Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 17:11

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi son iki gündə paytaxtda bir-birilə əlaqəli silahlı hadisələrlə bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, oktyabrın 14-ü Bakıdakı çay evində naməlum şəxslər Müşfiq Mədətova qarşı xuliqanlıq hərəkətləri ediblər. Onların M.Mədətova bıçağın dəstəyi ilə xəsarət yetirdikləri açıqlanıb.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə iş başlanıb.

Məlumatda qeyd edilir ki, oktyabrın 15-də saat 04:00 radələrində həmin cinayət işi üzrə hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində Səbail polisinin əməkdaşları əməliyyat həyata keçiriblər.

«Nizami rayonu ərazisində «Lexus» markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərilərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarına atəş açıb. Nəticədə Səbail Rayon Polis İdarəsinin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Orxan Axundzadə xəsarət alıb», - məlumatda vurğulanır.

Hadisəni törədən şəxslərin həmin avtomobillə qaçdıqları bildirilir:

«Həmin fakt üzrə Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb, müvafiq ekspertizalar təyin edilib. Cinayət işləri istintaqın davam etdirilməsindən ötrü Bakı şəhər prokurorluğunun icraatına verilib».

Məlumatda bildirilir ki, sonradan keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən üç şəxs saxlanıb. Onlar xuliqanlıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmə maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Saxlanan şəxslərin vəkillərinin bu məsələ ilə bağlı münasibətini hələlik öyrənmək mümkün olmayıb.

Çay evində xəsarət yetirilən Müşfiq Mədətovun keçmiş prezident Heydər Əliyevin mühafizəçisi olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG