Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:09

Helsinki Komissiyası Qarabağla bağlı dinləmələr keçirəcək


Qarabağda erməni əsgəri

Amerika Birləşmiş Ştatları (ABŞ) Helsinki Komissiyası oktyabrın 18-də Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü mövzusunda dinləmələr keçirəcək.

Müzakirələrdə bu məsələdə ABŞ və ATƏT-in rolu da dəyərləndiriləcək.

Komissiyanın məlumatında bildirilir ki, 2016-cı ildə münaqişə zonasında baş verən hərbi əməliyyatlar zamanı 200-ə yaxın adam ölüb.

«Cəbhənin təmas xəttində daim atəşkəsin pozulması halları baş verir. Tərəflərin hər biri daha miqyaslı münaqişəyə risk edir ki, buna Rusiya, Türkiyə və İran da cəlb edilə bilər», - məlumatda vurğulanır.

Dinləmələrdə Minsk qrupunun iki keçmiş həmsədri, həmçinin münaqişə üzrə müstəqil ekspert iştirak edəcək. Onlar hazırkı vəziyyəti, eləcə də davamlı sülhə nail olmaq perspektivlərini dəyərləndirəcəklər.

Minsk qrupunun keçmiş həmsədrləri Carey Cavanaugh (1999-2001), James Warlick (2013-2016), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Magdalena Grono çıxış edəcəklər.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumi dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG