Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 10:34

Qərbin sanksiyaları Rusiyanın əhalisini necə azaldır


Rusiyanın Sverdlovsk regionu, 2015-ci il

--

Rusiya prezidenti Vladimir Putin açıq etiraf edir ki, iqtisadi sanksiyalar “ölkəyə ciddi ziyan vurur”. 2014-cü ildə Kreml Krımı qanunsuz ilhaq edəndən sonra qoyulan sanksiyalar Rusiya xarici siyasətinin əsas hədəfinə çevrilib, hətta ola bilsin, ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləyə də həvəsləndirib. “Foreign Policy” dərgisində Villanova Universitetinin siyasi elmlər üzrə dosenti Mark Lawrence Schrad yazır ki, Qərbin sanksiyalarının Rusiyanı demoqrafik uçuruma itələdiyini düşünməyə əsas var.

10-15 FAİZ AZ UŞAQ

Müəllif hazırda Rusiyada qeyri-adi bir prosesin getdiyini vurğulayır: rusiyalılar bu il ötənilkindən daha az uşaq dünyaya gətiriblər. Bunu Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına əsasən demək olar. Görünən odur ki, son 12 ayın 11-də ötən illə müqayisədə yeni doğulan uşaqların sayında ciddi azalma qeydə alınıb, 10-15 faiz az uşaq dünyaya gəlib.

Ötən il Rusiyada 1 milyon 893 min 237 doğuş qeydə alınıbsa, bu ilin yanvarından avqustunadək həmin rəqəm 1 milyon 131 min 543 olub.

Müəllif bu azalmanın səbəbini Qərbin iqtisadi sanksiyalarında görür, iqtisadi sanksiyaların ölkədə yoxsulluq səviyyəsini və iqtisadi qeyri-müəyyənliyi artırdığını yazır. Sonucda rusiyalılar daha az övlad sahibi olmağa meyllənirlər.

2014-cü ildə Ukraynanın Krım vilayətinin ilhaqından sonra ABŞ və Avropa Birliyi Moskvaya sanksiyalar qoydu. Dünyada neftin də eyni vaxtda ucuzlaşması 2015-ci ildə Rusiyada ÜDM-ni 3,7 faiz azaltdı, ölkədən kapital axınını və büdcə defisitini gücləndirdi, rubl dollara qarşı 50 faizdən çox ucuzlaşdı. İşsizlik kəskin artdı, yoxsulluq içində yaşayan rusiyalıların sayı da kəskin yüksəldi – 2013-cü ildə 15,5 milyon idisə, 2016-cı ildə 19,8 milyona çatdı.


2050-Cİ İLDƏ 15-Cİ YERDƏ

Rusiyada yeni doğulan uşaqların azalmasının bir səbəbi də uzunmüddətli demoqrafik trendlər ola bilər, müəllif belə düşünür. 25 il öncə kommunizm dağılanda özüylə təkcə Sovet İttifaqını aparmadı, misli görünməmiş demoqrafik fəlakətə də yol açdı. 1990-cı illərdə Boris Yeltsin-in hakimiyyəti dövründəki iqtisadi depressiya ölkədə ölüm səviyyəsini kəllə-çarxa çıxardı, doğuşsa kəskin düşdü.

1990-cı illərdə qız uşaqlarının az doğulması bu gün potensial anaların azlığı deməkdir və bunu demoqraflar illərdi gösləyirdilər. Bu gün şahidi olduğumuz odur ki, Rusiyada əhalinin uzunmüddətə azalması qaçılmazdır, 2050-ci ildə Rusiya əhali sayına görə 15-ci yeri tutacaq, Filippin və Tanzaniyadan sonra gələcək”, – məqalədə deyilir.

Müəllif Rusiyanın demoqrafik çöküşünün real olduğunu, amma Qərbin sanksiyalarının onu da sürətləndirdiyini qeyd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG