Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:27

Vəkil: ‘Cəbhəçi ruhi-əsəb dispanserindən təcridxanaya qaytarılıb’


AXCP fəalı Füzuli Hüseynov təkbaşına aksiya keçirir. İyun 2017

30 sutka inzibati cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Füzuli Hüseynov Maştağadakı 1 saylı ruhi-əsəb dispanserindən yenidən Binəqədi Müvəqqəti Təcridxanasına qaytarılıb.

Məlumatı vəkil Əsabəli Mustafayev yayıb.

Vəkilinin deməsinə görə, Füzuli Hüseynov oktyabrın 13-ü dispanserə aparılmışdı və bir gün sonra orada müayinədən keçirilmişdi.

Buna da bax:​ Vəkil: 'Cəbhəçi rühi-əsəb dispanserində müayinə olunub'

Vəkil Ə. Mustafayev AzadliqRadiosu-na həmçinin demişdi ki, cəbhəçidə hər hansı psixi pozuntu aşkarlanmayıb. Ə. Mustafayevin bildirməsinə görə, Füzuli Hüseynov oktyabrın 14-ü təcridxanaya qaytarılıb.

Vəkil F.Hüseynovun saxlandığı Binəqədi Müvəqqəti Təcridxanasından ruhi-əsəb dispanserinə gətirilməsini isə belə izah etmişdi:

“F.Hüseynov inzibati həbsinə etiraz olaraq təcridxanada quru aclıq aksiyası (su da içməyib) keçirib. Təcridxana rəhbərliyi isə görünür F.Hüseynovun başına nəsə gələ biləcəyi və buna görə məsuliyyət daşıyacağı təlaşı keçirib. Hesab ediblər ki, ən yaxşı çıxış yolu onun ruhi-əsəb dispanserinə göndərilməsidir. Bu hərəkətilə təcridxana rəhbərliyi bir növ özünü sığortalayıb. Amma əslində, F.Hüseynovda hər hansı psixoloji məsələ yoxdur. Bununla təcridxana rəhbərliyi bir hadisə olarsa 'xəstə idi, ona görə bu baş verdi' bəhanəsi qazanmaq istəyib. Amma istənilən halda bu yeni haldır və indiyə kimi belə bir hadisə olmamışdı ki, siyasi şəxsi ruhi-əsəb xəstəxanasına göndərsinlər”.

Buna da bax:​ Həbsdəki müxalifətçilər buraxılmadı

Vəkil bildirmişdi ki, F.Hüseynov mənsub olduğu partiya rəhbərliyinin xahişini nəzərə alaraq aksiyanı dayandırıb. Ə. Mustafayev deyib ki, Füzuli Hüseynov oktyabrın 14-ü qida qəbul edib.

Vəkilin bu açıqlamasına, hələlik, Binəqədi Müvəqqəti Təcridxanasının rəhbərliyinin və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Bu ayın əvvəlində AXCP-nin 6 fəalı inzibati qaydada həbs edilib. Onlar polisin qanuni tələbinə əməl etməməkdə ittiham ediliblər.10 gündən 30 günə kimi inzibati həbs cəzası alıblar.

Onlardan Füzuli Hüseynov da 30 günlük inzibati cəza alıb.

Buna da bax:​ Təkbaşına siyasi şüar qaldıran AXCP üzvü 10 sutka aldı

Partiya onların Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqdən öncə saxlanmasına diqqət çəkib. AXCP hesab edir ki, onlar aksiyanın kütləviliyinin qarşısını almaq məqsədi ilə uydurma ittihamla saxlanıb.

Hərçənd, aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Mitinqdən sonra KİV-lərə açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar isə müxalifəti qərəzdə və hakimiyyətin ünvanına böhtan atmaqda günahlandırıblar.

Buna da bax:​ İkinci dəfə təkbaşına etiraz

Füzuli Hüseynov kimdir?

Füzuli Hüseynov Bakıda «Siyasi məhbuslara azadlıq!» şüarı ilə təkadamlıq etiraz aksiyaları keçirməsi ilə tanınır.

O, may və iyun aylarında Bakının mərkəzi hissələrində siyasi məhbus sayılan şəxslərə azadlıq tələb etmişdi.

İyunda keçirdiyi təkadamlıq aksiyaya görə, Nəsimi Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandıraraq 200 manat cərimə etmişdi.

İyulda gerçəkləşdirdiyi növbəti təkadamlıq aksiya zamanı isə onu saxlayıb, məhkəməyə aparmışdılar.

Buna da bax: AXCP fəalı döyülüb, cərimələndiyini deyir

Səbail Rayon Məhkəməsi onu 10 sutka inzibati qaydada həbs etmişdi. F.Hüseynov yenə də İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandırılmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG