Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:27

Azərbaycanın 2018-ci ilin dövlət büdcəsi layihəsi parlamentə təqdim edilib.

Bu barədə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq üzrə komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Komitənin sədri dövlət büdcəsinin parametrlərini açıqlamayıb.

Onun sözlərinə görə, oktyabrın sonu - noyabrın əvvəlində parlament komitələrində layihənin müzakirələri keçiriləcək.

2018-ci il üzrə dövlət və icmal büdcənin layihələrini, habelə növbəti üç il üzrə icmal büdcənin göstəricilərini Nazirlər Kabineti sentyabrda müzakirə edib.

Maliyyə Nazirliyinin hazırladığı layihələr bəyənilib. Layihələrin detalları açıqlanmayıb.

Ancaq maliyyə naziri Samir Şərifov Nazirlər Kabinetindəki müzakirələr zamanı demişdi ki, gələn ilin dövlət büdcəsi layihəsi son dövrlər dünyada gedən qlobal maliyyə və iqtisadi proseslər nəzərə alınmaqla tərtib olunub. Layihələr hazırlanan zaman dövlət büdcəsinin sosial yönümlülüyü əsas götürülüb.

Üstəlik, prezident İlham Əliyev də bu günlər bir neçə dəfə vurğulayıb ki, gələn ilin büdcəsi bu ilin büdcəsindən daha böyük olacaq.

Bütün bunlardan başqa, bəzi deputatların AzadlıqRadiosu-na verdiyi məlumata görə, 2018-ci ilin dövlət büdcəsində gəlirlər builki büdcədən 4 milyard manat artıq hesablanıb. Layihəyə görə, gələn ilin büdcəsində əsas xərclər tikinti-infrastruktur sahələrinə yönəldilir.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləmişdi.

2017-ci ilin dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə Neft Fondundan transfertlər 6.1 mlrd. manat həcmində nəzərdə tutulurdu. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülüb. Hazırda Azərbaycan neftinin bir barreli 57 dollar civarında satılır.

Ancaq bu il iyunun 30-da büdcə sənədinə dəyişiklik edilib. Gəlirləri 511 milyon artaraq 16 mlrd. 766 mln. manata çatdırıblar. Xərclər isə 1 milyard 41 mln. manat artırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG