Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:34

Rusiya inqilabın 100 illiyini niyə “Trotski” filmi ilə qeyd edir?


Konstantin Xabenski Lev Trotski rolunda
Konstantin Xabenski Lev Trotski rolunda

Rusiya dövlət telekanalının inqilabın 100 illik yubileyini Lev Trotskinin yüksəlişi və süqutundan bəhs edən çoxseriyalı bədii filmlə qeyd etmək qərarı tarixçilərin və mətbuatın dərin marağına səbəb olub.

Independent yazır ki, bəzi təhlilçilər Rusiyanın ORT ictimai kanalında nümayiş etdiriləcək “Trotski” filminin yaranmasının arxasında müasir siyasi motiv görüblər.

Ötən həftəsonu ORT kanalı ilə yayınlanmış reklam-treyler Rusiya televiziya tamaşaçılarına film haqqında ilk təəssüratı verib.

Britaniya qəzeti yazır ki, 2 dəqiqəlik treyler doğrudan da dərin təsir buraxır. Bu klipdə divanəcəsinə böyüdülmüş zirehli qatar, seks səhnələri və qəbristanlıqda kütləvi qətliam kimi dəhşət doğuran səhnələr yer alıb.

Lakin bir çox rusiyalı üçün maraqlı sual bu olacaq ki, Böyük Oktyabr Sosialist İnqilabının 100-cü ildönümü niyə İosif Stalinin düşməni və qaçaqlıqda qətlə yetirilmiş Trotskinin həyat və faciəsi ilə qeyd edilir.

Trotski uzun illər Qərb solçuları üçün əsl mürşid sayılıb. Bunun bir səbəbi onun usta qələmi olubsa, digər səbəbi Stalinə qarşı çıxış etməsi olub.

Məqalədə deyilir ki, sovet ideologiya maşını əvvəlcə Trotskini “xortdanlaşdırıb”, o 1940-cı ildə qətlə yetiriləndən sonra isə bu siyasətçinin izlərini rəsmi tarixin səhifələrindən silib.

Qorbaçov Trotskini 1986-cı ildə əfv edəndə rusiyalıların əksəriyyəti üçün o artıq əhəmiyyətini itirmiş bir tarixi fiqur idi.

Lev Trotski (solda), Vladimir Lenin and Lev Kamenev 1920-ci ildə
Lev Trotski (solda), Vladimir Lenin and Lev Kamenev 1920-ci ildə

İndi isə Rusiyanın televizya prodüserləri ziddiyyətli inqilabçının “şöhrətini” onun özünə qaytarmağa çalışıblar. Onlar bunu Rusiyanın ən məşhur aktyorlarından birinin – Konstantin Xabenskinin köməyi ilə etməyə çalışıblar. 8 seriyalı bu filmdə baş rolu məhz o oynayıb.

“Independent” yazır ki, Rusiyanın bir nömrəli telekanalı üçün sifariş edilmiş film nəhəng və bahalı alınıb.

Qəzet yazır ki, onun tanış ola bildiyi ssenari əlyazmasından filmin həddən artıq dramatikləşdirilmiş seks və zorakılıq səhnələri ilə dolu olacağı görünür.

Bu filmdəki Trotski doğrudan da ziddiyyətli inqilabçıdır. Bir tərəfdən o öz zəmanəsinin parlaq siması, insanların ürəyini fəth edən qəhrəman natiq kimi təsvir edilib.

Lakin obraz ümumən mənfi çalarlarda işlənib. Bu filmdə davakar və kinli inqilabçı “çirkabı qanla yumaqdan” danışır və inqilab düşmənlərini öz əlləri ilə güllələyir. Bu filmdə Trotski həm də bir kosmopolit, yəhudi və əcnəbidir. O sonralar Almaniya casusuna çevrilmiş inqilabçı Aleksandr Parvusla dost olub.

Bir sözlə ekranlaşdırmanın tarixi bazası var. Lakin film elə indidən bir çox ekspertlər tərəfindən aparıcı bolşevikin siyasi interpretasiyası cəhdi kimi tənqid edilir.

Rusiyanın Ali İqtisad Məktəbindən tarixçi Aleksandr Reznik Independent qəzetinə deyib:

“Mən təəccüblənmirəm ki, məsələn Stalin yox, Trotski seçilib. Hazırkı siyasi ab-havada Trotski Rusiya üçün mükəmməl antiqəhrəmandır. O həm fiziki, həm də mənəvi baxımdan eybəcər personajdır”.

