-
Dünyada məhbuslar ən pis nəqliyyat şəraitində daşınırlar. Bir çox ölkələrdə bu şərait Avropa Şurasının insan haqları standartlarından aşağıdır. Məsələn, Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi aşkarlayıb ki, Fransa, Macarıstan, İrlandiya, Litva, İspaniya, Ukrayna və Böyük Britaniyada məhbus daşınması şərtləri Avropa Şurası standartlarından aşağıdır.
GULAG-IN MİRASI
“Amnesty International” insan haqları təşkilatı Rusiyada da bu sahədə durumun fərqlənmədiyini, ancaq zaman və coğrafiya üzrə dəyişdiyini bildirir.
“Rusiya Federal Penitensiar Xidmətinin sovet GULAG-ından (islah-əmək düşərgələri) miras aldığı cəzaçəkmə koloniyalarının çoxu ölkənin az məskunlaşmış Uzaq Şərq və Uzaq Şimal hissələrindədir, xammal çıxarılan əmək düşərgələri məhz buralarda yerləşirdi... Məhbuslar cəzalarını çəkməyə uzaq məsafələri qət edərək koloniyalara aparılırlar. Məhkəmələrə, müalicə müəssisələrinə aparılarkən də böyük məsafələrə daşınırlar. Məhbuslar xüsusi hazırlanmış vaqonlarda, yaxud məhbus maşınlarında aparılır, bəzən həftələrlə tranzir kameralarda qalmaları olurlar...‘Stolypin’lər adlı məhbus vaqonları sərnişin qatarlarına birləşdirilir və çox vaxt dolanbac yollardan keçirlər. Bu cür səfərlərin bir ay, ondan da çox çəkdiyi olur”, – qurum bildirir.
Məhbusların reabilitasiyasını asanlaşdırmaqdan ötrü cəzalarını evlərinə yaxın yerdə çəkməlidirlər. Ancaq belə bir qanunvericiliyin də olmasına baxmayaraq, özəlliklə, qadınlar həbs cəzalarını evlərindən və ailələrindən uzaqda çəkirlər. Bu, ailə üzvlərinin onları ziyarət etməsini də çətinləşdirir.
AVROPA MƏHKƏMƏSİNİN QƏRARLARI
2013-cü ildə Avropa İnsan Haqları Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozulması barədə qərar çıxarıb. Çünki məhkumlar Mikhail Khodorkovsky və Platon Lebedev elə bir yerdə saxlanırdılar ki, ailə üzvlərinin onları ziyarət etməsinə çətinlik yaranırdı.
“Polyakova Rusiyaya qarşı” işində də Avropa məhkəməsi oxşar pozuntu aşkarlayıb, məhkumlar cəzalarını evlərində minlərlə kilometr uzaqda çəkirdilər.
“Amnesty International” bildirir ki, bu məsələ zaman-zaman dünyanın diqqətini cəlb edir. Tanınmışlardan oliqarx Mikhail Khodorkovsky, “Pussy Riot” qrupundan Nadezhda Tolokonnikova, həbsə atılmış dinc etitrazçı Ildar Dadin uzaq məsafələrə aparılarkən bəzən həftələrlə “yoxa çıxırlar”.
Qurum Rusiya hakimiyyətini GULAG-ın qalıqlarını ləğv etməyə, həbsxana sistemini beynəlxalq insan haqları standartlarına uyğunlaşdırmağa çağırır.
Qeyd edək ki, Azərbaycanda da təqsirləndirilən şəxslər özəlliklə yay aylarında məhkəməyə dözülməz şəraitdə gətirilib aparıldıqlarını deyir, bu səbəbdən çox vaxt məhkəmə proseslərini sürətləndirməyə çağırıblar. Penitensiar xidmət isə bu iddiaları rədd edib.