Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:09

Milli Məclis yeni neft sazişini ratifikasiya edib


Milli Məclis

Bu gün, oktyabrın 31-i Milli Məclis «Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında» Sazişi ratifikasiya edib.

Saziş sentyabrın 14-ü SOCAR və BP də daxil, bir sıra beynəlxalq şirkətlərin iştirakı ilə imzalanıb.

APA-nın xəbərinə görə, deputatlar qanun layihəsinin lehinə səs veriblər.

Qanun layihəsi barədə əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.

151 MİLYARD NEFT PULU VƏ ƏLAVƏ 42 MİLYARD KUBMETR HAVAYI QAZ...

Komitə sədrinin deməsinə görə, saziş əsas, hazırda qüvvədə olan mətndən fərqlənmir:

«Amma sazişə bəzi əlavələr edilib. «Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi haqqında» Saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43.5 milyard dollar təşkil edib. Bu saziş çərçivəsində əsaslı xərclər 35 milyard dollar olub. Layihənin icrası müddətinə Azərbaycan tərəfinə 130 milyard dollara yaxın mənfəət nefti çatıb. Bu müddət ərzində podratçı şirkətlərin mənfəət vergisi 15 milyard dollara yaxın olub. SOCAR-ın törəmə şirkəti olan ACG 6 milyard dollara yaxın mənfəət əldə edib. Kontrakt sahəsi üzrə texnoloji ehtiyaclar üzrə işlənməmiş 42 milyard kubmetrə yaxın qaz Azərbaycan hökumətinə təhvil verib. Bu, mövcud qiymətlərlə bir neçə milyard dollar edir».

V.Ələsgərov vurğulayıb ki, bu günə mövcud kontrakt sahəsində çıxarıla bilən ehtiyatların həcmi 500 mln. tona yaxındır. Komitə sədri hesab edir ki, qiymətləndirmələrdən sonra bu ehtiyatın daha çox olacağı gözlənilir.

SAZİŞİN YENİLƏNMƏSİNİN SƏBƏBLƏRİ....

«Kontrakt sahəsində qalan neft ehtiyatlarını hasil etmək üçün 33 milyard dolardan artıq vəsait tələb olunur. 1994-cü ildə imzalanmış sazişin bitməsinə hələ 7 il qalır. Bu 7 il müddətinə podratçı şirkətlərin böyük vəsait qoyması mümkün olmazdı. Çünki 7 ilə qoyulan xərcləri geri qaytarmaq mümkün deyil. Layihə çərçivəsində tədqiqatlar üzrə işlərə 2019-cu ildə başlansa, yalnız 2023-cü ilin ortalarında neft hasil edilə bilər. Hazırkı sazişin qüvvədə olma müddəti isə 2024-cü ilə təsadüf edir. Buna görə də sazişin yenilənməsinə ehtiyac var idi», - deyə V.Ələsgərov vurğulayıb.

Komitə sədri bildirib ki, SOCAR-ın törəmə şirkəti olan ACG-nin payı 25 faizə qədər artıb. Xarici şirkətlərin bir yerdə payı 75 faizə yüksəlib:

«Gördüyünüz kimi, törəmə müəssisənin payı iki dəfə artıb».

V. Ələsgərov vurğulayıb ki, podratçı şirkətlər Azərbaycana 3 milyard 600 milyon dollar bonus ödəyəcək. Onun deməsinə görə, hər il 450 mln. dollar bonus ödəniləcək.

Sazişin digər şərtlərinin mövcud sənəddə olduğu kimi eyni qaldığını deyən V.Ələsgərov bildirib ki, yeni müqavilə 2049-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG