Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:22

Gözəl Bayramlıya ittiham məzmunca dəyişdirilib


Gözəl Bayramlı

Bu gün, oktyabrın 16-sı Bakı İstintaq Təcridxanasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini Gözəl Bayramlı ilə bağlı istintaq hərəkətləri həyata keçirilib.

Bu haqda AzadlıqRadiosu-na onun vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin bildirdiyinə görə, G.Bayramlıya yeni məzmunlu ittiham irəli sürülüb. Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə irəli sürülən ittiham dəyişdirilməyib. Ancaq ittihamın məzmununa dəyişiklik edilib. Ancaq vəkil dəyişikliyin detallarını açıqlamayıb.

Buna da bax: Gözəl Bayramlının şikayəti təmin edilmədi

E.Sadıqov əlavə edib ki, G.Bayramlı təqsirli olmadığını, məhz siyasi fəaliyyətinə görə tutulduğunu bildirib.

E.Sadıqov G.Bayramlının sağlıq durumunda problemlərin olduğunu, soyuqdan şikayətləndiyini bildirib. Onun deməsinə görə, xanım siyasətçi bildirib ki, kamera qızdırılmır.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

Vəkil: “Əfqan Muxtarlıya yasaqlar qoyulub”

Elçin Sadıqovun bildirməsinə görə, o həmçinin, bu gün, oktyabrın 16-sı Bakı İstintaq Təcridxanasında jurnalist Əfqan Muxtarlı ilə də görüşüb. “Səhhətindəki problemlər daha da kəskinləşib. Ona görüşə və telefonla danışmağa icazə verilmir. Bununla bağlı təcridxananın rəisi ilə görüşdüm. Rəis bildirdi ki, problemləri həll edəcək”, – deyə vəkil vurğulayıb.

Əfqan Muxtarlının mədə və şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonra onun həbsi 2 dəfə uzadılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunduğunu bildirib. Xanım siyasətçi oynaq xəstəliyindən əziyyət çəkdiyini bildirir.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində davam edir.

Gürcüstanda oturum izini alan jurnalist Ə.Muxtarlı isə mayın 29-u müəmmalı şəkildə həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Sonra həbs müddəti artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Gürcüstanın hüquq mühafizə orqanları isə jurnalistin saxlanması olayında iştirak etmələri haqda iddiaları təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG