Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 03:35

İraqda tapılan Abdulla Azərbaycana gətirilib


İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla dünən, oktyabrın 12-də Azərbaycana gətirilib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, döyüş bölgələrində digər azərbaycanlı uşaqların da müəyyən olunması və Azərbaycana gətirilməsi ilə bağlı iş davam edir.

«Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identifikasiya işləri aparılmalıdır. Bunu İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması lazımdır», - deyə H.Hacıyev bu məsələdəki proseduru izah edib.

H.Hacıyev deyib ki, uşaq hüquqi prosedurlara uyğun yaxınlarına təhvil verilir.

Valideynlərinin İraqda öldürüldüyü güman edilən bu uşağın Azərbaycanda babasının olduğu açıqlanmışdı.

XATIRLATMA

Bir müddət öncə İraqda İŞİD-dən təmizlənmiş ərazilərdəki sığınacaqların birində bir qrup uşaq aşkar edilmişdi. Onların arasında valideynləri Azərbaycandan getmiş ikiyaşlı Xədicə və dördyaşlı Abdullanın görüntüləri də yayınlanmışdı.

Bundan sonra Azərbaycan XİN vasitəsilə bu uşaqların axtarışına başlanmışdı.

Suriyada müharibə başladıqdan bu yana Azərbaycandan İŞİD-ə qoşulanlar olub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 900 nəfərə yaxın Azərbaycan vətəndaşının bu qanunsuz hərbi qruplaşmanın tərkibində olması haqda məlumat yayıb. Onlardan bir çoxunun Azərbaycana qayıtdıqdan sonra həbs edildiyi deyilir.

İŞİD tərkibində döyüşmüş 151 nəfər şəxsin isə Azərbaycan vətəndaşlığından məhrum edildiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG