Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 06:58

Oktyabrın 11-dən yoxa çıxan dindar fəal, «Müsəlman Birliyi» Hərəkatının üzvü Xaliq Siyabov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (BMCMİ) tapılıb. Bu haqda AzadlıqRadiosuna onun yaxınları məlumat verib.

O, az öncə telefonla əlaqə saxlayaraq, BMCMİ-dən buraxıldığını deyib və gəlib onu aparmalarını istəyib.

+++

«Müsəlman Birliyi» Hərəkatının daha bir üzvü, Nardaran hadisələri ilə bağlı məhkəmələrin fəal iştirakçılarından olan Xaliq Siyabov (Seyid Əbdülxaliq kimi tanınır-red.) da yoxa çıxıb. O, oktyabrın 11-də günorta saatlarında evdən çıxıb, yaxınlarına da deyib ki, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, Sumqayıt şəhəri, 2-ci polis bölməsinə çağrılıb, ora gedir. O vaxtdan bəri ondan heç bir xəbər yoxdur. Bu haqda AzadlıqRadiosuna dindar fəalın yaxınları məlumat verib.

Vəkil Yalçın İmanov da bildirib ki, X.Siyabovun yerini müəyyənləşdirmək üçün müxtəlif dövlət orqanlarına müraciət edib, amma onu tapa bilməyib:

«Sumqayıt Şəhər Polis İdarəsinə, 2-ci polis bölməsinə müraciət eləmişəm, bildiriblər ki, orada belə adam saxlanılmır. Sumqayıt Şəhər Məhkəməsindən dedilər ki, bu ad-soyadda adam haqqında heç bir qərar verilməyib. Kürdəxanıdakı Bakı istintaq təcridxanasında da yoxdur».

Y.İmanov hüquqlarını müdafiə etdiyi digər dindar fəal Ə.Nuruzadənin də dörd gün yoxa çıxdıqdan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbsi xəbərinin üzə çıxmasını nəzərə alaraq, X.Siyabovun da həmin idarədə olmasını istisna etmir. Amma vəkil bu haqda məlumatı dəqiqləşdirə bilmədiyini deyir.

Son bir həftə ərzində «Müsəlman Birliyi» Hərəkatının üç üzvü – Əhsən Nuruzadə, Samir BabayevRəvan İsmayılov həbs olunub.

R.İsmayılov və S.Babayevin hər ikisi polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.

Ə.Nuruzadə haqqında CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə cinayət işi başlanıb, barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG