Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 08:42

Vəkil: 'Cəbhəçilər ittihamları təkzib edir'


Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev bu gün, oktyabrın 9-da inzibati qaydada həbs edilən 6 AXCP üzvü ilə görüşüb.

Onlardan beşi - Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm RzayevFizuli Hüseynovun Bakının Binəqədi rayon polisində saxlandığı bildirilir.

Vəkilin deməsinə görə, digər fəal Cabbar Savalanlı isə Sumqayıt polisində tutulur:

«Həbs olunanların hamısı standart hüquq pozmalarda - küçədə yüksək səslə telefonda söyüş söyməkdə, polis əməkdaşları onları ictimai asayişə riayət etməyə çağırdıqda isə tabe olmamaqda ittiham olunublar».

Beş fəal 25-30 günlüyə, C.Savalanlı isə 10 gün müddətinə həbs edilib.

Ə.Mustafayevin sözlərinə görə, əslində fəalların əksəriyyəti ya polisə çağırılaraq saxlanılıb, ya da evlərindən aparılıb. Vəkil bütün işlər üzrə apellyasiya şikayətləri verib.

Vəkil bildirib ki, Binəqədi təcridxanasında məhbuslar sıx şəraitdə saxlanılır.

«Beş nəfərlik kameralarda 9-11 nəfər saxlanılır. Çoxları yerdə yatmaq məcburiyyətində qalır. Bundan başqa, məhbuslar üçün evdən gətirilən yeməkləri qəbul etmirlər, keyfiyyətsiz yeməkləri yeməyə məcbur edirlər. AXCP fəalı Fizuli Hüseynov siyasi məhbusların azad edilməsi tələbi ilə təcridxanada aclıq elan edib. Yalçın Abdullayev oktyabrın 3-də 200 manat cərimə olunmuşdu», - vəkil qeyd edib.

Müdafiə tərəfi hesab edir ki, onların Milli Şuranın oktyabrın 7-də keçirdiyi mitinq ərəfəsində saxlanması heç də təsadüf deyil.

Vəkilin təcridxanada sıxlıq, keyfiyyətsiz yemək haqda dediklərinə və inzibati həbsi əsassız saymasına hələlik nə Penitensiar Xidmətdən, nə də məhkəmələrdən münasibət almaq mümkün olub.

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Mitinq zamanı AXCP sədri Əli Kərimli isə demişdi ki, ümumilikdə 200-ə yaxın fəal polisə çağırılıb. Onlardan bəziləri saxlanıb.

Ancaq mitinqdə səslənən bu açıqlamanı da hüquq- mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti sərt tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının üzvi, deputat Nizami Cəfərov AzadlıqRadiosuna həmin fikirləri belə dəyərləndirib:

«Bizim müxalifətin hərdən elə yersiz iddiaları olur. Azərbaycanda neft siyasətinin nəticəsi bugünkü ölkədir. Azərbaycanın inkişafıdır, onun iqtisadi, siyasi, mədəni inkişafıdır. Bunlar göz qabağındadır. Ona görə də onların verdiyi şərhlər əvvəlcədən düşünülmüş, guya problem yaratmağa istiqamətlənən mənasız söz-söhbətdir…».

Milli Şuranın bundan öncəki mitinqi ərəfəsində də 7 fəal inzibati qaydada həbs edilmişdi. Qurum hesab edir ki, hakimiyyət bununla əhalinin gözünü qorxutmaq və aksiyaya qatılanların qarşısını almaq istəyir.

Prezident İlham Əliyev isə bu günlər Avropa Birliyi Şurasının rəsmilərini qəbul edərkən deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının fikrincə, xalq belə aksiyaları dəstəkləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG