Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 23:49

'Azadlıq'ın bölgə müxbirinin şikayətinə baxılır


Ziya Əsədli

Bu gün, oktyabrın 30-u Şirvan Apellyasiya Məhkəməsində «Azadlıq» qəzetinin bölgə müxbiri Ziya Əsədlinin məhkəməsi başlayıb. Onun özü ilkin baxış iclasında iştirak etməyib.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov bilgi verib.

İlkin baxış iclasında vəkil çıxış edib. Vəkil, deməsinə görə, məhkəmə qarşısında üç vəsatət qaldırıb.

«Ziya Əsədlinin istintaqı qapalı aparılıb. Onun istədiyi vəkili cəlb etmək imkanı olmayıb. Həbs edilməsi də gözlənilməz olub. Bu işdə xeyli qaranlıq məqamlar var. Ona görə də, məhkəmənin istintaqla aparılması barədə vəsatət verdim», - vəkil bildirib.

Ancaq məhkəmə vəsatəti rədd edib.

Vəkilin digər vəsatəti Z.Əsədli barəsində hazırda qüvvədə olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Məhkəmə heyəti həmin vəsatəti də əsassız sayaraq rədd edib.

Vəkil E.Sadıqov vurğulayıb ki, digər vəsatətində isə işin bütün materiallarının surətinin müdafiə tərəfinə təqdim edilməsi istəyi əks olunub. E.Sadıqovun bildirməsinə görə, hakim Rafiq Cəfərovun sədrlik etdiyi kollegiya bu vəsatəti təmin edib.

Vəkil deyir ki, ilkin baxış iclasında materiallar onlara verilib.

Məhkəmə prosesi noyabrın 7-nə təyin edilib.

XATIRLATMA

«Azadlıq» qəzetinin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Onun vəkilinə deməsinə görə, bu il aprelin 19-da Biləsuvarda döyülüb. O, döyülməsi barədə «102» xidmətinə məlumat da verib. Hadisə çayxanada baş verib. Jurnalist onu çayçı işləyən şəxsin döydüyünü deyib. Z.Əsədlinin bildirməsinə görə, həmin şəxs hadisədən dərhal sonra polis idarəsinə gedib və ondan şikayətçi olub.

Çayçı məhkəmədə də deyib ki, o, jurnalistin fiziki zorakılığı ilə üzləşib. Bununla belə, şahidlərin sözlərinə görə, sonra da əlavə edib ki, jurnalistin həbsini istəmir.

Vəkilin deməsinə görə, Z.Əsədli həbsinə səbəb kimi «Azadlıq» qəzeti ilə əməkdaşlıq etməsini göstərir:

«Bu ilin aprelində Biləsuvarda sakinlər etiraz aksiyası keçiriblər. Onlar Bakı-Astara yolunu bağlayıblar. Ziya Əsədli deyir ki, həmin aksiyadan reportaj hazırlayıb yayması rayon rəhbərliyində xüsusi narazılıq yaradıb. Həmin hadisədən sonra da jurnalistin həbs edilməsi ilə nəticələnən insident baş verib».

Jurnalistin bu açıqlamasına hələ ki , Biləsuvar rayon rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG