Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 01:33

2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13.9 faiz bahalaşıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında yazılır. DSK bildirir ki, ərzaq məhsullarının qiymətləri 17.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12.5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9.6 faiz artıb.

Bu ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri də 0.7 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətləri son bir ayda 1.4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0.1 faiz artıb.

NƏLƏR BAHALAŞIB

Ay ərzində mal, qoyun, toyuq ətinin, yumurtanın, kolbasa məmulatlarının, süd məhsullarının, kərə, zeytun, marqarin yağlarının, limonun, portağalın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın və sarımsağın qiymətləri bahalaşıb.

Bundan başqa, qeyri-ərzaq mallarından parçaların, geyimlərin, ayaqqabıların, inşaat materiallarının, mebellərin, ev əşyalarının, xalçaların, kitabların, dəftərxana ləvazimatlarının və zərgərlik məmulatlarının bahalaşdığı bildirilir.

Əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, stomatoloji xidmətlər və ödənişli ali təhsil haqqının da yüksəldiyi açıqlanıb.

NƏ UCUZLAŞIB

Düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, bananın, almanın, armudun, qozun, fındığın, soğanın, kartofun, şəkər və şəkər tozunun qiymətlərinin isə ucuzlaşdığı bildirilir.

Habelə, soyuducuların, kondisionerlərin, minik avtomobillərinin, mobil telefon və fotoaparatların qiymətlərində ucuzlaşma müşahidə olunub.

Dəmiryol və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində də ucuzlaşma müşahidə olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG