-
Rusiya, Hindistan, Kolumbiya və Misir kimi ölkələrdə həyat getdikcə pisləşir. Bu ölkələrin sakinləri 2014-cü ildən bəri həyatlarının pisləşməyə doğru getdiyini bildirirlər.
“Gallup” sorğu mərkəzi “Bu günün xoşbəxtliyi sabah barədə bizə nə deyir” adlı yeni hesabatında belə yazır.
Qurum yada salır ki, Ronald Regan 1980-ci ildə prezident seçkisi zamanı amerikanlardan soruşub: “Bu gün dörd il əvvəlkindən dahamı yaxşı yaşayırsız?” və amerikanlar da onu prezident seçməklə “xeyr” cavabı veriblər.
Adamlar həyatları barədə hisslərinə əsasənmi səs veriblər? Elədirsə, fərqli ölkələrin sakinləri bu sualı necə cavablandırardı?
DƏYİŞİKLİK İSTƏYİ
Hesabatda vurğulanır ki, həyatın pisləşdiyi ölkələrin liderləri narahat olmalıdırlar. Çünki adamlar həyatlarının yanlış istiqamətdə getdiyini görüncə dəyişiklik istəyirlər.
London İqtisadiyyat Məktəbinin (London School of Economics) akademiki George Ward-ın bu yaxınlarda apardığı tədqiqat da üzə çıxarıb ki, adamların öz həyatları barədə hissləri onların seçkidə necə səs verməsinə təsir göstərir. Akademikin fikrincə, yaxşı güzəran kimi subyektiv tədbirlər seçkinin daha yaxşı göstəriciləri sayılır, nəinki adamların iqtisadiyyat haqda nə düşünmələri.
Hesabatda vurğulanır ki, adamların öz həyatları haqda hissləri ölkə liderlərini narahat etməlidir. Ərəb Baharından öncə həmin ölkələrdə əhali yaşayışını aşağı dəyərləndirirdi. Ukraynada Avromaydan İnqilabından öncəki iki ildə də oxşar durum yaranmışdı.
Hesabat üzə çıxarıb ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxmağa (Brexit) səs verməsindən öncə bu ölkədə həyat reytinqində düşüş qeydə alınıb. Birləşmiş Ştatlarda 2016-cı il prezident seçkisindən öncə də eyni vəziyyət idi.
DAVRANIŞ İQTİSADİYYATI
Bütün bu trendlər davranış iqtisadiyyatının bir hissəsidir. Bu sahənin əsas nəzəriyyəsi budur ki, adamlar 30% rasional, 70% emosional davranırlar. Bu yeni yanaşma Nobel mükafatları, bestseller kitablar, hökumətlər daxilində yeni agentliklər, hətta universitetlərdə yeni fənlərlə sonuclanıb. Di gəl, bircə ölkələr üzrə yeni statistika yaranmayıb.
ÜDM, ailə gəliri, işsizlik kimi milli statistikalar adamların rasional etdiklərinə fokuslanır: yəni nə qədər xərcləyirlər, bunu necə qazanırlar, işləri varmı.
Gallup-un bu hesabatı isə həyatın qalan 70%-ni dəyərləndirir – emosional tərəfini. Əgər liderlərə ölkə əhalisinin “dörd il öncədən daha yaxşı yaşayıb-yaşamadığı” maraqlıdırsa, bu hesabat həmin suala cavab axtarır.
AZƏRBAYCAN
Hesabatda Azərbaycandan ayrıca söz açılmasa da, sorğu keçirilən 100-dən çox ölkə içindədir. Sənəddə yer almış xəritəyə əsasən, Azərbaycanın 2007-2017-ci illərdə "+6-dan +9-a", 2014-2017-ci illərdə isə “-4-dən +4-ə” kateqoriyasına uyğun gəldiyini söyləmək olar. “Gallup” respondentlərin həyatdan razılığını 0-10 şkalası üzrə dəyərləndirib, 0 ən pis, 10 isə ən yaxşı həyat səviyyəsi sayılır. 7 baldan yuxarı olanda rifah halının yaxşı olduğu, 4 baldan aşağı olanlarınsa əziyyətlə dolandıqları bildirilir.
Qeyd edək ki, 2015-ci ildə manatın iki dəfə dəyərsizləşməsi əhalinin həyat səviyyəsinə təsirsiz ötüşməyib. Hökumət ölkədə iqtisadi islahatların aparıldığını vurğulasa da, müstəqil iqtisadçılar bunları yetərli saymırlar.
Hakimiyyətin mümkün narahatlığına gəlincə, hələ 2015-ci ildə yayılan informasiyaya görə, Prezident İlham Əliyev ölkədə vətəndaş cəmiyyətinə məhdudiyyətləri məhz “Ukraynada “Maydan” və regiondakı digər hadisələr”lə əlaqələndirmişdi.