «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» Fərman iqtisadi inkişafı təmin etməklə yanaşı, qlobal böhrandan qorunmanı da özündə ehtiva edir:

«Bu, qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini bir qədər də gücləndirəcək mühüm sənəd oldu».

Müəllifə görə, bu islahatların nəticəsidir ki, «Doing Business 2018» hesabatında Azərbaycan 57-ci pilləyə yüksəlib, Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi tanınıb.

XS
SM
MD
LG