Reznikin fikrincə, bu personajla müasir Rusiyanın və Kremlin tənqidçisi Aleksey Navalnı arasında qərəzli parallelərə işarə edilir. Ötən dekabrda Navalnı potensial baxımdan qeyri-mümkün bir niyyətini – Rusiya prezidentliyi uğrunda mübarizə aparmaq kampaniyasını elan etmişdi. Amma ona bu yarışa qatılmaq icazəsinin verilməyəcəyi az şübhə doğurur. O hazırda icazəsiz mitinqlərin təşkilinə görə həbsxanadadır.

Reznikin fikrincə, hakimiyyət bu filmlə gənc rusiyalılara aydın mesaj vermək istəyir: “Baxın, sizin Navalnı xarizmatik və parlaq natiq ola bilər, amma o da Trotski kimi dağıdıcı, düşmən, qeyri-vətənpərvər və bəlkə də xarici hökumətlər üçün işləyən birisidir”.

Reznik ssenarinin Kremldə yazıldığına inanmasa da, əmindir ki, filmin yaradıcıları “siqnallarını məhz oradan alıblar”.

Rusiyanın müasir trotskiçiləri də qəzəblidirlər, lakin bunun başqa səbəbi var. Moskvanın şimal ətraflarındakı rayonlarından birində bu treylerin efirə verilməsindən az sonra iclas keçirən İnqilabi Fəhlə Partiyasının üzvləri (onun 90 şəhərdə 300-dək üçvünün olduğu deyilir) Independent qəzetinə deyiblər ki, ORT “Stalin gündəliyini oynamaq qərarına gəlib”.

Onlar bunu da vurğulayıblar ki, gürcü inqilabçı Stalin Trotskini ləkələmək hesabına yenidən müqəddəsləşdirilir.

İnqilabi fəhlələrdən 21 yaşlı İvan Morozov Britaniya qəzetinə deyib: “Treylerə baxın. Siz orada nə görürsünüz? Qoca bir nənəni qəbristanlıqda güllələyən Trotskini. Bu tamamilə uydurmadır. Onlar Trotskini bir daha düşmən elan etmək qərarına gəliblər”.

Onun partiyadaşlarından 20 yaşlı Mixail Komrakov deyir: “Burjua həssaslığı ilə dolu müasir dünyada inqilabi lider təqdir edilə bilməz”.

Lakin ORT telekanalının baş direktoru Konstantin Ernstın sözçüsü Independent qəzetinə deyib ki, Trotskinin seçilməsinin yeganə bir səbəbi var: “O inqilabı yaradıb”. Cənab Ernstın özündən şərh almaq mümkün olmayıb.

Filmdə Trotsky ilə Frida Kahlo arasındakı münasibətlərdən də bəhs edilir
Filmdə Trotsky ilə Frida Kahlo arasındakı münasibətlərdən də bəhs edilir

Independent yazır ki, Trotskinin seçilməsi səbəblərinə baxmayaraq Kremlin inqilabın yubileyini necə keçirməkdə çətinlik çəkdiyi aşkardır.

Kreml çoxdan bəridir ki, bu səpkidə suallarla üzləşir: O sovet zəmanəsinin xiffətinimi çəkir? Elə isə bu mühafizəkarlıq və stabilliklə necə uyuşa bilər? Bir nəfərin 18 ildir ki, hakimiyyətdə olduğu cəmiyyətdə hansı inqilabi dəyişikliklərdən danışmaq olar? Bu məsələdə fundamental şəkildə ikiyə bölünmüş xalqı necə birləşdirmək olar?

Rusiya Elmlər Akademiyasından professor Boris Kolonitski deyir ki, “bunlar Kreml üçün çətin suallardır, çünki bu mübahisənin çoxlu çalarları var”.

Professorun fikrincə bu məsələdə ruslar heç vaxt bir məxrəcə gəlməyəcəklər.

Keçən dekabrda Putin Federal Şurada etdiyi çıxışında bu məsələyə aydınlıq gətirməyə çalışıb. O deyib ki, “ümumi tariximizə hörmətli, obyektiv və doğruçu yanaşma lazımdır”.

Independent yazır ki, insafən bu məsələdə hökumət indiyədək neytral qalmağı bacarıb. Bu səbədən də bu filmin nə qədər böyük hay-küyə səbəb olsa da, tezcə unudulacağı gözlənilir.

Kolonitski deyir ki, Kremlin ürəyindən inqilab keçmir. Əksinə hakimiyyət bu dekabrın tezliklə ötüşməsini səbirsizliklə gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG