Keçid linkləri

2024, 15 Mart, Cümə, Bakı vaxtı 09:24

Dünya xəbərləri

İŞİD “116 nəfəri edam edib”

Suriya, Al-Qaryatain şəhəri, 22 oktyabr, 2017-ci il
Suriya, Al-Qaryatain şəhəri, 22 oktyabr, 2017-ci il

-

Suriyalı fəalları İslam Dövləti (İŞİD) yaraqlılarının Al-Qaryatayn şəhərinə nəzarət edən zaman 116 nəfəri edam etdiyini bildirir.

“20 gün ərzində İŞİD azı 116 nəfəri edam edib, onları rejim qüvvələriylə əməkdaşlıqda suçlayıb”, – Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatının rəhbəri Rami Abdel Rahman oktyabrın 23-də bildirib.

Suriya hökumət qüvvələri Homs vilayətindəki Al-Qaryatayn şəhərini oktyabrın 20-də, İŞİD-in nəzarətində 3 həftə qalandan sonra yenidən ələ keçiriblər.

Abdel Rahman deyib ki, rejim qüvvələri şəhəri yenidən ələ keçirəndə küçələrdə sakinlərin meyitlərini görüblər, çox ya güllələnib, ya da bıçaqla öldürülüb.

Son iki ildə İŞİD Suriya və İraqda tutduğu əraziləri itirməkdədir. Ötən həftə ABŞ-ın dəstəklədiyi qüvvələr onları Suriyadakı əsas istinadgahları olan Raqqa şəhərindən də çıxarıb.

Bütün xəbərləri izləyin

Çexiyanın xarici işlər naziri Rusiyanı Alsu Kurmaşevanı azadlığa buraxmağa çağırır

Alsu Kurmaşeva
Alsu Kurmaşeva

Çexiyanın xarici işlər naziri Yan Lipavski AzadlıqRadiosunun tatar-başqırd xidmətinin jurnalisti, Rusiyada həbs olunanadək Praqada yaşayıb işləyən Alsu Kurmaşevanın müdafiəsinə qalxıb.

BMT-nin Təhlükəsizlik Şurasında debatlarda çıxışı zamanı Lipavski Rusiyanı jurnalisti azad etməyə səsləyib. Kurmaşevanı Rusiyada müxtəlif ittihamlarla 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

BMT-nin Təhlükəsizlik Şurasını tənqid edir

Y.Lipavskinin iştirak etdiyi müzakirə müharibə və konfliktlərin qarşısının alınmasına həsr olunub. Çexiyalı nazir qadınlar, hüquq-müdafiəçiləri, fəallar, jurnalistlər üçün təhlükəsizlik və dəstək mühitinin yaradılmasının vacibliyini vurğulayıb.

"Əlavə etmək istəyirəm ki, Çexiya Rusiyanı Alsu Kurmaşevanı dərhal həbsdən azad etməyə çağırır", - Lipavski deyib. Onun sözlərini novinky.cz nəşri yayıb.

Lipavski müzakirələrdə Rusiya hakimiyyətini tənqid edərək deyib ki, bu ölkənin Təhlükəsizlik Şurasının üzvü olmağı "BMT-nin mahiyyətinə açıq-aşkar ziddir, BMT nizamnaməsində təsbit olunmuş təhlükəsizliyin strukturunu zərbə altında qoyur".

Lipavskinin sözlərinə görə, islah olunmuş BMT Təhlükəsizlik Şurası hazırkı misli görünməmiş böhranı daha yaxşı yoluna qoya bilərdi.

Kurmaşeva niyə saxlanılıb?

Rusiya və ABŞ vətəndaşlığı olan A.Kurmaşeva Rusiyada "xarici agent" qanununu pozmaqda, Rusiya ordusu barədə "feyk" yaymaqda ittiham olunur. Həmkarları onun peşəkar fəaliyyətinə görə təqib olunduğuna inanır. "Memorial" insan haqları təşkilatı Kurmaşevanı siyasi məhbus kimi tanıyıb.

Kurmaşeva həyat yoldaşı və övladları ilə Praqada yaşayırdı. O, ötən il mayın ortasında ailəsində yaranmış durumla bağlı bir neçə günlüyə doğma Kazan şəhərinə gedib.

İyunda geri qayıdarkən Kazan aeroportunda saxlanılıb, pasportları alınıb. Əvvəlcə ona ikili vətəndaşlıq barədə xəbər verməmək ittihamı ilə cinayət işi açılıb və cərimələnib. Ancaq jurnalist yenidən saxlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilib.

ABŞ Nümayəndələr Palatası TikTok-u qadağan edən layihəni təsdiqləyir

Kapitolidə TikTok ilə bağlı qanunlara qarşı etiraz
Kapitolidə TikTok ilə bağlı qanunlara qarşı etiraz

Martın 13-də ABŞ Nümayəndələr Palatası TikTok sosial şəbəkəsinin Çindəki təsisçi şirkətlə əlaqələrini kəsməsini, yaxud Birləşmiş Ştatlar ərazisində yasaqlanmasını tələb edən qanun layihəsini yekdilliklə təsdiqləyib. Bu qanun layihəsi bütün dünyada populyarlaşan videopaylaşım tətbiqi üçün böyük geriləmə sayılır. Sözügedən tətbiqin Çin şirkətinə məxsusluğu, onun Pekindəki Kommunist Partiyasının mümkün nəzarətində olması sarıdan narahatlıq var.

"France-Presse" yazır ki, Nümayəndələr Palatasının 352 üzvü qanunun lehinə, 65-i əleyhinə səs verib. Bu, siyasi baxımdan parçalanmış Vaşinqtonda misilsiz həmrəylik nümayişi sayılır.

Agentlik onu da qeyd edir ki, respublikaçılar və demokratlar bununla gənclərin səsinin həlledici olduğu seçki ilində TikTok-u sevən gənclərin qəzəbinə tuş gəlmək riski ilə üzləşiblər.

Senatorlar daha ehtiyatlıdırlar

"Bu gün hər iki partiyanın verdiyi səs Konqresin kommunist Çinin amerikalılar üzərində casusluq və manipulyasiya cəhdlərinə dirənişini göstərir, düşmənlərimizin qarşısını almaq qətiyyətimizi müjdələyir", - Palatanın respublikaçı spikeri Mayk Conson (Mike Johnson) səsvermədən sonra deyib.

Ancaq qanun layihəsinin daha ehtiyatlı Senatda taleyinin necə olacağı bilinmir. Bəzi senatorlar ABŞ-da 170 milyon istifadəçisi olan bu tətbiqə qarşı radikal addıma ehtiyatla yanaşırlar.

Senatda demokratik çoxluğun lideri Çak Şumer (Chuck Schumer) qəti bir söz deməyib, ancaq onu bildirib ki, Senat Palatadan gələn qanunvericiliyi nəzərdən keçirəcək.

Ağ ev isə bildirib ki, prezident Co Bayden (Joe Biden) qanun onun masasına gəlincə, ona imza atacaq.

TikTok rəhbərinin çağırışı

Səsvermədən sonra TikTok-un icraçı direktoru Şou Zi Çyu tətbiqin ABŞ-dakı istifadəçilərini mövqe bildirməyə, öz hekayələrini senatorlar ilə paylaşmağa çağırıb.

"Sizinlə qurduğumuz bu heyrətamiz platformanı qorumaq üçün leqal hüquqlarımızdan istifadə daxil olmaqla əlimizdən gələni etməyə davam edəcəyik", - o X sosial media platformasında yerləşdirdiyi videoda deyir.

Qanun layihəsinə görə, sosial şəbəkənin çinli sahibi - "ByteDance" 165 gün ərzində Amerika aktivlərini satmalıdır, əks halda TikTok ABŞ-da bloklanacaq.

Bayden özü ötən ay ikinci müddətə prezident kampaniyası çərçivəsində TikTok-a qoşulub.

AFP Çyunun Vaşinqtonda olduğunu, qanun layihəsinin irəliləməsini dayandırmağa çalışdığını yazır.

Çin isə martın 13-də xəbərdarlıq edib ki, bu addım "şübhəsiz, Birləşmiş Ştatlarda mənfi reaksiya doğuracaq".

Avropa Parlamenti süni intellektlə bağlı qanun qəbul edib

"Sora" adlı yeni intellekt süni aləti tərəfindən yaradılan video.
"Sora" adlı yeni intellekt süni aləti tərəfindən yaradılan video.

Avropa Parlamenti dünyada ilk dəfə olaraq süni intellektdən istifadəni tənzimləyən qanunu təsdiqləyib. Qanun süni intellektə əsaslanan sistemləri risk səviyyəsinə görə təsnif edir - aşağı, orta, yüksək və qəbuledilməz. Bu barədə qurumun saytında məlumat yerləşdirilib.

Yeni qanunla ictimai yerlərdə real rejimdə üztanıma və digər identifikasiya sistemləri qadağan olunur. Hüquq-mühafizə orqanlarının belə texnologiyadan istifadə edə biləcəyi ayrı-ayrı hallar isə istisna sayılır. Məsələn, itkin düşən şəxsləri axtarılması, yaxud teraktların önlənməsi bu sıraya aiddir. Belə hallarda süni intellekt sistemlərindən istifadə üçün öncədən məhkəmə, yaxud administrativ icazə lazımdır.

Yaxud polis qanun pozuntularının profilaktikası üçün proqnoz analitikası sistemlərindən istifadə edə bilməyəcək. Qanun iş yerlərində və məktəblərdə emosiyaların oxunmasını, eləcə də insan davranışını manipulyasiya edən texnologiyadan istifadəni yasaqlayır.

Süni intellekt sistemlərinin köməyi ilə hazırlanmış bütün foto və videoların üstündə müvafiq işarələnmə olmalıdır.

İndi qanunu Aİ Şurası təsdiqləməlidir. Onun mayın sonunda qüvvəyə minəcəyi gözlənilir.

update

Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədliyi ilə bağlı qətnamə qəbul etdi

Avropa Parlamentinin martın 13-də keçirilən iclasında
Avropa Parlamentinin martın 13-də keçirilən iclasında

Azərbaycan XİN Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də Avropa Parlamentində "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməyə münasibət bildirib.

XİN hesab edir ki, bu qətnamə, "sülhün təşviq edilməsi kimi təqdim olunmasına" və "Avropa İttifaqı-Ermənistan münasibətlərinə həsr olunmasına" baxmayaraq, bütün faktların saxtalaşdırıldığı Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsidir: "Avropa Parlamenti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilə əvəzinə Avropanı bürüyən daha ciddi problemlər, o cümlədən irqi ayrıseçkilik, islamofobiya, ksenofobiya, ekstremizm və miqrantlara münasibətdə qeyri-insani davranış kimi məsələlərlə məşğul olsa, daha faydalı quruma çevrilər".

+++

Avropa Parlamentinin Ermənistana Aİ üzvlüyünə namizədlik statusunun verilməsini tövsiyə edən qətnaməsi böyük səs çoxluğu ilə qəbul olunub.

Qətnamənin lehinə 504, əleyhinə dörd səs verilib. 31 millət vəkili bitərəf qalıb.

***

Avropa Parlamentinin martın 13-də keçirilən iclasında Ermənistan və Avropa İttifaqı arasında daha sıx əlaqələrin, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmasının zəruriliyinə dair qətnamə səsverməyə çıxarılmalıdır.

Sənədi Avropa Parlamentindəki Xalq Partiyası fraksiyası hazırlayıb, amma qətnamə bütün fraksiyaların təşəbbüsü kimi səsverməyə çıxarılır.

AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" yazır ki, qətnamə layihəsində Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsinin mümkünlüyü məsələsinə baxılması təklif olunur: "Əgər Ermənistan namizəd statusu almaqda maraqlıdırsa və ölkə onun demokratiyasını möhkəmləndirən stabil islahatları həyata keçirmək yolunu davam etdirərsə, bu, Aİ-Ermənistan münasibətlərinin transformasiya mərhələsi üçün baza ola bilər".

Qətnamədə Avropa İttifaqına, Avropa Komissiyasına və Avropa İttifaqı Şurasına Ermənistanın Aİ ilə əməkdaşlığının genişləndirilməsinə dəstək verilməsi üçün çağırış edilir.

Bu da vurğulanır ki, burada söhbət təkcə iqtisadi partnyorluqdan deyil, həm də siyasi dialoq, təhlükəsizlik, adamlar və başqa ölkələr arasında ünsiyyət sferalarından gedir.

Xəbərdə deyilir ki, sözügedən qətnamə, Avropa Parlamentinin başqa qətnamələri kimi, icra üçün icbari olmasa da, bu hadisə Yerevanın Avropa ailəsinə daha yaxın olmaq niyyətinə Avropadan ilk reaksiyadır.

Krasnodarda iki qızı öpüşmə videosuna görə cərimələyiblər

Lezbiyan cütlük (Foto illüstrasiya)
Lezbiyan cütlük (Foto illüstrasiya)

Krasnodarın iki sakini öpüşmə videosuna görə "LGBT təbliğatı" maddəsi üzrə cərimələnib.

19 və 24 yaşlarında iki qızın kafedə öpüşməsinin əks olunduğu video yayılandan sonra onlar inzibati məcəllənin müvafiq maddəsi, "LGBT təbliğatı" işi üzrə cərimə olunublar. Məlumatı Krasnodar diyarı məhkəmələrinin mətbuat xidməti yayıb.

Qızların hər birinə 50 min rubl (547 dollar) cərimə kəsilib. Rolik sosial şəbəkədə 2024-cü ilin fevralında yayılıb. Hakimlər qızların özlərini "ədəbsiz" aparması qənaətinə gəlib.

Polis əməkdaşları qızları saxlayandan sonra onları kamera qarşısında üzr istəməyə məcbur edib.

"Bizi LGBT tərəfdarı hesab edənlərin qarşısında üzr istəyirəm. Biz bu mövzuya qarşıyıq. Biz hansı qanunlarımızın olduğunu bilirik, belə bir şeyin baş verəcəyini gözləmirdik. Ona görə də üzr istəyirik", - qızlardan biri deyib. O, videonun bir zarafat olduğunu da sözlərinə əlavə edib.

2023-cü ilin noyabrında Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında "beynəlxalq LGBT hərəkatı"nı "ekstremist təşkilat" kimi tanıyıb. Məhkəmənin qərarı 2024-cü il yanvarın 10-dan qüvvəyə minib.

Rusiya hüquq-müdafiə təşkilatları Ali Məhkəmədən Ədliyyə Nazirliyinin iddiasını rədd etməyə çağırıb. Onların fikrincə, mövcud olmayan LGBT hərəkatının ekstremist siyahısına salınması hüquq müdafiəsi və fəalların fəaliyyətinin kriminallaşdırılması ilə sonuclanar, "öz baxışlarını açıq ifadə edən LGBT fərdlərə risk yaradar".

ABŞ Ukraynaya 300 milyon dollarlıq əlavə silah verir

Ceyk Sallivan
Ceyk Sallivan

Bayden administrasiyası Ukraynaya 300 milyon dollarlıq hərbi yardım göndəriləcəyini elan edib. Bu, son aylarda ilk yardım paketidir, nəhəng yardım layihəsi isə Konqresdə təsdiqini gözləyir.

Ağ ev Ukraynaya daha çox hərbi yardımın göndərilməsinin yollarını tapmağa çalışır. Konqresin təsdiqlədiyi yardım dekabrda tükənib.

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan (Jake Sullivan) martın 12-də jurnalistlərə deyib ki, yardımı kontraktlardan pul qənaət etmiş Pentaqon göndərəcək.

Sallivanın sözlərinə görə, bu vəsaitlə HIMARS raket sistemləri üçün artilleriya mərmiləri və sursat göndəriləcək. O, yardımın bir neçə həftəyə bəs edəcəyini vurğulayıb.

Kəşfiyyat rəsmilərinin xəbərdarlığı

Ukrayna silahlı qüvvələrinin sursat və raket çatışmazlığı yaşadığı bir vaxtda Rusiya cəbhədə hücumları intensivləşdirib. Son iki ildə Kiyevin ən böyük hərbi yardım mənbəyi olan Birləşmiş Ştatlar isə bu ölkəyə yeni silah göndərişlərini Konqresdə təsdiqlədə bilməyib.

Nümayəndələr Palatasındakı respublikaçılar Ukraynaya 60 milyard dollarlıq yardım paketinin qəbulunu əngəlləyirlər.

ABŞ kəşfiyyat rəsmiləri dünən Konqresdə deyiblər ki, Birləşmiş Ştatlar tezliklə Ukraynaya yardım göndərməsə, Kiyevin Rusiyanın irəliləməsini dayandırması çətin olacaq.

update

Vilnüsdə Navalnının yaxın adamına hücum olub

Leonid Volkov
Leonid Volkov

Martın 12-də Vilnüsdə naməlum şəxsin hücumuna məruz qalmış Leonid Volkov Rusiya prezidenti Vladimir Putinə qarşı mübarizəni davam etdirəcəyini deyir. Volkova ət çəkici ilə hücum edilib, onun qolu sınıb, digər xəsarətlər alıb.

"İşi davam etdirəcəyəm, təslim olmayacağam", - Volkov Litva paytaxtında xəstəxanadan buraxılandan sonra Telegram kanalında yaydığı videoda bildirib.

"Onlar məndən steyk düzəltmək istəyirdilər. Təbii yolla, ət çəkici ilə. Bir kişi düz evimin qarşısındakı həyətdə mənə hücum elədi", - Volkov vurğulayıb.

"Qıçıma 15 dəfə vurdu, ancaq necəsə qıçıma bir şey olmayıb. Gəzəndə incidir, ancaq deyirlər ki, sınığı yoxdur. Amma qolumu sındırdı", - deyən Volkov bunu Putinin adamlarına xas "bandit salamı" adlandırıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis hücumu "şokedici" adlandırıb.

"Leonidə hücum xəbəri şokedicidir. Müvafiq orqanlar işləyirlər. Bu cinayəti törədənlər buna görə cavab verməli olacaqlar", - Landsbergis X platformasında yazıb.

Navalnının komandası da Telegram-da xəsarət almış Volkovun, onun əzilmiş maşınının fotolarını yerləşdirib.

Volkov hücum baş verən günü, hadisədən öncə "Meduza"ya deyib ki, Navalnının ölümündən sonra öz təhlükəsizliyi sarıdan narahatlığı var.

"İndi əsas risk odur ki, hamımızı öldürəcəklər", - o deyib.

+++

Martın 12-də gecə 10 radələrində rusiyalı mərhum müxalifətçi Aleksey Navalnının yaxın adamı Vilnüsdə hücuma məruz qalıb. Navalnının qərargahlarının keçmiş rəisi Leonid Volkova naməlum şəxslər hücum ediblər. Xəbəri "The Insider" uzun müddət Navalnının mətbuat katibi işləmiş Kira Yarmışa istinadla yayıb.

Yarmışın sözlərinə görə, Volkovun maşınının şüşəsini çəkiclə qırıblar: "Onun üzünə gözyaşardıcı qaz vurublar, daha sonra Leonidi çəkiclə döyməyə başlayıblar".

"Agentstvo"ya müsahibəsində Yarmış deyib ki, Volkov özünü hücum edənlərdən maşının qapısı və ayaqları ilə qorumağa çalışıb: "Ona görə də harasına gəldi, ayaqlarına vurublar".

Volkov xəstəxanaya yerləşdirilib.

Polis təsdiqləyir

Hücum Volkovun Litva paytaxtının kənarında yaşadığı evin yaxınlığında baş verib. Vilnüs polisi hücum faktını təsdiqləyib, Volkovun soyadı göstərilməyən məlumatda deyilir ki, Rusiya vətəndaşına hücum edilib. Hadisənin hər hansı versiyası açıqlanmır.

Navalnının digər silahdaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov da hücumun fəsadlarını göstərən fotolar yayıb. Fotolarda Volkovun başından xəsarət aldığı, ayaqlarının qan içində olduğu görünür.

"Hücum evin yaxınlığında baş verib. Çəkiclə ayaqlarına vurublar, əllərini tutublar", - Jdanov yazıb. O daha sonra Volkovun xəstəxanaya yerləşdirildiyini qeyd edib, siyasətçinin xərəkdə təcili yardım maşınına aparılmasının fotosonu yayıb.

Seçki günü aksiyası

Fevralın 16-da Rusiya hakimiyyəti Navalnının uzaq "Qütb ayısı" koloniyasında vəfatı barədə açıqlama yayıb. Onun təbii səbəblərdən öldüyü açıqlanıb. Siyasətçinin tərəfdarları onun öldürüldüyünü düşünürlər.

Rusiya prezident seçkiləri ərəfəsində Navalnının silahdaşları "Günorta Putinə qarşı" etiraz aksiyasına hazırlaşdıqlarını elan ediblər. Müxalifətçinin komandası martın 17-də səsvermə məntəqələrinə getməyə çağırıb.

"Putindən başqa istənilən namizədə səs verə bilərsiniz. Bülleteni korlaya bilərsiniz. Orada iri hərflərlə "Navalnı" yaza bilərsiniz", - Navalnının xanımı Yuliya deyib.

Leonid Volkov isə bu aksiya barədə danışarkən onda iştirakı "Aleksey Navalnının siyasi vəsiyyəti" adlandırıb.

update

Paşinyan: 'Azərbaycanın tələb etdiyi dörd kənd de-yure Ermənistan ərazisi deyil'

Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün - martın 12-də deyib ki, Tavuş vilayətinin hansısa kəndinin Azərbaycana verilməsi söhbəti heç vaxt olmayıb, olmayacaq da.

"Hər dəfə Azərbaycan mətbuatında bu kəndlərin adları çəkilir, Ermənistan ərazisində heç vaxt belə adlarla kəndlər olmayıb", - Paşinyan vurğulayıb.

Ermənistanın baş naziri etiraf edib ki, Azərbaycanın qaytarılmasını tələb etdiyi dörd kənd – Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Almatı Bəyannaməsinə görə, de-yure Ermənistan ərazisi deyil.

Azərbaycanın bu kəndləri 1990-cı illərdən bəri Ermənistanın nəzarətindədir.

AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun" yazır ki, Ermənistan və Gürcüstan arasında dövlətlərarası yol və Ermənistana daxil olan qaz kəməri bu ərazidən keçir.

Paşinyan deyib ki, sözügedən kommunikasiyaların de-yure Ermənistan ərazisinə düşməsi üçün onların yenidən qurulmasına ehtiyac var. "Bu səbəbdən yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Ermənistandakı bütün kommunikasiyaların onun ərazisindən keçdiyinə əmin olmalıyıq ki, bizim bu sahədə problemimiz olmasın", - Ermənistan baş naziri əlavə edib.

Baş nazir delimitasiyanın Tavuş ərazisindən başlanacağını da istisna etməyib.

Azərbaycanla ərazilərin dəyişdirilməsinə gəlincə, Paşinyan bildirib ki, belə imkanlar azdır: "Bu, təhrif oluna və ya əlavə risklərə səbəb ola bilər".

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması, sərhədlərin üç prinsip əsasında demarkasiyası Yerevan üçün prioritetdir. Həmin prinsiplər isə bunlardır: Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü 1991-ci il Almatı bəyannaməsi əsasında tanısın. Almatı deklarasiyası sərhədlərin demarkasiyası üçün siyasi əsas olsun və yeni sərhədlər yaradılmasın. Regional kommunikasiyalar suverenlik, yurisdiksiyaya hörmət, bərabərlik və qarşılıqlılıq prinsiplər əsasında açılsın.

Tavuş vilayətinin sərhəd kəndindən Azərbaycanla sərhəddəki su anbarına baxış.
Tavuş vilayətinin sərhəd kəndindən Azərbaycanla sərhəddəki su anbarına baxış.

Bakı Ermənistanın dörd kənddən çıxmasını tələb edir, Yerevan...

Martın 7-də sərhəd komissiyalarının görüşündən ikicə gün sonra rəsmi Bakı bildirib ki, Ermənistanın işğal etdiyi dörd eksklav olmayan kənd (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

Bu barədə Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın rəhbəri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisi məlumat yayıb. Qeyd olunub ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan dörd eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.

AzadlıqRadiosunun erməni xidməti –"Azatutyun" yazır ki, Azərbaycan da 1990-cı illərin əvvəlində Ermənistanın daha böyük anklavını, eləcə də sərhəd icmalarına məxsus kənd təsərrüfatı sahələrini tutub.

Ermənistan hökuməti bildirir ki, beynəlxalq miqyasda tanınmış ərazisinin 200 kvadrat kilometri hazırda Azərbaycanın nəzarətindədir, Azərbaycan anklavlarının həmin ərazilərə dəyişdirilməsinin, digər kompromis həll variantlarının müzakirəsinə hazırdır.

Ş.Mustafayevin ofisi isə bildirib ki, Azərbaycan heç vaxt Ermənistan ərazisini işğal etməyib, dörd kəndin "dərhal azad olunması" isə tərəflər sərhədlərin delimitasiyası və demarkasiyasına başlamazadan öncə baş verməlidir.

Xəritə mübahisəsi - Bakı ilə Yerevanın əlində fərqli xəritə var?
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Xəritə mübahisəsi

Yerevan sərhədlərin müəyyənləşdirilməsi üçün keçmiş sovet hərbi xəritələrindən istifadədə israrlıdır. Azərbaycan prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, Bakı bu təklifi rədd edir, çünki bu xəritələrdən istifadə olunması Ermənistana sərf edir, "məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi".

Sərhəd mübahisəsi hazırda Azərbaycanla Ermənistanın sülh sazişi imzalanmasında əsas əngəl sayılır. Xarici işlər naziri Ararat Mirzoyan ötən həftəsonu Türkiyə dövlət televiziyasına müsahibəsində deyib ki, Bakı 1991-ci il Almatı bəyannaməsinə hər hansı istinada qarşı çıxır. Həmin sənəd yeni yaranmış keçmiş sovet respublikalarının sovet dövrü sərhədlərini təsdiqləyirdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib, separatçı rejim buraxılıb, liderləri saxlanaraq Bakıya gətirilib. Bakı ilə Yerevan sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Ramazanın ilk günü Qəzzada azı 67 fələstinlinin öldürüldüyü bildirilir

Fələstinlilər Qəzza zolağının Rəfah şəhərində İsrailin hava hücumları nəticəsində dağıdılan məscidin qarşısında dua edirlər.
Fələstinlilər Qəzza zolağının Rəfah şəhərində İsrailin hava hücumları nəticəsində dağıdılan məscidin qarşısında dua edirlər.

Martın 11-də Qəzzadakı fələstinlilər Ramazan ayında oruc tutmağa başlayıblar. Budəfəki orucluq ayı regionda humanitar böhranın və aclığın dərinləşdiyi, İsrailə təzyiqin artdığı bir vaxta təsadüf edir.

Birləşmiş Ştatlar, Qətər və Misir bu ayda atəşkəs əldə olunacağına, israilli girovlar və fələstinli məhbusların buraxılacağına ümid edirdi. Ancaq ötən həftə atəşkəs danışıqları dayandı.

Qəzzanın səhiyyə nazirliyi bildirir ki, son 24 saat ərzində xəstəxanalara İsrailin zərbələrindən həlak olmuş 67 nəfərin meyiti aparılıb. Bununla da müharibə başlayandan öldürülən fələstinlilərin sayı 31 min 112 nəfərə çatıb. Nazirlik ölənlərin neçəsinin dinc sakin, neçəsinin döyüşçülər olduğunu dəqiqləşdirmir, onların üçdə ikisinin qadınlar və uşaqlar olduğunu bildirir.

Qəzzada müharibə ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlanıb, min 200 nəfər öldürülüb, 250 nəfər girov götürülüb. HƏMAS-ın əlində 100-dək girovun qaldığı güman edilir.

Beş aydır davam edən müharibə nəticəsində Qəzzanın 2.3 milyon əhalisinin 80 faizə yaxını evlərindən didərgin düşüb, yüz minlərlə insan aclıq həddinə yaxınlaşıb.

'Mariupolda 20 gün' 'Oskar' aldı

"Oppenheymer" filminə görə "ən yaxşı kişi rolu" Oskarının sahibi Killian Mörfi və "Mariupolda 20 gün" filminə görə "ən yaxşı sənədli film" nominasiyasında Oskar laureatı Mstislav Çernov
"Oppenheymer" filminə görə "ən yaxşı kişi rolu" Oskarının sahibi Killian Mörfi və "Mariupolda 20 gün" filminə görə "ən yaxşı sənədli film" nominasiyasında Oskar laureatı Mstislav Çernov

Martın 10-da Los-Ancelesdə 96-cı "Oskar" kino mükafatı mərasimi keçirilib. Kristofer Nolanın "Oppenheymer" ekran işi "ən yaxşı film", Mstislav Çernovun "Mariupolda 20 gün" əsəri isə "ən yaxşı sənədli film" kateqoriyasında mükafata layiq görülüb. Xayao Miyadzakinin "Oğlan və quş" filmi isə "ən yaxşı multfilm" seçilib.

Çernovun filmi Rusiyanın Ukraynaya qarşı işğalının ilk günləri, xüsusilə Mariupolun mühasirəsi haqdadır. Rejissor deyib ki, "Rusiyanın Ukraynaya heç vaxt hücum etməməsi naminə bu mükafatı verərdi". Çernov bunun Ukrayna tarixində ilk "Oskar" olduğunu da vurğulayıb. İndiyədək "Mariupolda 20 gün" bir neçə beynəlxalq mükafata layiq görülüb.

"Oppenheymer" rejissor işi, operator işi, montaj, saundtrekə görə də ümumilikdə yeddi nominasiya üzrə qalib olub. Killian Mörfi baş rola, oğul Robert Dauni isə ən yaxşı ikinci dərəcəli rola görə mükafata layiq görülüb.

Emma Stoun "ən yaxşı aktrisa" roluna görə qalib olub.

Mərasimdə ötən il "Oskar" almış "Navalnı" sənədli filmindən fraqment göstərilib.

Prezident Vladimir Putinin sərt tənqidçisi olan Navalnı fevralda Rusiyada koloniyada vəfat edib.

Ötən il İranda yüzlərlə qadın saxlanılıb

İran təhlükəsizlik əməkdaşları baş örtüyü pozuntularına qarşı küçələrdə patrul çəkir.
İran təhlükəsizlik əməkdaşları baş örtüyü pozuntularına qarşı küçələrdə patrul çəkir.

Ötən il İranın təhlükəsizlik agentlikləri 300-dən çox qadını siyasi və ideoloji səbəblərlə saxlayıb, azı 100 qadın müxtəlif ittihamlarla həbs oluna bilər. Bunu "Hengaw" insan haqları təşkilatı bildirir.

Qurumun martın 8-də yaydığı hesabatda deyilir ki, 2023-cü ildə İranın təhlükəsizlik qüvvələri azı 325 qadını saxlayıb. Onların sırasında fərqli qrup təmsilçiləri, azı 18 tələbə, 17 jurnalist və media fəalı, 10 rəssam və aktyor, yeddi müəllim var.

İttihamlar

HRANA adlı başqa bir insan haqları təşkilatı isə elə həmin gün baxışlarına görə hazırda həbsdə olan 113 qadının kimliyini açıqlayıb.

Qadınlara qarşı ittihamlara "sistemə qarşı propaqanda", "birləşmə və gizli iş birliyi", "dünyada korrupsiyanı yayma" və "casusluq" daxildir. İttihamlar ağır cərimələr, ömürlük, yaxud uzunmüddətli həbs cəzaları ilə nəticələnib.

"Hengaw" 2023-cü ildə İranda qadın fəallara qarşı məhkəmə prosedurlarına da işıq salıb. Qeyd olunur ki, azı 147 qadın fəal İran ədliyyə sisteminin mühakiməsinə məruz qalıb. Çıxarılan hökmlərə həbs, şallaq, bir halda isə ölüm cəzası daxildir.

Şallaq cəzası

Ümumilikdə 139 qadın fəal 553 il və 10 aylıq həbsə məhkum edilib. 10 nəfər isə həbs cəzasından başqa 557 şallağa da məhkum olunub ki, bu da İranda qadın fəallara sərt cəzaların kəsildiyini göstərir.

2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmini guya hicab qaydasını pozduğuna görə saxlanandan və polis nəzarətində vəfat edəndən sonra İranı etirazlar bürüyüb, qadınlara daha çox azadlıqlar tələb olunub. Ədliyyə sistemi deputatların dəstəyi ilə etirazlara sərt reaksiya verib.

Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb. Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri məhkəmələri "saxta" adlandırıb.

ABŞ səfirliyi Moskvada hücumlarla bağlı xəbərdarlıq edib

Moskvada ABŞ səfirliyi
Moskvada ABŞ səfirliyi

Moskvadakı ABŞ səfirliyi martın 7-də axşam vebsaytında amerikalılar üçün təhlükəsizlik xəbərdarlığı yerləşdirib. Səfirlik bildirir ki, növbəti iki gün ərzində Rusiya paytaxtında izdihamlı yerlərə hücumlar ola bilər.

"Səfirlik ekstremistlərin Moskvada izdihamlı yerləri, o cümlədən konsertləri hədəfə almaq planları barədə məlumatları araşdırır. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində izdihamlı yerlərə getməmək tövsiyə olunur", - xəbərdarlıqda deyilir.

Əlavə informasiya açıqlanmayıb.

ABŞ səfirliyinin xəbərdarlığını Britaniyanın Xarici İşlər İdarəsi də vebsaytında yerləşdirib.

Dövlət Departamenti isə Rusiyaya səyahətlərin təhlükə dərəcəsini maksimum dördüncü səviyyəyə qaldırıb. Bu haqda "Kommersant" yazır.

Rusiya hakimiyyəti informasiyanı şərh etməyib. AzadlıqRadiosunun rus xidməti martın 8-nə Moskvada Beynəlxalq Qadınlar günü münasibətilə çoxsaylı tədbirlərin planlaşdırıldığını yazır.

Yerevan Bakı ilə sülh sazişində böyük proqres olmadığını deyir

Ararat Mirzoyan
Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 7-də deyib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla ötən həftə Berlində ikigünlük danışıqlarda sülh sazişi üzərində əhəmiyyətli proqres əldə olunmayıb.

Mirzoyanın sözlərinə görə, Yerevan sovet dövrü sərhədlərinin 1991-ci il bəyannaməsi əsasında qarşılıqlı tanınmasında israr edir. Söhbət Ermənistan, Azərbaycan və digər eks-sovet respublikalarının imza atdığı Almatı deklarasiyasından gedir. Mirzoyan deyib ki, bu iki cənubi Qafqaz ölkəsi sərhədlərini müvafiq şəkildə delimitasiya etməli, öz ərazilərindən keçən bütün tranzit marşrutları üzrə tam nəzarəti saxlamalıdırlar.

"Azərbaycanla bu mövzular üzrə işi davam etdiririk, proqres olarsa, sizə informasiya veriləcək", - Mirzoyan Ermənistanda səfərdə olan kiprli həmkarı Konstantinos Kombosla birgə mətbuat konfransında söyləyib.

Xəritə mübahisəsi

Yerevan sərhədin delimitasiyası üçün 1970-ci illərin sovet hərbi xəritələrindən istifadə olunmasında israr edir. Azərbaycan prezidenti İlham Əliyev isə yanvarın 10-da yerli telekanallara müsahibəsində deyib ki, Bakı sərhədin delimitasiyası üçün belə təklifi rədd edir, çünki bu xəritələrdən istifadə olunması Ermənistana sərf edir, "məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi".

Almaniyalı şərhçi: 'Berlin Bakı və Yerevan arasında yaxşı vasitəçi ola bilər'
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyan isə Bayramovla Mirzoyanın bəzi məsələlər üzrə müəyyən proqresə nail olduğunu bildirib.

"Buna baxmayaraq, (Ermənistan-Azərbaycan sülh sazişini) imzalamağın mümkün zaman çərçivəsi barədə danışa bilmək kimi bir irəliləyiş baş versəydi, rəsmi bəyanatlar olardı. İndiki vəziyyətdə, düşünürəm ki, əlavə işə, yeni görüşlərə ehtiyac var", - Xandanyan vurğulayıb.

Görüşdən sonra verilən bəyanatlar

Ermənistanın Xarici İşlər Nazirliyi Berlin danışıqlarından sonra verdiyi bəyanatda bildirib ki, nazirlər açıq məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.

Azərbaycan XİN isə bildirib ki, fevralın 28-i və 29-da danışıqlarında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib, bəzi əsas məsələlər üzrə əlavə işə ehtiyac olduğu vurğulanıb.

Fevralın 17-də Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Münxendə bir araya gəliblər. Paşinyan bundan sonra deyib ki, Azərbaycan Ermənistan ərazisini birmənalı tanımağa könülsüz yanaşır, onun ölkəsinə qarşı hərbi təcavüz planlaşdırır. Əliyev isə Bakının Ermənistanı işğal etmək planları olmadığını söyləyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib, separatçı rejim buraxılıb, liderləri saxlanaraq Bakıya gətirilib. Bakı ilə Yerevan sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Bayden Trampı kəskin tənqid edir, Putinə baş əyməyəcəyini deyir

Co Bayden
Co Bayden

ABŞ prezidenti Co Bayden (Joe Biden) martın 7-də televiziya çıxışında seçkidə respublikaçılardan potensial rəqibi Donald Trampı (Donald Trump) Rusiya prezidenti Vladimir Putinə "boyun əydiyinə görə" kəskin tənqid edib. O, Konqresi Ukraynaya yardımı təsdiqləməyə çağırıb, dünyada demokratiyanın təhdid altında olması ilə bağlı xəbərdarlıq edib.

Konqresdəki ənənəvi "Ölkənin vəziyyəti" adlı çıxışı on milyonlarla amerikalı izləyib.

Bayden Trampın ABŞ-ın lideri olduğu NATO müdafiə alyansı barədə son sözlərini pisləyib, onu respublikaçılardan keçmiş prezident Ronald Reyqanla (Ronald Reagan) müqayisə edib.

"Rusiya liderinə baş əymək..."

Tramp ötən ay seçki kampaniyası vaxtı deyib ki, vəzifədə olanda NATO müttəfiqinə xəbərdarlıq edib. Ona deyib ki, alyans üzvləri müdafiə xərclərinə əməl etməsələr, Rusiyanı istədiklərini etməyə həvəsləndirəcək.

Bu isə Trampın noyabrda seçkini udacağı halda, Birləşmiş Ştatları NATO-dan çıxara biləcəyi sarıdan qorxu yaradıb.

"Rusiya liderinə baş əymək biabırçılıq, təhlükəli və qəbuledilməzdir", - deyən Bayden respublikaçıların fəxrlə xatırladığı Reyqanın Soyuq müharibə dövründə Kremlə qarşı necə dayanmasını yada salıb.

Bayden NATO-nun həmişəkindən güclü olduğunu deyib, İsveçin baş naziri Ulf Kristerssonun da onun çıxışını dinlədiyini vurğulayıb.

İsveç martın 7-də NATO-nun 32-ci üzvünə çevrilməklə 200 illik birləşməmə erasına son qoyub. Rusiya 2022-ci ildə Ukraynanı işğal etməyə başlayanda İsveç müdafiə alyansına qoşulmaq üçün müraciət edib.

"Ukraynanın yanında olsaq..."

Bayden Konqresi Ukraynaya yardım paketini qəbul etməyə çağırıb, xəbərdarlıq edib ki, Putin Ukrayna sərhədində dayanmayacaq.

Nümayəndələr Palatasındakı sağ-qanad respublikaçılar bir neçə aydır 60 milyard dollarlıq yardım paketinin qəbulunu əngəlləyirlər. Hazırda Ukrayna qüvvələrinin ABŞ sursat və silahı azalır və Rusiya iki illik müharibədə təşəbbüsü ələ alır. Ötən ay Rusiya şərqi Avdeyevka şəhərini tutub.

"Ukraynanın yanında olsaq və özünü müdafiə etməsi üçün silahları versək, Ukrayna Rusiyanı dayandıra bilər", - Bayden deyib.

"Prezident Putinə mesajım sadədir. Biz çıxıb getməyəcəyik. Biz boyun əyməyəcəyik. Mən boyun əyməyəcəyəm", - Bayden vurğulayıb.

Bayden Trampı 2020-ci ildə seçkinin nəticələrini dəyişdirmək cəhdinə görə tənqid edib, belə səylərin ölkədə demokratiyaya ağır təhdid yaratdığını söyləyib.

"Ölkəni yalnız qalib gələndə sevə bilməzsən", - ABŞ prezidenti deyib.

Baydenin builki müraciəti noyabr seçkisinə görə daha böyük əhəmiyyət daşıyır. Bu çıxış onun seçkiöncəsi amerikalı seçicilərinə xitab üçün ən böyük fürsəti sayıla bilər.

Baydenin reytinqi, yaşı...

Tramp martın 5-də 15 ştatdan 14-də praymeriz seçkilərini udub, respublikaçılardan prezidentliyə namizəd olmaq şansını möhkəmləndirib. Bayden 2020-ci ildə Trampı məğlub etmişdi, amma bu il reytinqi aşağı olduğundan onu daha sərt mübarizə gözləyir.

"Pew" tədqiqat mərkəzinin yanvarda açıqladığı sorğuya görə, amerikalıların cəmi 33 faizi Baydenin işini bəyənir, 65 faizi bəyənmir. Son iki ildə prezidentin işini bəyənmə faizi 40-dan aşağı olub.

81 yaşlı Bayden ABŞ tarixində ən yaşlı prezidentdir və bu məsələ də narahatlıq yaradır. Seçicilərin üçdə ikisi onu ikinci müddətə ölkəni idarə etmək üçün çox yaşlı sayır.

Ötən ay xüsusi müşavirin hesabatında prezidentin yaddaşı ilə bağlı suallar yer alıb, bu da onun ölkəni daha dörd il idarə etməsi üçün zehni qabiliyyəti ilə bağlı narahatlığı gücləndirib.

Elə bu çıxışında da Baydenin fiziki durumu diqqətlə izlənirdi. Ancaq bir saatdan çox çəkən çıxışını qıvraq şəkildə çatdırıb, ciddi səhvə yol verməyib.

Sandu: Rusiya Moldovada sabitliyi pozmaq istəyir

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında görüşdən əvvəl Moldova prezidenti Maya Sandu ilə salamlaşır. 2022
Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında görüşdən əvvəl Moldova prezidenti Maya Sandu ilə salamlaşır. 2022

Martın 7-də Fransa ilə müdafiə paktı imzalamağa hazırlaşan Moldovanın prezidenti Maya Sandu deyir ki, Moskva onun ölkəsində sabitliyi pozmağı, bu cənub-şərqi Avropa ölkəsini prezident seçkisi və Avropa İttifaqına üzvlüklə bağlı referendum öncəsi Avropaya inteqrasiya cığırından çıxarmağı planlaşdırır.

Sandunun bəyanatı ilə eyni vaxtda Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidməti (SIS) hesabat yayaraq Rusiyaya Moldovaya qarşı planları ilə bağlı sərt xəbərdarlıq edib. "Detallara görə, 2024 və 2025-ci illərin strategiyasında kəşfiyyat xidmətlərinə, mütəşəkkil qruplara və Kremlin rəhbərliyinə bağlı rusiyayönümlü siyasi aktorlara dəstək nəzərdə tutulur", - SIS başçısı Aleksandru Musteata bildirib.

"Moskvanın nə istədiyini hamımız anlayırıq. Moskva Moldovada sabitsizlik yaratmaq istəyir. Moskva Moldova vətəndaşlarını qorxutmaq istəyir, xüsusilə də bizim Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı referendum keçirə biləcəyimiz bu ildə. Azından bu mənim təklifimdir, Moldova parlamentinin bunu dəstəkləyəcəyinə ümid edirəm", - Sandu martın 6-da "Digi24 TV"yə deyib və Parisə yola düşüb.

Sandu yenidən prezident ola biləcəkmi...

Qərbyönümlü Sandunun dövründə Moldova Rusiyadan Avropaya doğru sərt dönüş edib. O bu ilin sonunda yenidən prezidentlik uğrunda mübarizə aparacaq. 2020-ci ildə isə Moskvanın dəstəklədiyi İqor Dodonu məğlub etmişdi.

Sandu daha öncə deyib ki, prezident seçkisi ilə Aİ-yə üzvlük referendumunun birlikdə keçirilməsini istərdi. 2022-ci ildə Moldova 27 üzvü olan blokla üzvlük danışıqlarına başlamağa dəvət olunub.

Sandunun sözlərinə görə, Moldovanı Rusiyanın potensial hücumundan şərq qonşusu Ukrayna qoruyur. Kiyev iki ildir Rusiyanın təcavüzünə qarşı mübarizə aparır.

Fransa prezidenti Emmanuel Makron Sandu ilə müdafiə və iqtisadi əməkdaşlıq paktı imzalamalıdır.

Rusiya Ukraynada azı iki il də savaşa bilər

Prezident Vladimir Putin Rusiya və Belarus hərbçilərinin hərbi təlimlərini seyr edir.
Prezident Vladimir Putin Rusiya və Belarus hərbçilərinin hərbi təlimlərini seyr edir.

Neftin qiymətinin yuxarı olması, sanksiyalardan yayınma, dövlət investisiyası Rusiyaya Ukraynada müharibəni indiki intensivliklə azı iki il də davam etdirməyə yetərincə resurs verir. Bunu Litvanın kəşfiyyat idarələri martın 7-də yaydıqları hesabatda bildirirlər.

Rusiya 2023-cü ildə Ukraynadakı müharibədə yorulmuş ordusunda islahat aparıb və onu gücləndirib, hazırda isə NATO ilə sərhəd boyunca, o cümlədən ötən il alyansa üzv olmuş Finlandiya yaxınlığında hərbi gücünü genişləndirir.

Dərs çıxarmaq

"Moskva öyrəndiklərindən dərs çıxarmağa, döyüş effektivliyini yaxşılaşdırmağa qadirdir", - Litva qurumları hesabatda bildirirlər.

Rusiyanın müdafiə naziri martın 5-də bəyan edib ki, ölkə sərhədləri boyunca NATO qüvvələrinin gözlənən güclənməsinə cavab olaraq şimalda və qərbdə hərbi qüvvələrini möhkəmləndirir.

Rusiya və Belarusla həmsərhəd olan Litva vaxtilə Moskvanın nəzarətində olub, hazırda NATO və Avropa İttifaqının üzvüdür.

Litvanın kəşfiyyat orqanları yazırlar ki, Ukraynanın işğalı başlayandan sonra Rusiya kəşfiyyatı ölkənin müdafiə sənayesinə sanksiyalardan yayınmaq üçün səyləri artırır.

Çin

İran və Şimali Koreya Rusiyanı açıq şəkildə silah-sursatla təchiz edir. Çin isə mikrosxemlərin ən böyük təchizatçısına, yuan Rusiyanın beynəlxalq transaksiyalarında əsas valyutaya çevrilib, - hesabatda belə deyilir.

O da vurğulanır ki, 2023-cü ildə Belarusda müharibə başlıqları yerləşdirən Rusiya orada onlardan istifadə üçün infrastruktur da qurur.

Hesabata görə, Rusiya və Belarusun kəşfiyyat orqanları sərhədi keçən litvalıları ələ almaq səylərini artırıb. Litva 2023-cü ildə pul qarşılığında Belarus kəşfiyyatına məlumat ötürən bir neçə vətəndaşını saxlayıb.

Çinə gəlincə, bu ölkənin 2023-cü ildə Litvada casusluq səylərini gücləndirdiyi deyilir. Litva 2021-ci ildə Tayvanın de-fakto səfirlik açmasına qərar verib.

Çinə bağlı kiberqrupların məlumat ələ keçirməkdən ötrü Litvanın hökumət qurumlarının şəbəkələrinə nüfuz edərək zəif yerləri axtardığı vurğulanır.

Tehran transgenderləri bəzi yerlərə getməməyə çağırır

Transgender rəmzi
Transgender rəmzi

Tehran şəhər Şurasının sözçüsü transgender şəxslərin paytaxtın müəyyən yerlərinə yığışmalı olduğunu deyib. Bu isə İranda LGBT icmasının üzləşdiyi məhrumiyyətləri göstərir.

Əlireza Nadali martın 4-də brifinqdə deyib ki, transgender fərdlər Vəliəsr meydanı kimi kütləvi yerlərə getməməli, "inklüziv" yerlərə yığışmalıdır.

"Biz məsələni palazın altına süpürmürük, onlar üçün inklüziv məkan olmalıdır, belə gur ərazilər deyil", - Nadali vurğulayıb.

İkili həyat

İranda LGBT icmasının əksər üzvləri seksual oriyentasiyasını gizlətməli olur, çox vaxt ikili həyat yaşayır. Onlar ölkənin mühafizəkar rəhbərliyinin, həmçinin onları xəstə sayan cəmiyyətin təqiblərindən ehtiyatlanırlar.

Nadali transgender fərdlər barədə "xüsusi" fiziki və psixoloji vəziyyəti olan şəxslər kimi danışıb. Bu isə İranda LGBT icmasının üzləşdiyi institusional çətinlikləri üzə çıxarır.

Bu açıqlamadan təxminən iki ay öncə bir ata 17 yaşlı oğlunu "qadınsayağı" davranışı və makiyajına görə öldürdüyünü etiraf edib. O, ictimaiyyət arasında utandığını deyib, hamının onları barmaqla göstərdiyini iddia edib.

Davamlı təzyiq formaları

İslam respublikasında cinsi azlıq üzvlərinin öz ailələri tərəfindən zorakılığa məruz qalması qeyri-adi hadisə deyil. Rəsmilər isə onları "qeyri-insani", "xəstə" kimi terminlərlə aşağılayır, homofobik əhvalı qızışdırır.

Bu yaxınlarda Tehranda "Şəhər teatrı" deyilən ərazidə baryerlər ucaldılıb, transgenderlərin oraya getməməli olduğu bildirilib. Ərazidə hicaba nəzarət edən keşikçilərin sayı da artıb.

İranda bir tərəfdən gender dəyişdirilməsi üzrə hüquqi mexanizmlər nəzərdə tutulsa da, digər tərəfdən transgenderlərin hüquqları məhdudlaşdırılır.

2020-ci ildə keçirilmiş bir sorğuda LGBT üzvlərinin 62 faizi deyib ki, yaxın ailə üzvlərinin bir və daha çox formada zorakılığına məruz qalıb.

update

Lavrov Mirzoyanla nədən danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan Skopyedə görüşür.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ararat Mirzoyan Skopyedə görüşür.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 5-də ermənistanlı həmkarı Ararat Mirzoyana zəng edib. Bundan üç gün öncə Lavrov Yerevana Qərbə oriyentasiyasının fəsadları ilə bağlı açıq xəbərdarlıq etmişdi.

Rusiya XİN-in martın 6-da yaydığı məlumatda deyilir ki, xarici işlər nazirləri ikitərəfli və regional gündəmlə bağlı aktual məsələləri, o cümlədən Ermənistan-Azərbaycan normallaşma prosesini, ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Nazirliyin sözçüsü Mariya Zaxarova rəsmi TASS xəbər agentliyinə müsahibəsində Rusiyanın Ermənistanla gələcək münasibəti barədə nikbin danışıb. Zaxarova deyib ki, bir qrup ermənistanlının Rusiya hökumətinin təşkil etdiyi beynəlxalq gənclər festivalında iştirakı onu ürəkləndirir.

Lavrovun sərt ritorikası

İki ölkə arasında gərginliyin artması fonunda Lavrovla Mirzoyan həftəsonu Türkiyənin Antalya şəhərində beynəlxalq təhlükəsizlik forumunda bir araya gəlməyib. Lavrov isə orada keçirdiyi mətbuat konfransında Ermənistan hökumətinə sərt xəbərdarlıq edib.

Lavrov demişdi ki, əgər Yerevan Moskvadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq kursunu bundan sonra da davam etdirərsə, Rusiya Ermənistanla münasibətlərinə ciddi şəkildə yenidən baxmalı olacaq. Onun sözlərinə görə, Moskva Yerevanın Rusiya-Ermənistan münasibətlərinin gələcəyi ilə bağlı "yekun" qərarını gözləyir. Lavrov Yerevanı altı həftəlik müharibəni dayandırmış Rusiyaya münasibətdə nankorluqda ittiham edib.

O gileylənib ki, ötən ayın sonunda Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi elçisi İqor Xovayev Bakıya yenidən gəlib, Ermənistan rəhbərləri isə onu qəbul etməyə könülsüz yanaşıb. Nazirin fikrincə, bu yanaşma baş nazir Nikol Paşinyanın xarici siyasətində Qərbə meyllənməsinin göstəricisidir.

Son aylar Paşinyan hökuməti Rusiyanın Azərbaycan-Ermənistan sülh danışıqlarını təşkil etmək cəhdlərini rədd edərək danışıqlar prosesində Qərbin vasitəçiliyinə üstünlük verib. Rusiya rəsmiləri deyirlər ki, ABŞ və Avropa İttifaqı münaqişənin həllindən çox, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına çalışırlar.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Ancaq Ermənistanla sülh sazişi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb.

Ağ ev: Ukrayna heç vaxt əcnəbi əsgər istəməyib

Con Körbi
Con Körbi

Ukrayna prezidenti Volodimir Zelenski heç vaxt Rusiya işğalına qarşı Qərb əsgərləri istəməyib. Bunu Ağ ev martın 5-də bildirib. Fransa prezidenti Emmanuel Makron bundan öncə həmin ideyanı istisna etməmişdi.

"Prezident Zelenski bunu xahiş etmir, o, alətlər və bacarıqlar istəyir. O, heç vaxt ölkəsi üçün savaşmağa xarici əsgər istəməyib", - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib.

Makron isə martın 5-də bildirib ki, ötən həftə dediklərinin üstündə tam durur. Onun Ukraynaya Qərb qoşunları göndərməyi istisna etməməsi bütün Avropaya səs salıb.

"Qorxaq olmamalıyıq"

O həmçinin qeyd edib ki, Ukraynanın müttəfiqləri bu ölkəni dəstəkləməyə qorxaq yanaşmamalıdır.

"Avropada elə bir məqama yaxınlaşırıq ki, qorxaq olmamalıyıq. İnanıram ki, ölkələrimiz Avropada nə baş verdiyini, müharibənin torpağımıza qayıtdığını bilir", - Makron Çexiya Respublikasına səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu təhdid qarşısıalınmazdır, "hər gün" Avropa ölkələrinə yayılır.

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin isə "RIA Novosti" agentliyinə deyib ki, Makronun sözləri Avropa liderlərinin məsuliyyətsizliyini, onların dünyanı nüvə müharibəsinə sürüklədiyini göstərir.

Müttəfiqlərin reaksiyası

Makronun fevralın 26-da verdiyi bəyanatdan sonra bir çox Avropa müttəfiqləri Ukraynaya qoşun göndərməyəcəyini bildirib.

Fransa rəsmiləri Makronun dediyini aydınlaşdırmağa, tənqidi azaltmağa çalışsalar da, onu da qeyd ediblər ki, Rusiyaya Ukraynada qalib gələ bilməyəcəyinə dair aydın siqnal göndərmək vacibdir.

Onların sözlərinə görə, Ukraynaya Rusiya qüvvələri ilə savaşmağa deyil, ərazilərin minalardan təmizlənməsi əməliyyatları üçün qüvvələr göndərilə bilər.

Almaniyanın müdafiə naziri Makronun dediyini "faydasız" adlandırıb.

"Bizə gerçəkdən də... quru qüvvələri, yaxud daha çox, yaxud az cəsarət barədə müzakirələr lazım deyil", - Boris Pistorius söyləyib.

'Super çərşənbə axşamı'nda Bayden və Tramp qalib gəliblər

D.Tramp/C.Bayden
D.Tramp/C.Bayden

Martın 5-də ABŞ-ın 15 ştatında ilkin partiya seçkiləri keçirilib. Praymeriz seçkilərində Demokratlar və Respublikaçılar partiyalarından prezidentliyə mümkün namizədlər mübarizə aparırlar.

İlkin nəticələrə görə, 15 ştatdan 13-də Respublikaçılar partiyasından qalib eks-prezident Donald Tramp (Donald Trump) olub. Onun rəqibi, Cənubi Karolina ştatının keçmiş qubernatoru, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli (Nikki Haley) isə yalnız Vermont ştatında qalib gəlib. Alyaskada səsvermənin nəticələri şərqi Amerika vaxtı ilə səhər bilinəcək.

İkinci müddətə prezidentlik uğrunda mübarizə aparan indiki prezident Co Bayden (Joe Biden) səsvermə keçirilən ştatların hamısında qələbə qazanıb. Onun isə nominasiya uğrunda ciddi rəqibi yoxdur.

Tramp və Baydenin çağırışları

"Super çərşənbə axşamı" bir neçə aylıq praymeriz prosesində vacib hadisə sayılır. Bir qayda olaraq, həmin gün iki əsas partiyadan prezidentliyə kimin namizəd olacağı aydınlaşır. N.Heyli üçün uğursuz nəticə praktik olaraq D.Trampın respublikaçılardan prezidentliyə nominant olmasını təmin edir.

Praymerizin nəticələrini şərh edən Tramp respublikaçıları birləşməyə çağırıb: "Biz birləşməliyik və bu, çox tez baş verəcək".

Bayden isə seçiciləri demokratiyanın müdafiəsinə qalxmağa çağırıb: "Amerikalıların hər bir nəsli üçün demokratiyanın müdafiəsinə qalxmaq vacibdir. Şəxsi azadlıqlarımızın müdafiəsinə qalxmaq. Bizim vaxtımız çatıb. Birlikdə qalib gələcəyik".

Meta-nın sosial şəbəkələrində problem yaranıb

Meta-nın sosial şəbəkələri
Meta-nın sosial şəbəkələri

Artıq Meta şirkətinə məxsus sosial şəbəkələrin işi bərpa olunur.

+++

Meta şirkətinə məxsus Facebook və Instagram sosial platformaları, eləcə də WhatsApp messencerində problem yaranıb.

Bütün dünyada Bakı vaxtı ilə axşam saat 7-dən sosial platformalara giriş mümkün olmayıb, izləyicilər hesablarına daxil ola bilməyiblər. Bunu “Downdetector” layihəsinin statistikası da göstərir.

Meta-nın təmsilçisi Endi Stoun X platformasında yazıb ki, korporasiya problemdən agahdır və həlli üzərində işləyir.

Bir sıra istifadəçilər Google xidmətindən, YouTube-dan da istifadə edə bilmirlər. Ancaq bu platformalardan şikayətlər Instagram və Facebook-dan dəfələrlə azdır.

2015-ci ildən bəri İranda ən çox edam ötən il gerçəkləşdirilib

İranda edam
İranda edam

2023-cü ildə İranda azı 834 nəfər edam olunub ki, bu da bir il öncəkindən 43 faiz çoxdur. Bu haqda İran İnsan Haqları qrupu (IHR) ilə Parisdə yerləşən "Ölüm Cəzasına qarşı Birlikdə" təşkilatının birgə hesabatında bildirir. İran hakimiyyəti narkotiklərlə bağlı işlərdə də ölüm cəzasından istifadəni artırır.

Martın 5-də açıqlanmış illik hesabatda deyilir ki, edamların 85 faizini hakimiyyət bəyan etməyib. Bu isə edamların real sayının xeyli yüksək olması deməkdir

Çindən sonra ikinci

"Cəmiyyətə qorxu aşılamaq rejimin hakimiyyətdə qalmasının yeganə yoludur, ölüm cəzası isə bunun ən vacib alətidir", - IHR direktoru Mahmud Əmiri Müqəddəm hesabatda deyir.

İnsan haqları qrupları İranda edamların sayının kəskin artmasını narkotik ittihamları üzrə ölüm cəzasının kəsilməsi və 2022-ci ilin sentyabrında başlanan kütləvi etirazlarla izah edirlər. O zaman 22 yaşlı Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanandan sonra vəfat edib və bundan sonra ölkəni etiraz dalğası bürüyüb.

İran edamların sayına görə yalnız Çindən geri qalır. Ötən il 2015-ci ildən bəri artıq ikinci dəfə İranda edam sayı 800-ü ötüb.

Ötən il 471 edam narkotik maddələrlə bağlı gerçəkləşdirilib. Bu isə bir il öncəkindən iki dəfəyə yaxın artıqdır.

Gizli edamlar

"Edamların bəziləri gizli icra olunub, ailəyə, yaxud vəkilə məlumat verilməyib, bəzilərini sadəcə rəsmi media elan edib", - hesabatda vurğulanır.

İslam respublikasının qanunlarına görə, təqsirləndirilənin vəkilinə planlaşdırılan edam barədə informasiya verilməlidir.

Hesabatda İranda 22 qadının edam olunduğu, bu statistikaya görə öndə getdiyi vurğulanır. Çin istisna olunur, çünki oradan dəqiq rəqəm almaq mümkün deyil.

Edam olunanların içində etnik azlıqların sayı da diqqət çəkir. İranın sünni bəluc icmasından azı 167 nəfər, yəni ümumi edam sayının 20 faizi qədər adam edam olunub. Baxmayaraq ki, bəluclar ölkə əhalisinin cəmi 5 faizini təşkil edir.

update

Ukrayna işğal olunmuş Krımda Rusiyanın patrul gəmisini batırdığını deyir

"Sergey Kotov" patrul gəmisi
"Sergey Kotov" patrul gəmisi

Ukrayna dəniz dronlarının işğal olunmuş Krımda Rusiyanın "Sergey Kotov" patrul gəmisini vurduğunu və batırdığını bildirir. Bunu Ukrayna Hərbi Kəşfiyyatının (HUR) Baş Direktorluğu martın 5-də bəyanatında açıqlayıb.

HUR-un daha sonra sosial media platformalarında yaydığı videoda "Sergey Kotov"un necə batmasının əks edildiyi iddia olunur. Dronlara yerləşdirilmiş kameraların müxtəlif bucaq və məsafələrdən çəkdiyi ağ-qara videoda "Sergey Kotov" olduğu deyilən gəmidə müxtəlif partlayışlar əks olunub.

Sözügedən hərbi gəminin qanadlı raketlər və 60-dək heyət üzvü daşıya bildiyi bildirilir.

Rusiya Ukraynanın iddiasını, hələlik, şərh etməyib.

"Rusiyanın Qara dəniz donanması işğal simvoludur. O, Ukraynanın Krımında ola bilməz", - prezident Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermak martın 5-də Telegram-da yazıb.

Partlayış səsi martın 5-də Krımın Kerç şəhərində eşidilib, yarımadanı Rusiya ilə bağlayan körpü bağlanıb. Körpü üzərində hərəkətin səhər 7 radələrində yenidən açıldığı bildirilir.

Ötən ay Ukrayna ordusu Rusiyanın ən böyük desant gəmilərindən biri olan "Tsezar Kunikov"u Qara dənizdə işğal olunmuş Krım sahillərində məhv etdiyini bildirib.

Belqorodda neft bazasında partlayış olduğu bildirilir

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Qubkin rayonunda infrastruktur obyektində partlayış, daha sonra yanğın baş verdiyini deyir.

"Kommersant” qəzetinin mənbələri Qubkin şəhərindən 15 km məsafədə yerləşən Dolqoye kəndində neft bazasına hücum olunduğunu təsdiqləyiblər. Həmin ərazidə "Rosneft" filialının neft bazası yerləşir. "RİA Novosti" müəssisədə üç rezervuarın yandığını xəbər verir.

Rusiyanın Telegram kanalları bir yanacaq rezervuarının yandığını yazırlar.

"Ukrainskaya pravda"nın mənbələri isə bu hücumda da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əli olduğunu iddia edirlər.

İsfahandakı hücumla əlaqədar 'Mossad agenti'nin edam olunduğu bildirilir

İsfahanda İran Müdafiə Nazirliyinin emalatxanasına hücum
İsfahanda İran Müdafiə Nazirliyinin emalatxanasına hücum

İran ədliyyəsi "Mossad" agenti olduğunu iddia etdiyi bir şəxsin edam olunduğunu açıqlayıb. Həmin şəxsin ötən il İsfahan şəhərində Müdafiə Nazirliyinin zavodundakı partlayışda əli olduğu iddia edilir.

Ədliyyəyə bağlı "Mizan" xəbər agentliyinin məlumatına görə, edam martın 3-də gerçəkləşdirilib. Həmin hücuma bağlılıqda ittiham olunan dörd kürd isə yanvarda edam olunub. "Hengaw" insan haqları qrupu həmin beş nəfərdən heç birinin ədalətli mühakimə olunmadığını, ifadələrin işgəncə yolu ilə alındığını bildirib.

Martın 3-də edam olunan şəxs 2019-cu ilin fevralından İsrailin "Mossad" xarici kəşfiyyat idarəsinin agentləri ilə təmasda olmaqda ittiham edilib. İddiaya görə, 2022-ci ildə sözügedən şəxs bir neçə dronun İrana aparılmasına, onların və adamların hərəkəti üçün maşınların alınmasına kömək edib. Hücum 2023-cü ilin yanvarında baş verib.

Edam edilən şəxsin kimliyi açıqlanmasa da, "Mizan" İsfahan ədliyyəsinin başçısına istinadla onun İsfahan hücumundan 13 gün sonra saxta kimliklə ölkədən qaçdığını açıqlayıb. Onu təhlükəsizlik qüvvələri qonşu ölkədə saxlayıb, amma həbsin, onun hansı ölkədə baş verməsinin detalları açıqlanmır.

İranın Müdafiə Nazirliyi hücumun uğursuz olduğunu, itki olmadığını, zavodun damına cüzi ziyan dəydiyini açıqlayıb.

Bennetin məqaləsi

Hücuma görə məsuliyyəti götürən olmasa da, "The Wall Street Journal" adını çəkmədiyi ABŞ rəsmilərinə istinadla zərbəni İsrailin gerçəkləşdirdiyini yazıb.

İsrailin keçmiş baş naziri Naftali Bennet dekabrda qəzetdə çıxan məqalədə ölkənin 2022-ci ildə İranda bir neçə əməliyyatda, o cümlədən dron bazalarına hücumlarda əli olmasına işarə vurub. Bennet yazıb ki, İranın dron bazasının dağıdılması İranın İsrailə qarşı iddia olunan dron hücumları başlatmaq cəhdlərinə cavab tədbiri olub.

Son bir ildə İranda bir neçə insident, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) üzvlərinin, alim və mühəndislərin sirli şəkildə öldürülməsi baş verib.

Tehran insidentlərin bəzilərinə görə regional düşməni İsraili günahlandırıb. İsrail isə belə insidentlərə rəsmən şərh vermədiyini deyir.

Fransa abort hüququnu konstitusiyaya salıb

Eyfel qülləsi abort hüququ konstitusiyada təsbit olunandan sonra "Mənim bədənim - mənim seçimim" mesajı ilə işıqlanır.
Eyfel qülləsi abort hüququ konstitusiyada təsbit olunandan sonra "Mənim bədənim - mənim seçimim" mesajı ilə işıqlanır.

Fransa parlamenti qadınların abort hüququnu konstitusiyada möhkəmləndirən qanunvericilik əlavəsini qəbul edib. Bununla da Fransa dünyada abort hüququnun ali qanunda təmin olunduğu ilk ölkəyə çevrilib.

Bu əlavənin təşəbbüskarı prezident Emmanuel Makron olub. "Fransanın iftixarı və bütün dünyaya siqnalı. Respublika konstitusiyasında yeni azadlığın peyda olmasını birlikdə qeyd etmək lazımdır", - o, tvitində yazıb.

Baş nazir Qabriel Attal da parlamentin qərarını şərh edib: "Bütün qadınlara deyirik: sizin bədəniniz yalnız sizə məxsusdur, heç kəsin sizin yerinizə qərar vermək hüququ yoxdur".

Fransada 1975-ci ildən aborta icazə verilib. O vaxtdan qanun doqquz dəfə dəyişdirilib, hər dəfə də qadınların hamiləliyi sonlandırması hüququ genişləndirilib.

Davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG