Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Fikrət Hüseynlinin sərbəst buraxıldığı deyilir


Fikrət Hüseynli

Bu gün, oktyabrın 27-si Kiyevin Lukyanovsk Rayon Məhkəməsinin Ukraynada saxlanan jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlinin apellyasiya şikayətini təmin etdiyi bildirilir. Jurnalistin azadlığa buraxıldığı deyilir.

Bu haqda F.Hüseynlinin prosesdə iştirak edən yaxınları məlumat yayıblar.

Verilən məlumata görə, apellyasiya şikayətində jurnalistin azad edilməsi istənilib. Onun azadlığa buraxılmasına Ukrayna Ali Radasının deputatı Mikola Knyajitski və vətəndaş cəmiyyəti fəalı Boris Zaxarov zamin durublar.

Məhkəmənin F.Hüseynli barəsində aşağı məhkəmənin çıxardığı qərarı ləğv etdiyi açıqlanıb. Həmin qərar onun 18 günlüyə həbsdə saxlanmasını nəzərdə tuturdu.

Borispol Məhkəməsi ötən həftə, oktyabrın 17-si F.Hüseynli barəsində 18 günlük həbs-qətimkan tədbiri seçmişdi.

XATIRLATMA

Fikrət Hüseynli oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

F.Hüseynlinin Azərbaycan tərəfinin İnterpola verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.

Jurnalistin özü isə ittihamları rədd edib.

Azərbaycanın hüquq-mühafizə orqanları hələlik F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.

F.Hüseynli müxalif «Azadlıq» qəzetinin əməkdaşı olarkən - 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamışdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG