Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Müsavat Baş Prokurorluğu yenidən məhkəməyə verdi


Panama Papers

Müsavat Partiyası “Panama Papers”in araşdırması ilə bağlı müraciətlərinə reaksiya verilmədiyinə görə, Baş Prokurorluğu yenidən məhkəməyə verib.

Bu haqda partiyanın mətbuat xidməti məlumat yayıb.

Səbail Rayon Məhkəməsinə müraciətdə qeyd edilir ki, bu ilin aprel-may aylarında dünya və ölkə mətbuatında Azərbaycan prezidentin övladlarının, yaxın qohumlarının əmlak dövriyyələri barədə araşdırma yazılar dərc olunub. Müsavat Partiyası yayda həmin yazılardakı iddiaların araşdırılması istəyi ilə baş prokurora müraciət edib. Ancaq prokurorluq həmin müraciətə heç bir cavab verməyib.

Buna da bax: Leyla Əliyevanın şirkəti subsidiya alanlar siyahısında [araşdırma]

Partiya hesab edir ki, prokurorluğun müxalif partiyanın müraciətinə cavab verməməsi qanun pozuntusudur. Partiya bildirir ki, Baş Prokurorluğun müraciəti araşdırmaması Konstitusiyanın, cinayət prosessual qanunvericiliyin, prokurorluq və “Vətəndaşların müraciətləri haqqında” qanunların pozuntusudur.

Partiya məhkəmədən xahiş edib ki, Baş Prokurorluğun üzərinə “Panama sənədlərinin” araşdırılması ilə bağlı öhdəlik qoyan qərar versin.

Müsavat bir neçə ay əvvəl də eyni tələblərlə məhkəməyə müraciət etmişdi. Ancaq Səbail Rayon Məhkəməsi həmin iddianı icraata qəbul etməmişdi.

Buna da bax:​ Bir sadə azərbaycanlının nəhəng 'Bombardier'lə milyonlarla biznesi? [araşdırma]

Partiyanın bu müraciətinə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il aprelində ICIJ, Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsinin (OCCRP) üzvləri Mossack Fonseca firmasından sızmış sənədlərin (Panama Papers) əsasında apardıqları təhqiqatın nəticələrini dərc etmişdilər.

Panama sənədlərində 50-dən çox ölkənin dövlət və hökumət başçılarının, rəsmilərinin, məmurlarının adları var. Bunların arasında Ukrayna prezidenti Petro Poroshenko-nun, Azərbaycan prezidenti İlham Əliyevin qızlarının, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin nəvəsinin və başqalarının adları da çəkilirdi.

Həmin vaxt Müsavat Partiyasının başqanı Arif Hacılı “Panama sənədləri” ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət etmişdi.

Müraciətdə prezident İlham Əliyevin qızları Leyla, Arzu Əliyevalar, onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlərin Londonda dəyəri milyonlarla ölçülən mülklərinin olması iddialarının əks olunduğu yazıların araşdırılması istənilirdi.

Ondan əvvəl əsas müxalif birliklərdən olan Milli Şura da sözügedən bilgilərin araşdırılmasını tələb edən açıqlama yaymışdı.

Baş Prokurorluq bu müraciətlərə cavab verməyib.

Ancaq Azərbaycan rəsmiləri OCCRP-ın araşdırmalarında prezidentin və onun ailə üzvlərinin adının hallanmasını qərəz sayırlar. Onlar ümumilikdə deyirlər ki, belə yazılar Azərbaycanın uğurlarına qısqanan qüvvələrin böhtan və uydurmasından ibarətdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG