Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə olunub


Müdafiə Nazirliyi

Oktyabrın 24-də Azərbaycan müdafiə naziri Zakir Həsənov İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək nazirinin müavini Höccətullah Qoreyşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Z.Həsənov Bakıda iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əlaqələr və hərbi-texniki əməkdaşlıq üzrə Birgə İşçi Qrupun işə başlaması münasibətilə qonaqları təbrik edib. Bunun müdafiə və təhlükəsizlik sahəsində münasibətlərin daha da inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb.

«Müdafiə naziri Dağlıq Qarabağ və ətraf rayonların uzun illərdir Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü qonağın diqqətinə çatdırıb», - məlumatda bildirilir.

Məlumatda vurğulanır ki, Azərbaycan ilə İran arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edən H.Qoreyşi bu münasibətlərin inkişafında hərbi mütəxəssislərin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edib.

Cənubi Qafqazda hərbi-siyasi vəziyyətə və Dağlıq Qarabağ probleminə toxunan qonaq münaqişənin sülh yolu ilə həllinin vacibliyini bildirib.

Görüşdə həmçinin, iki ölkənin hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti, perspektivləri, Xəzər dənizi hövzəsində təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu gün, oktyabrın 24-ü Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupun ilk görüşü başlayıb. Tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və digər sahələri əhatə edən məsələləri müzakirə etməlidirlər.

Görüş oktyabrın 25-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG