Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 03:41

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 2 üzvünün Şirvan şəhərində inzibati qaydada həbs edildiyi deyilir.

Bu haqda vəkil Yalçın İmanov məlumat verib.

Vəkilin deməsinə görə, AXCP üzvləri Əlifağa Abdullayevla Eldəniz Səmədov oktyabrın 9-da və 10-da Şirvan şəhər Məhkəməsində hakim önünə çıxarılıblar. Ə.Abdullayevə 15, E.Səmədova isə 10 günlük inzibati həbs cəzası verilib.

Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Vəkilin sözlərinə görə, adları çəkilən cəbhəçilərin Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinqinə qatıldıqlarından cəzalandırıldıqları güman edilir.

Müxalifətçilərin məhkəmə zamanı ittihamları rədd etdiyini bildirən Y.İmanovun sözlərinə görə, onlar polisə tabe olmamaqda günahlandırılıblar. Ancaq protokollarda tabe olmamanın detallarına toxunulmur.

Buna da bax: AŞPA-da Azərbaycanla bağlı iki qətnamə qəbul olundu

Vəkil, hələlik cəbhəçilərlə görüşə bilməyib. O, görüşdən ötrü müraciət etsə də, icazə verilmədiyini bildirir.

AXCP üzvlərinin həbs edilməsi ilə bağlı qərardan apellyasiya şikayəti veriləcək.

Vəkilin açıqlamasına, hələlik, Şirvan şəhər Polis İdarəsindən və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Buna da bax: 'Gürcüstan işi' hesabatı açıqlandı

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb. Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Sonradan AXCP məlumat yaydı ki, 6 nəfər 10 gündən 30 günə kimi inzibati qaydada həbs cəzası alıb. Onların da polisin qanunu tələblərini yerinə yetirməməkdə günahlandırıldığı açıqlandı.

Üstəlik, mitinq ərəfəsində və sonra AXCP-nin bir neçə üzvünün də işdən çıxarıldığı bildirilir.

Halbuki, Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılmışdı. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib.

Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının üzvi, deputat Nizami Cəfərov AzadlıqRadiosu-na həmin fikirləri belə dəyərləndirib:

“Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü ölkədir. Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir…”

Milli Şuranın bundan öncəki mitinqi ərəfəsində də 7 fəal inzibati qaydada həbs edilmişdi. Qurum hesab edir ki, hakimiyyət bununla əhalinin gözünü qorxutmaq və aksiyaya qatılanların qarşısını almaq istəyir.

Prezident İlham Əliyev isə bu günlər Avropa Birliyi Şurasının rəsmilərini qəbul edərkən deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının fikrincə, xalq belə aksiyaları dəstəkləmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG