Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:38

“Gündəlik hava gəzintisi norması 3 saat olsa da, bizə cəmi 10-12 dəqiqə havada qalmağa icazə verirlər”

Bunu Binəqədi rayonundakı təcridxanada saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ramid Nağıyev bu gün, oktyabrın 10-u vəkil Yalçın İmanovla görüşündə deyib.

Bu barədə vəkil məlumat yayıb.

Yalçın İmanovun sözlərinə görə, Ramid Nağıyev ona deyib ki, məntəqədə 4 nəfər iki nəfərlik kameraya yerləşdirilib. Cəbhəçi televizorun olmamasından və yeməklərin keyfiyyətsizliyindən də şikayətlənib.

Buna da bax:​ Vəkil: 'Cəbhəçilər ittihamları təkzib edir'

R.Nağıyev vəkilinə nəql edib ki, oktyabrın 3-ü Binəqədi rayonu Polis İdarəsinin 6-cı Polis Bölməsinə çağırılıb. Deməsinə görə, həmin gün axşamadək bölmədə saxlanılıb, şəklini çəkib, əl-barmaq izlərini götürüblər. Ailə üzvləri, qohumları haqda da sorğu-sual edilib.

Bir gün sonra bölmədən yenə zəng gəldiyini bildirən cəbhəçinin sözlərinə görə, əl izlərinin keyfiyyətli alınmadığını deyərək, onu yenidən bölməyə dəvət ediblər.

“R.Nağıyev polis əməkdaşları ilə Biləcəridəki polis məntəqəsinin qarşısında görüşüb. Onu deməsinə görə, mülki və polis geyimində olan 6 nəfərə zorla maşına basıb 6-cı polis bölməsinə aparıblar", – vəkil vurğulayıb.

Buna da bax:​ Milli Şura Bakıda mitinq keçirdi (Video)

Cəbhəçinin deməsinə görə, bölmədə yüksək səslə telefonla danışması, söyüş söyməsi, onu intizama dəvət edən polisin tələbinə tabe olmaması barədə protokol tərtib edilib. Binəqədi rayon Məhkəməsinə aparılan R.Nağıyev 25 sutkalığa inzibati qaydada həbs edilib.

Yalçın İmanov R.Nağıyevin həbsindən apellyasiya şikayəti verəcəyini bildirib.

Ötən həftə 6 AXCP üzvü inzibati qaydada həbs edilib.

Onlar Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev, Cabbar SavalanlıFizuli Hüseynovdur.

Vəkilin bu açıqlamasına, hələlik, Binəqədi rayon Polis İdarəsi və məhkəmədən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ İnzibati həbs edilən cəbhəçi buraxılmadı

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmamışdı.

Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib.

Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Buna da bax: Milli Şura saxlananlarla bağlı Avropa Məhkəməsinə üz tutacaq

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının üzvi, deputat Nizami Cəfərov AzadlıqRadiosu-na həmin fikirləri belə dəyərləndirib:

«Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü ölkədir. Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir…».

Milli Şuranın bundan öncəki mitinqi ərəfəsində də 7 fəal inzibati qaydada həbs edilmişdi. Qurum hesab edir ki, hakimiyyət bununla əhalinin gözünü qorxutmaq və aksiyaya qatılanların qarşısını almaq istəyir.

Prezident İlham Əliyev isə bu günlər Avropa Birliyi Şurasının rəsmilərini qəbul edərkən deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının fikrincə, xalq belə aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG