Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:33

MPQ üzvləri həbsdəki gənc fəallarla görüşüblər


Bayram Məmmədov

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri 13 saylı Cəzaçəkmə Müəssisəsində olub.

Bu barədə bu gün, oktyabrın 20-si Ombudsman Aparatı məlumat yayıb. Məlumatda bildirilir ki, MPQ üzvləri bəzi məhkumları, o cümlədən gənc fəallar Bayram Məmmədov, İlkin RüstəmzadəElgiz Qəhrəmanovu konfidensial qaydada dinləyib.

«Hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb. Adıçəkilən şəxslərin yeməkdən imtina etmədikləri, normal qaydada qidalandıqları məlum olub. Eyni zamanda Bayram Məmmədovun yataq yerinin dəyişməsi ilə bağlı Ombudsmana ünvanlanmış ərizəsi qəbul olunub», - xəbərdə qeyd olunur.

Mətbuat xidməti bildirir ki, yekunda müəssisə rəhbərliyi ilə məhkumların saxlanma şəraiti və hüquqları ətrafında müzakirələr aparılıb.

«Milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib», -məlumatda vurğulanıb.

Bir müddət vəkil Əsabəli Mustafayev bildirmişdi ki, gənc fəallar B.Məmmədov, İ.Rüstəmzadə və E.Qəhrəmanov aclıq aksiyasına başlayacaqlarını bəyan ediblər. Vəkilin deməsinə görə, gənclər bildiriblər ki, müəssisədə B.Məmmədova pis münasibət var. Onun çarpayısının yerləşdiyi yeri yel vurur. Üstəlik, B.Məmmədovun cərimə kamerasına salındığı bildirilirdi. Vəkilin deməsinə görə, cərimə kamerasında B.Məmmədova qalın paltar da verilməyib.

Sonradan isə vəkillər bildirmişdilər ki, aksiya rəhbərliklə razılaşdırılmadığından keçirilməyib. Ancaq vəkilinin deməsinə görə, artıq B.Məmmədovun hər iki böyrəyinə iltihab yığılıb.

Penitensiar Xidmətdən isə bütün bunlara cavab olaraq demişdilər ki, onlar heç bir məhbusa ayrıseçkilik etmirlər və hamı ilə qanunla davranılır.

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edir. Özləri isə keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarı yazıldığına görə saxlandıqlarını bildirirlər. Hərəsi 10 il azadlıqdan məhrum edilib.

Digər fəal İ.Rüstəmzadə 2013-cü ildə saxlanıb. Kütləvi iğtişaşların təşkilində suçlanan gənc həmin vaxt saxlanan 8 NİDA Vətəndaş Hərəkatı üzvündən biridir. İ.Rüstəmzadə 8 il azadlıqdan məhrum edilib. Özü ittihamları «qondarma» adlandırır. Sonradan onunla həbs edilənlərin hamısı azadlığa buraxılıb.

2016-cı ildə saxlanan E.Qəhrəmanov da narkotikdə ittiham olunub, 5 il 6 ay azadlıqdan məhrum edilib. O da həbsini siyasi sifariş sayır.

Hər üç gənc hüquq müdafiəçilərinin siyasi məhbuslarla bağlı hazırladıqları siyahıda yer alırlar. Siyahıda hazırda 140 civarında məhbusun adı var.

Hərçənd, Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri cinayətə görə məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG