Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:19

Oktyabrın 19-dək Azərbaycanda 100 min tondan çox pambıq yığılaraq pambıqtəmizləmə zavodlarına verilib.

Dövlət Statistika Komitəsinin məlumatında belə yazılır.

Komitə bu rəqəmin 2007-ci ildən bu yana ən yüksək göstərici olduğunu bildirir.

Oktyabrın 19-dək məntəqələrə ölkə üzrə təhvil verilən pambığın ümumi həcmi 103 min 6.20 ton olub. Bunun ötənilki ümumi göstəricidən təxminən 14 min ton çox olduğu bildirilir.

Pambıq tədarükündə, əvvəlki kimi, Saatlı rayonu öndədir. Rayon pambıqçıları indiyədək məntəqələrə 16 min 309.80 ton məhsul təhvil veriblər.

Bu il son dörd ildə birlikdə əkiləndən (116 min ha) çox – 136.3 min hektar sahədə pambıq əkilib. Pambıq sahələri, əsasən, dövlət torpaqları hesabına artırılıb. Yığımın yubanmaması və əl əməyinin azaldılmasından ötrü bu il 140 pambıqyığan kombayn alınıb.

Amma ekspertlərin fikrincə, yığım cədvəl üzrə getmir və hesab edirlər ki, hökumət vəd edilən 270 min ton pambığı toplaya bilməyəcək.

2016-cı ildə Azərbaycanda pambıq əkini sahələri 51.3 min hektar olub və 89.4 min ton pambıq yığılıb. Emal edilən pambığın bir hissəsindən yerli tekstil müəssisələrində istifadə edilir. Mingəçevirdə pambığın tam emalı və son məhsul istehsalı üzrə sənaye parkı tikilir.

Bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, bir çox rayonlarda həkimlər, müəllimlər və məktəblilər də pambıq yığımına cəlb edilir. Rəsmi qurumlar bildirirlər ki, heç kim məcburi qaydada pambıq yığımına aparılmır. Hüquqşünaslar bunu ölkə qanunvericiliyinə zidd sayırlar.

Bəzi müxalif partiyalar isə bununla Azərbaycanın sovet dövrünə qayıtdığını hesab edirlər.

Bir sıra müstəqil iqtisadçılar da deyirlər ki, örüş yerlərində də pambıq əkini heyvandarlığa ciddi zərbə vurub. Son ildə ölkəyə ət və süd məhsulları idxalı artıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG