Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:26

Avropa Şurasında 4 il əvvəl və indi əsən 'yellər'-Media icmalı


AŞPA

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanla bağlı qəbul edilən qətnamələrə fərqli yozumlar və əhalinin dolanışığı bu gün (12 oktyabr 2017) medianın aparıcı mövzularıdır...

KİM UTANMALIDIR - AŞPA, YOXSA?..

Azadliq.info saytında gündəmə «Kim utanmalıdır: AŞPA, yoxsa Azərbaycan hakimiyyəti?» sualı gətirilir.

Müəllif Rövşən Hacıbəyli oktyabrın 11-i Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda insan hüquqları, siyasi həbslər, ifadə və sərbəst toplaşmaq azadlığı ilə bağlı iki qətnamə qəbul etməsini dəyərləndirir:

«Əslində, çoxdan gözlənilən qərarlar idi. Sadəcə Azərbaycan hakimiyyəti illərdir bütün resurslarını, büdcə pullarını belə qərarların qəbul olunmamasına xərcləyirdi...».

Yazıda vurğulanır ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti qətnamələrin qəbulundan sonra isterik bəyanatlar dilə gətirir. Müəllifin fikrincə, bundan sonra onlar AŞPA-dakı bu «uğursuz»luğa görə hakimiyyətə cavab verməlidir. Yazıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan belə bir sitat da gətirilir:

«Bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş «Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair» sənədi qeyd etmək istəyirəm».

Yazıda keçmiş məruzəçi Strässer-in Azərbaycandakı siyasi məhbus sayılan şəxslərlə bağlı hesabatının AŞPA-nın 2013-cü il yanvar sessiyasında qəbul edilməməsi də xatırladılır:

«Azərbaycan nümayəndə heyəti hesabatın müzakirə olunacağı yığıncağa daha «hazırlıqlı» getmişdi. Elə bu hazırlığın sonucu olaraq 125 deputat hesabatın əleyhinə, yalnız 79 deputat lehinə səs verdi. O gün – 2013-ün yanvar sessiyasında Strässer də - elə Azərbaycan nümayəndə heyətinin indiki durumu kimi – isterikada idi».

Müəllif həmin vaxt Strässer-in baş verənlərə münasibətini də çatdırır:

«Debatların necə keçməsi və müzakirələrdə deyilənlər məni dəhşətə gətirdi».

Səməd Seyidov
Səməd Seyidov

«AZƏRBAYCANI İSTƏMƏYƏN QÜVVƏLƏR...»

AZƏRTAC isə mövzu ilə bağlı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla müsahibə təqdim edib.

Müsahibədə S.Seyidov Strässer-in də adını çəkib:

«Əslində, AŞPA-nın heç bir iclasında iştirak etməyən şəxslər - Omtzigt, Strässer bu gün sessiyaya gəlib ölkəmizi tənqid etmək fürsətini əldən vermək istəməyiblər. Onlar açıq-aşkar qarşılarına məqsəd qoyublar ki, AŞPA-da Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar. Özləri də ancaq yalan danışmaqla, böhtan atmaqla məşğuldurlar».

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Azərbaycan müstəqil ölkədir, öz müstəqil siyasətini davam etdirir, həqiqətləri Avropa parlamentarilərinə, ictimaiyyətinə çatdırır.

S.Seyidov daha sonra deyib:

«Avropa Şurasının baş katibi Avropa İnsan Hüquqları Məhkəməsinin yerinə yetirilməyən 10 min işini kənara qoyaraq ölkəmizlə bağlı bir işin üstünə düşüb. O, bununla Azərbaycanın imicinə, nüfuzuna zərbə vurmaq niyyətindədir. Biz konkret olaraq bildirdik ki, bəzi kampaniyaların arxasında erməni lobbisinin pulları durur. Bəzi ölkələrlə gecə-gündüz çalışıb dialoq qururlar, ancaq Azərbaycanla bağlı uçurum yaratmaq istəyirlər. Bu cəhdlərin arxasında dayananlar ölkəmizi istəməyən qüvvələrdir...».

ƏHALİ KASIBLAŞIR...

«Exo» qəzetində «Azərbaycan əhalisi nədən kasıblaşır?» sərlövhəli yazı oxumaq olar.

Yazının başlığında yer alan suallı müəllif ekspertlərə ünvanlayıb.

«Azərbaycan əhalisinin kasıblaşmasının əsas səbəbi devalvasiyadır. Bu hal vətəndaşların gəlirlərinin azalmasına gətirdi», - deyə ekspertlər qəzetə bildiriblər.

Ekspertlər deyiblər ki, bu ilin ötən 9 ayı ərzində ölkə əhalisinin nominal əməkhaqqı cəmi 7 faiz artıb. Amma inflyasiya rəsmi rəqəmlərə görə, bunu iki dəfə üstələyib:

«Rəsmi rəqəmlərə görə, inflyasiya 14, ərzaq bahalaşması isə 18 faizdir. Bu isə o deməkdir ki, əhalinin real gəlirləri azalır».

Ekspertlər vurğulayıblar ki, bundan daha çox pensiyaçılar, aztəminatlı ailələr kimi həssas qruplar əziyyət çəkir.

Yazıda bildirilir ki, 2015-ci ildən ölkədə iqtisadi artım dayanıb. Keçən il ümumi daxili məhsul ( ÜDM) 4, bu ilin 9 ayında 1 faiz azalıb.

Ekspertlərə görə, devalvasiya ölkəyə özü ilə bahəm yeni-yeni fəsadlar gətirib:

«Devalvasiyadan sonra əhalinin xərcləri artıb, gəlirləri azalıb, ərzaq məhsulları bahalaşıb, kommunal xidmətlərə görə tariflər əhəmiyyətli dərəcədə artırılıb».

Ekspertlər yaxın gələcəkdə vəziyyətin düzələcəyinə də bir elə inanmırlar:

«Ölkə iqtisadiyyatında yaxın zamanlarda ciddi dəyişiklik gözlənmir. Son aylarda ərzağın qiymətinin artması nəzərə çarpır, inflyasiya daha da sürətlənəcək, əhalinin real gəlirləri isə daha da azalacaq. Əhali daha çox qənaət etməli olacaq. Ölkədaxili ticarət dövriyyəsi azalacaq ki, bu da iqtisadiyyata mənfi təsir göstərəcək. Ölkə iqtisadiyyatının real inkişafı olmadan yaxşılığa doğru dəyişikliklər gözləməyə dəyməz».

Günün bütün mövzuları

XS
SM
MD
LG