Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:44

Avropa Şurasının baş katibi Əli İnsanova məktub göndərib


Avropa Şurasının baş katibi Torbörn Yaqland həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova məktub göndərib. Bu haqda AzadlıqRadiosuna keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, Yaqland məktubunda Əli İnsanovla bağlı məsələnin daim Avropa Şurasının diqqətində olduğunu yazıb. Həmçinin bildirilib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icrası departamenti Məhkəmənin Əli İnsanovla bağlı qərarın icrası üçün ardıcıl iş aparır və bu barədə Avropa Şurası baş katibini məlumatlandırır.

«Avropa Şurasının baş katibi onu da bildirir ki, Əli İnsanovun Avropa Məhkəməsinə göndərdiyi ikinci şikayəti də nəzarətə götürülüb», – keçmiş nazirin vəkili belə deyir.

XATIRLATMA

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan 70 yaşlı sabiq nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG