Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:21

Ekspert: 'Banklar krediti 30 faizdən yüksək verirlər'


Əkrəm Həsənov

Ölkədə neft hasilatının azalması, pambıqçılığa diqqətin artması və ölkə banklarında kreditlərin yüksək faizlərlə verilməsi bu gün (13 oktyabr 2017) medianın aparıcı mövzularındandır...

«KREDİTLƏR QEYRİ-HÜQUQİ MÜSTƏVİDƏ VERİLİR»

«Exo» qəzetində «Azərbaycan banklarında sui-istifadə davam edir» sərlövhəli yazı oxumaq olar.

Yazıda ölkədə kreditlərin verilmə qaydası və şərtləri ekspert Əkrəm Həsənovla müzakirə edilir.

«Hazırda Azərbaycanda kreditlərin verilməsi faktiki qeyri-hüquqi müstəvidə baş verir. Mərkəzi Bank elan edir ki, xarici valyutada fiziki şəxslər üçün kredit faizləri 16.25 faiz, manatla 16.10 faiz təşkil edir. Gerçəklikdə isə bu faizlərlə kredit almaq sadəcə mümkün deyil»,-deyə ekspert bildirib.

Ə.Həsənov deyib ki, banklar faktiki dollarla kredit vermirlər. Manatla kreditə gəlincə, Mərkəzi Bank banklara bunu 15 faizlə verir:

«Məgər kommersiya bankları 15 faizlə kredit götürdüyü halda pulları elə həmin faizlə də verirlər? Bankların əhaliyə verdiyi kreditdən cəmi 1 faiz qazanmasını düşünmək özü axmaqlıqdır».

Ekspert deyib ki, hazırda maliyyə bazarında hətta hüquqi şəxslərə orta faiz dərəcəsi 20-25 arasında dəyişir. Fiziki şəxslərə isə bu, 30 faizdən yüksəkdir:

«Amma Mərkəzi Bank deyir ki, orta faiz dərəcəsi 16.10 faizdir. Onda belə çıxır ki, banklar bəzi müştərilərə kreditləri çox aşağı faizlə verir, əksəriyyət üçün isə daha sərt tələb və şərtlər müəyyən edir. Bu, artıq hüquq-mühafizə orqanları səviyyəsində müzakirə predmetidir. Bu onu göstərir ki, Azərbaycan banklarında sui-istifadə davam edir».

Ekspert hesab edir ki, bu siyasət hər şeydən öncə bank sektoruna böyük ziyan vurur:

«Hökumət hazırda bank sektorunun sağlamlaşdırılması ilə məşğuldur. Amma belə çıxır ki, kredit təşkilatları özləri bu məsələdə xüsusi olaraq maraqlı deyillər».

Neft Daşları
Neft Daşları

NEFT HASİLATININ AZALMA SƏBƏBLƏRİ...

«Novoye Vremya» qəzetində «Narahatedici meyllər: neft-qaz sahəsində nə baş verir?» sualına cavab axtarılır.

Müəllif rəsmi statistik rəqəmlərə istinadən ölkənin neft-qaz hasilatı sənayesindəki azalmaları dəyərləndirir.

Yazıda bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında SOCAR 5 milyon 579.3 ton neft çıxarıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz azalma deməkdir. Bəhs edilən dövrdə 4 milyard 457.8 milyon kubmetr qaz hasil olunub. Bu isə ötən ilin analoji dövrlə müqayisədə 5.3 faiz azalma anlamına gəlir.

Müəllif vurğulayıb ki, ümumilikdə isə ölkədə neft hasilatı 10 faizə yaxın azalıb. Yazıda bildirilir ki, Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) azalması neft hasilatının aşağı düşməsindən irəli gəlir.

Müəllif hesab edir ki, hasilatın azalmanın əsas səbəblərindən biri yataqların bir çoxunun köhnə olması ilə bağlıdır.

Yazıda üstəlik, qeyd edilir ki, son illərdə Azərbaycanda yeni irihəcmli bir yataq istismara verilməyib. Müəllifin fikrincə, bundan başqa, ölkəyə böyük neft pulları gələn vaxt neft avadanlıqlarının modernləşdirilməsi məsələsi bir elə yada düşməyib.

Yazıda bildirilir ki, bu il sentyabrın 14-də imzalanan «yeni əsrin neft sazişi» gələcəyə nikbin vədlər verir.

Amma müəllif bildirir ki, yaxın illərdə hasilatın artacağını gözləmək əbəsdir...

İmişlidə pambıq yığımı.
İmişlidə pambıq yığımı.

«ƏMƏYİN AZAD...»

«Azərbaycan» qəzetində «Pambıqçılar dövlətin dəstəyindən ruhlanıblar» sərlövhəli yazı dərc edilib.

Zərdab rayonunun Əlvənd kəndində pambıqçı Sürəyya Mirəliyeva ilə görüşündən danışan müəllif vurğulayır ki, bu il havalar pambıqçılıqdan ötrü o qədər də əlverişli olmayıb. Payız sərt üzünü tez göstərib.

«Amma işgüzar adamlar havaların şıltaqlığına da qalib gələ bilir. Pambıq yığımı başlayandan bəri vaxt itirmədən xeyli məhsul toplanıb. Hər gün ən azı 120-130 kiloqram pambıq toplayıram, bunu da son hədd saymıram. Ötən illə müqayisədə məhsuldarlıq xeyli artıb. Müqavilə şərtlərinə əsasən, bizim əməyimizə də yüksək qiymət verilir», - deyə pambıqçı S.Mirəliyeva qəzetə bildirib.

S.Mirəliyeva deyib ki, təsərrüfatın inkişafında çoxşaxəliliyə üstünlük verirlər. Hansı sahə daha çox gəlir gətirə bilirsə, istiqaməti ora yönəldirlər:

«Mənim pambıqçılıqda daha çox səriştəm var. Düz 30 ildən çoxdur ki, pambıq əkini ilə məşğul oluram. Bu təsərrüfat sahəsindən az gəlir götürmürəm. Ailəmizin böyük ehtiyacları bu hesaba ödənilir».

Müəllif vurğulayır ki, bu gün pambıqçılıq sərt idarəetmənin, yersiz amirliyin məngənəsindən qurtarır, təsərrüfatı pambıqçılar özü idarə edirlər:

«Pambıq emalı zavodu ilə vaxtında müqavilə bağlanır, satış qiyməti də tərəflərin razılığı ilə düzgün tənzimlənir. Pambıqçı bilir ki, hər hektardan nə qədər xeyir götürəcək. Belə olanda yüksək nəticəyə inam da artır».

Günün bütün mövzuları

XS
SM
MD
LG