Prezident Nursultan Nazarbaev hökumətini tənqid edəndən sonra Ukraynaya qaçmış bloqqer Astananın xahişiylə saxlanıb və Qazaxıstana təhvil verilə bilər.
Zhanara Akhmet oktyabrın 21-də Kiyevdə saxlanıb, vəkilinin deməsinə görə, dələduzluqda ittiham olunur.
Vəkil Vladyslav Hryshchenko deyib ki, Akhmet-in adı Qazaxıstan hakimiyyətinin sorğusu əsasında Interpol-un axtarışda olanlar siyahısına salınıb.
Kiyev regional polisinin sözçüsü Mykola Zhukovych deyib ki, məhkəmə 72 saat ərzində Akhmet-in saxlama müddətinin uzadıb-uzatmamaq məsələsinə baxmalıdır. Bu arada Ukrayna hakimiyyəti Qazaxıstan hökumətinin ekstradisiya xahişini nəzərdən keçirir.
Akhmet bu ilin martında 9 yaşlı oğlu ilə birlikdə Qazaxıstandan qaçıb. Xanım bloqqer bu Orta Asiya ölkəsində təhlükəsizliyi sarıdan narahat olduğunu bildirib. O, AzadlıqRadiosu-na demişdi ki, bəzi mənbələr ona İnternetdə özünü yandırmanı təşviq edən “qanunsuz qrup yaratmaq” ittihamı irəli sürülə biləcəyini söyləyib, ona görə də Ukraynaya qaçmaq qərarına gəlib. Bloqqer daha öncə də Almatıda bir neçə məhkəməyə çəkilib. O, bütün ittihamları öz yazılarına görə siyasi motivli sayır.
***Buna da bax-Niderland səfiri Fikrət Hüseynli ilə bağlı müraciət edib
İndiyədək Qazaxıstandan azı dörd müxalifətçi və insan haqları fəalı Ukraynaya qaçıb.
Xatırlatma
Bu yaxınlarda azərbaycanlı jurnalist Fikrət Hüseynli də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanıb. Onun Azərbaycan tərəfinin Interpol -a verdiyi təqdimat əsasında saxlandığı deyilir. Azərbaycan tərəfinin jurnalisti Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham etdiyi bildirilir.
Niderland vətəndaşı olan jurnalistin özü isə ittihamları rədd edib.
Azərbaycanın hüquq-mühafizə orqanları, hələlik, F.Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.
F.Hüseynli Avropada siyasi mühacirlərin tədbirlərinə fəal şəkildə qatılırdı. Son vaxtlar Avropadan yayımlanan «Turan TV» peyk telekanalı ilə əməkdaşlıq edirdi.