Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:08

Əfqan Muxtarlının vəkili zorakılıqla üzləşdiyini deyir


Vəkil Nemət Kərimli

“Əfqan Muxtarlı təcridxanada qanunsuz məhdudiyyətlərə məruz qalır”.

Bunu jurnalistin vəkili Nemət Kərimli bildirib.

Vəkil bu gün, oktyabrın 17-də 1 Saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

Vəkilin bildirdiyinə görə, o, Muxtarlıdan təcridxanada qanunsuz məhdudiyyətlərlə üzləşməsi ilə bağlı rəsmi izahat alıb. İzahat jurnalistin hüquqlarının müdafiəsindən ötrü lazım olub.

N.Kərimlinin sözlərinə görə, onun müdafiə etdiyi şəxs ilə konfidensial təmas qurmasına imkan verilməyib.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Vəkil vurğulayıb ki, təcridxana əməkdaşları onları izləyiblər, görüş başa çatdıqdan sonra isə qaba rəftarla üzləşib:

“Buraxılış vərəqəsini götürmək üçün qeydiyyat otağında olarkən, Penitensiar Xidmətin yüksək rütbəli 4-5 əməkdaşı ora daxil oldu. Onlar kobud şəkildə məni yoxlamaq istədiklərini bildirdilər. Yoxlamaya etiraz etdim, bunun qanunsuz olduğunu bildirdim. Bundan sonra davranışları daha da sərtləşdirdilər”.

N.Kərimlinin bildirdiyinə görə, həmin şəxslər zorla çantasını əlindən alıblar. Ə.Muxtarlının izahatı, qeydləri götürülüb. Vəkil deyib ki, ardınca onu zorla təcridxananın rəisi Rəşid Cəfərovun yanına aparıblar. Onun deməsinə görə, təcridxana rəisinin müdaxiləsindən sonra götürlən sənədlər vəkilə geri verilib.

Buna da bax: Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

N.Kərimli hesab edir ki, təcridxanada ona münasibətdə qanunsuzluğa yol verilib. Odur ki, araşdırma aparılmasından ötrü prokurorluğa şikayət edəcək.

Vəkilin açıqlamasına təcridxana rəhbərliyinin və eləcə də Penitensiar Xidmətin, hələlik, münasibətini almaq mümkün olmayıb.

Dünən, oktyabrın 16-sı Əfqan Muxtarlının başqa bir vəkili, Elçin Sadıqov da jurnalistə telefon və görüş məhdudiyyətinin yaradıldığını bildirmişdi. Ancaq Elçin Sadıqovun deməsinə görə, təcridxana rəhbərliyi ilə görüşüb və ona problemin tezliklə yoluna qoyulacağı bildirilib.

Bütün bunlardan öncə Azərbaycanda daha bir neçə vəkil də təcridxanalarda müdafiə etdikləri şəxslərlə konfidensial təmas qurmasına imkan verilmədiyindən şikayətlənmişdilər.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

Ancaq Penitensiar Xidmət belə şikayətləri əsassız saymışdı. Xidmətdən bildirildiyinə görə, təcridxanalarda vəkillərə fəaliyyət göstərmələrindən ötrü bütün qanuni şərait yaradılır.

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur. Bu yaxınlarda isə bu cinayət işinin «Meydan TV»nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.

Ə.Muxtarlı son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.

«Meydan TV»nin rəhbər işçiləri ilə bağlı ötən ilin əvvəlində cinayət işi açıldığı bəlli olmuşdu. Onda ittihamları qəbul etməyən «Meydan TV»nin rəhbəri Emin Milli AzadlıqRadiosu-na bunları demişdi:

«Artıq bəlli olub ki, «Meydan TV»nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

Günün bütün mövzuları

XS
SM
MD
LG