Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:23

"Ekho Moskvy"-nin baş redaktor müavinini bıçaqlayıblar - YENİLƏNİB


Tatyana Felgenhauer

-

“Ekho Moskvy” radiostansiyasının redaksiyasında baş redaktor müavini və aparıcı Tatyana Felgenhauer bıçaqlanıb.

Naməlum şəxs redaksiyaya girərək bıçaqla jurnalistə hücum edib. Onu xəstəxanaya yerləşdiriblər. Həkimlərin sözlərinə görə, onun həyatına təhlükə yoxdur.

Hücum edən şəxs saxlanıb.

Hazırda redaksiyada polis əməkdaşları var. Bu barədə Ekho Moskvy-nin baş redaktoru Aleksei Venediktov yazıb.

Təsdiqlənməmiş məlumatlara görə, hücum edənlər iki nəfər olub. Onlar mühafizəçinin üzünə qaz püskürdüb 14-cü mərtəbəyə qalxıblar və jurnalisti boğazından bıçaqlayıblar.

Rusiya Baş Prokurorluğu durumu “qanqaraldıcı” adlandırıb.

“O, HEÇ NƏ QIŞQIRMADI”

“Hücum edən heç nə qışqırmadı, hər şey sakitcə baş verib. O sadəcə, ona yaxınlaşdı, boğazından yapışıb bıçaqladı”, – radiostansiyanın baş redaktor müavini Sergei Buntman “Meduza” vebsaytına deyib.

Özbəkistanda doğulmuş 32 yaşlı Felgengauer rusiyalı jurnalist və hərbi ekspert Pavel Felgengauer-in qızıdır. O, 2005-ci ildən “Ekho Moskvy”da çalışıb.

“Ekho Moskvy” Kremlin nəzarətində olan Gazprom təbii qaz şirkətinə məxsusdur, Rusiyada azsaylı müstəqil media orqanlarındandır.

Rusiyada jurnalistlər tez-tez hücuma, qısnamaya məruz qalır. Sentyabrda “Ekho Moskvy”nın jurnalisti Yulia Latynina Moskvada hücuma və təhdiddən sonra ölkədən qaçıb.

Siyasi təhlilçi Yekaterina Vinokurova VKontakte sosial şəbəkəsində yazıb ki, “Tanya və Ekho Moskvy illər boyu hücumlara məruz qalıblar”.

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) məlumatına görə, 2017-ci ildə Rusiyada iki jurnalist öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG