Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:24

Məhkəmə Əfqan Muxtarlının şikayətini haqlı saymadı


Bu gün, oktyabrın 23-ü Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının şikayətini rədd edib. Şikayət jurnalistin məhkəməyəqədər həbs müddətinin artırılmasından verilmişdi.

Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkilin bildirdiyinə görə, Əfqan Muxtarlı da prosesdə iştirak edib. O, çıxış edib.

«Mənə qarşı istintaq təcridxanasında ayrıseçkilik edirlər. Yaxınlarımla telefonla danışmaq hüququmu məhdudlaşdırıblar. Yaxınlarımla görüşməyə də icazə vermirlər. Bütün bunlar mənim əsassız həbs edilməyimi təsdiqləyir», - vəkilin bildirdiyinə görə, Ə.Muxtarlı belə deyib.

O, sağlıq durumundakı problemlərdən də bəhs edərək, barəsindəki həbs müddətini artıran qərarın ləğvini istəyib.

Z.Sadıqov da çıxışında rayon məhkəməsinin Ə.Muxtarlının həbs müddətini artıran qərarının əsassız və qanunsuz olduğunu deyib, onun ləğv edilməsini istəyib.

Ancaq hakim Namiq Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası şikayəti rədd edib. Nəsimi Rayon Məhkəməsinin jurnalistin həbs müddətini dekabrın 20-dək artıran qərarı qüvvədə saxlanıb.

Z.Sadıqova məhkəmədən sonra qərarı qanunsuz saydıqlarını, yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Əfqan Muxtarlı bundan öncə də təcridxanada yaxınları ilə əlaqə saxlamasında ona yasaqlar qoyulduğunu açıqlamışdı. Ancaq vəkil Elçin Sadıqovun deməsinə görə, təcridxana rəhbərliyi problemin yoluna qoyulacağını vəd etmişdi.

Jurnalistin son açıqlamasına isə hələlik nə təcridxana rəhbərliyindən, nə də Penitensiar Xidmətdən münasibət almaq mümkün olub.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. Bu yaxınlarda isə bu cinayət işinin «Meydan TV»nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

«Meydan TV»nin rəhbər işçiləri ilə bağlı ötən ilin əvvəlində cinayət işi açıldığı bəlli olmuşdu. Onda ittihamları qəbul etməyən «Meydan TV»nin rəhbəri Emin Milli AzadlıqRadiosuna bunları demişdi:

«Artıq bəlli olub ki, «Meydan TV»nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb».

Günün bütün mövzuları

XS
SM
MD
LG