Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:09

Ukraynanın Dövlət Sərhəd Xidməti fırıldaqçılıqda və qeyri-leqal miqrasiyada ittiham olunan 41 yaşlı Niderland vətəndaşını saxlayıb.

Ukraynanın Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycandan Niderlanda mühacirət etmiş jurnalist Fikrət Hüseynlinin saxlanılması ilə bağlı məlumatında belə deyilir.

DSX əlavə bilgi verməyib.

Fikrət Hüseynli hazırda Ukraynada - Borispol polisində saxlanılır.

Yaxınlarının verdiyi məlumata görə, Azərbaycanda ona qarşı CM-in 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalist həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanılıb.

Buna da bax: Fikrət Hüseynli: Məni Əfqan kimi oğurlamaq istəyirlər [Yenilənib]

F.Hüseynlinin özü isə ittihamları təkzib edib.

Hazırda F.Hüseynli Ukraynada vəkillə təmin edilib. Onun işini Niderland Krallığının rəsmilərinin də diqqətdə saxladıqları bildirilir.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, oktyabrın 16-da F.Hüseynli barəsindəki cinayət işi ilə bağlı məlumatlandırılmaq məqsədi ilə Borispol prokurorluğuna aparılıb.

F.Hüseynlinin sabah, oktyabrın 17-də Borispol Məhkəməsinə çıxarılacağı gözlənilir. Məhkəmə onun barəsində ya həbs tədbiri seçməli, ya da sərbəst buraxılmasına qərar verməlidir.

Xatırlatma

Jurnalist oktyabrın 14-də Ukraynadan Almaniyanın Düsseldorf şəhərinə yola çıxarkən Kiyevin Borispol hava limanında saxlanılıb. O, bir neçə gün Ukraynanın paytaxtında qalıb.

Azərbaycanın hüquq-mühafizə orqanları, hələlik, Hüseynlinin saxlanılması ilə bağlı şərh vermirlər.

Hüseynli Avropada siyasi mühacirlərin fəaliyyətində fəal iştirak edirdi. Son vaxtlar Avropadan yayımlanan "Turan TV" peyk telekanalı ilə əməkdaşlıq edirdi.

Fikrət Hüseynli müxalif "Azadlıq" qəzetinin əməkdaşı olarkən 2006-cı ilin martında Bakının Badamdar qəsəbəsində maskalı naməlum şəxslərin hücumuna məruz qaldığını açıqlamşdı. Onun həmin vaxt döyüldüyü, bıçaqlandığı bildirilirdi. Jurnalist bundan sonra rəsmi şəkildə şikayət etsə də, baş verənlərə görə, kimsə məsuliyyətə alınmamışdı. 2008-ci ilin əvvəllərində o, Azərbaycandan mühacirət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG