Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:32

'Vergilərin 90 faizi iri vergi ödəyicilərindən gəlir'-Media icmalı


Qadın sahibkar
Qadın sahibkar

Ölkədə aqroparkların yaradılması, qadın-sahibkarlığa maneələr və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun manatın bahalaşa biləcəyi ilə bağlı söylədikləri bu gün (1 noyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

QADIN SAHİBKARLAR

«Exo» qəzetində «Azərbaycan qadınları niyə biznes sahəsinə getmirlər» sərlövhəli yazı oxumaq olar.

Müəllif başlıqda gündəmə daşınan mövzunu ekspertlərlə müzakirə edir. Yazıda bildirilir ki, biznes sahəsində qadınlar da kişilər kimi yaxşı çalışırlar. Amma zərif cinsin nümayəndələri Azərbaycanda bu sahədə o qədər də fəal görünmürlər.

«Azərbaycan qadınları sahibkarlıq fəaliyyətində xüsusilə fərqlənmirlər. Ona görə də hesab etmirik ki, Qadın-Sahibkarlar Assosiasiyasının yaradılması vəziyyəti dəyişəcək. Amma ola bilər ki, bu işi azacıq irəliyə aparsın», - deyə ekspertlər qəzetə bildirirlər.

Ekspertlər deyiblər ki, müəssisələri qeydə alınan qadın-sahibkarların çoxunun real biznesi yoxdur. Onların arxasında qadınların adından yararlanan kişilər dayanır.

Ekspertlərin fikrincə, ölkədə əsl qadın sahibkar çox azdır:

«Bunun səbəbləri çoxdur və burada mentalitet də müəyyən rol oynayır. Qızların ailədə tərbiyəsi qadın sahibkarlığı təşviq etmir. Yaxşı ev qadını, ana olmaq tərbiyəsi buna imkan vermir. Baxmayaraq ki, bir çox qadınlar bu sahədə gərəkli nümunələr də göstəriblər».

Ekspertlər hesab edirlər ki, kənd təsərrüfatı sahəsi qadın-sahibkarlığın inkişafı baxımından perspektivli sahədir. Bu sahədə fermer təsərrüfatı formalaşdırmaq olar.

Yazıda vurğulanır ki, qadınlar maliyyə işlərində daha qənaətcil olurlar.

Müəllif «Global Entrepreneurship Monitor»un açıqlamalarına əsasən bildirir ki, kişilər biznesə, əsasən, 22-34 yaşlarında, qadınların isə 35-44 yaşlarından başlayırlar.

Elman Rüstəmov
Elman Rüstəmov

NORVEÇ MODELİ

«Novoye Vremya» qəzetində diqqəti «Mərkəzi Bank yenə də neftin qiymətinin artmasına ümidlidir» sərlövhəli yazı cəlb edir.

Yazıda bildirilir ki, bu günlər Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov yeni bir açıqlama ilə bütün diqqətləri öz üzərinə çəkib. E.Rüstəmov deyib ki, ilin sonuna kimi manat möhkəmlənə bilər:

«Bu açıqlamaya görə, manatın məzənnəsi möhkəmlənmək istiqamətində inkişaf edir. Çünki tədiyyə balansının vəziyyəti yaxşıdır, neftin qiymətləri isə əlverişlidir. Üstəlik, Mərkəzi Bank manatın «üzən məzənnə» siyasətindən əl çəkmək istəmir. Ölkənin inkişafı, xarici şoklara dayanıqlıq baxımından bu siyasət ən səmərəli vasitə sayılır».

Müəllifin fikrincə, bu açıqlama ölkə iqtisadiyyatının neftdən asılılığının göstəricisidir. Amma yazıda vurğulanır ki, dünya bazarında neftin qiymətinin necə dəyişəcəyini heç kim dəqiq proqnozlaşdıra bilməz. Müəllifə görə, digər tərəfdən, ölkənin qeyri-neft sektoru əhəmiyyətli dərəcədə gəlir gətirə biləcək qədər inkişaf etməyib:

«Bu onu göstərir ki, iqtisadi problemləri həll etmək üçün hökumətin konkret proqramı yoxdur. Onlar hələ də neftin qiymətinin qalxacağına ümidlidirlər. Nə üçünsə Mərkəzi Bank qiymətlərin artmasına izah vermir. Çünki vətəndaşlara təqdim olunacaq arqumentləri yoxdur. İqtisadiyyatın indiki durumu həm də dövlət büdcəsinin gəlirlərini göstərir. Rəsmi statistikaya görə, vergilərin 90 faizi büdcəyə 459 iri vergi ödəyicisindən daxil olur. Qalan 10 faiz digər vergi ödəyicilərinin payına düşür».

Müəllifin fikrincə, əgər manat reallıqda da möhkəmlənirsə, mal və məhsullar bu qədər bahalaşmamalıdır.

Yazıda vurğulanır ki, maaşlar heç də yüksək deyil. Müəllifin gəldiyi nəticəyə görə, müəyyən olunan yaşayış minimumu yaşamağa deyil, yalnız mövcud olmağa yetər.

Yazıda qeyd edilir ki, çıxış yolu ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Neft gəlirləri isə ölkədə azad biznesin inkişafına yönəldilməlidir. Müəllif Norveçi nümunə kimi göstərir.

Şəmkirdə aqropark
Şəmkirdə aqropark

ƏRZAQ TƏHLÜKƏSİZLİYİ

«Azərbaycan» qəzetində «Azərbaycan fermeri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək iqtidarındadır» sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən iri sahələrindəndir. Bu sahənin ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmi danılmazdır:

«Dünyada gedən iqtisadi və siyasi proseslərə nəzər yetirdikdə də ərzaq təhlükəsizliyinin hər bir ölkə üçün prioritet məsələ olduğunu görürük. Hətta bəzi ölkələr ərzaq ixracından idxalçı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edir».

Müəllif vurğulayır ki, təkcə ötən il büdcə vəsaiti hesabına ölkə üzrə 1800 texnika, o cümlədən 94 pambıqyığan kombayn və 300-ə yaxın traktor alınıb. Buna 150 milyon dollar xərclənib.

Yazıda daha sonra aqroparkların yaradılmasına diqqət çəkilir:

«Aqropark sistemində fermer infrastruktur qayğısı, satışın təşkili, saxlanma, təkrar istehsal kimi qayğılardan azad olur. Bir çox hallarda xüsusi vergi, kredit güzəştləri əldə edir. Aqroparkda fəaliyyət göstərən fermerlər həmçinin elmi, texniki dəstəklə təmin olunurlar».

Yazıda vurğulanır ki, hazırda ölkənin 19 rayonunda 38 aqroparkın yaradılması haqda qərar qəbul olunub. Şəmkir Aqroparkı isə fəaliyyətə başlayıb.

Müəllif hesab edir ki, ölkədə yürüdülən aqrar siyasətin məqsədi aydındır. Bu, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək və daxili tələbatı ödəməklə aqrar məhsullarının ixracını artırmaqdan ibarətdir.

XS
SM
MD
LG