Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:30

'Bağlanan müəssisələr statistikaya düşmür'-Mətbuat icmalı


«Azərsu» (www.azersu.az)
«Azərsu» (www.azersu.az)

Regionlarının inkişafı, korrupsiya, bağlanan müəssisələrin, iş yerlərinin rəsmi statistikaya düşməməsi bu gün medianın (6 oktyabr 2017) aparıcı mövzularındandır...

MİLYARDLAR «SUYA DÜŞÜB»...

«Yeni Müsavat» qəzetində ««Azərsu»dakı korrupsiya Bakını çökdürür» sərlövhəli məqalə oxumaq olar.

Yazıda xatırladılır ki, oktyabrın 4-ü Nizami rayonu, Mehdi Abbasov küçəsində magistral yolda kollektorun partlaması üzündən dərinliyi iki metrə çatan çuxur əmələ gəlib. «Azəravtoyol» ASC buna görə «Azərsu» ASC-ni təqsirli bilir.

Müəllif yazır ki, son illər «Azərsu» ASC-yə dövlət büdcəsindən, beynəlxalq qurumlardan böyük vəsaitlər verilib. Amma əvəzində görülən işlər nəticə vermir.

İqtisadçı N.Cəfərli qəzetə deyib ki, mövcud durum son illərdə bu quruma verilən milyardlarla manat vəsaitin səmərəsiz xərclənməsinin nəticəsidir.

Ekspert vurğulayıb ki, dövlət büdcəsindən birbaşa ayırmalardan əlavə, «Azərsu» ASC-yə müxtəlif beynəlxalq maliyyə qurumları kreditlər də verib:

«Həmin layihələrin həyata keçirilməsində də çox böyük problemlər yaşanıb, söhbət təxminən milyardlarla dollar vəsaitdən gedir. Son 10 ili götürsək, bəlkə də bu vəsaitlərin həcmi 5 milyarddan yuxarıdır».

N.Cəfərli deyib ki, Azərbaycanda artıq büdcə xərcləmələrində korrupsiyanın olması heç kimi təəccübləndirmir. Amma korrupsiya ilə yanaşı, işin keyfiyyətsizliyi də böyük problemlər yaradır.

Ekspert hesab edir ki, bütün bunlar qeyri-şəffaf idarəetmənin, tenderlərin normal keçirilməməsinin nəticəsidir.

Səlim Müslümov
Səlim Müslümov

İŞSİZLƏR VƏ YARIMŞTATLAR...

«Novoye Vremya» qəzetində «İşsizlik əsas problemlərdən biridir, amma Səlim Müslümov başqa cür düşünür» sərlövhəli yazı diqqət çəkir.

Yazıda bildirilir ki, Azərbaycanda yarımştat çalışan çoxsaylı şəxslər var. Onların əksəriyyəti müəllimlər və tibb mütəxəssisləridir.

Müəllif hesab edir ki, ölkədə iş yerləri qıt olduğundan, onlar belə işləməyə məcburdurlar.

Daha sonra müəllif bu yaxınlarda İstanbul şəhərində Beynəlxalq Əmək Təşkilatının konqresində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun çıxışına toxunur. Yazıda qeyd edildiyinə görə, nazir orada deyib ki, Azərbaycanda iqtisadiyyat şaxələnir, yeni iş yerləri yaradılır, gənclər arasında işsizlik bəzi Avropa ölkələrindən də azdır. Müəllif nazirə xitabən yazır ki, manatın iki devalvasiyasından sonra Azərbaycanda işsiz vətəndaşların sayı daha da artıb:

«Bu gün iş yeri qıtlığı yaşanır. İşçi yerlərində ya kadrların ixtisarı, ya da maaşların azaldılması baş verir. Onlarla ailə qeyri-müəyyən müddətə tamamilə gəlirsiz qalıb».

Yazıda bildirilir ki, yeni yaradılan iş yerlərinin də bir çoxu müvəqqəti xarakter daşıyır:

«Bizdə nə üçünsə ləğv edilən vakansiyalar, bağlanan müəssisələr, mağazalar, istehsal sahələri, eləcə də orta və ali məktəblərdə ixtisarlar barədə məlumat verilmir. Buna görə də əmək bazarında durumun nə qədər dəyişdiyini anlamaq olmur».

Müəllif vurğulayır ki, hakimiyyət torpağı olan, amma bundan gəlir əldə etməyən kəndlini də işsiz saymır. Belə şəxsləri sayı isə 700 min nəfərə yaxındır.

İ.Əliyev yeni yolun açılışında
İ.Əliyev yeni yolun açılışında

ÖLKƏNİN SABİT İNKİŞAFI...

«Azərbaycan» qəzetində isə «Ölkənin hərtərəfli sabit inkişafı respublikanın hər bölgəsinin timsalında görünür» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, Azərbaycanda bütün sahələr üzrə inkişaf gedir.

Yazıda dövlət başçısı İlham Əliyevin bu günlərdə Qobustana və Şamaxı rayonlarına səfəri fonunda mövzu dəyərləndirilir:

«Prezidentin Qobustan və Şamaxı rayonlarına səfərləri zamanı istifadəyə verilmiş müəssisələr, yollar, başa çatdırılmış layihələrlə tanışlıq bölgələrimizin, nəticə etibarilə bütövlükdə ölkənin inkişafının sabit olduğunu göstərir».

Müəllif hesab edir ki, dünyanın hər yerində maliyyə çətinliyi, iqtisadi problemlər yaşanır. Azərbaycanda isə düzgün və məqsədyönlü siyasət nəticəsində yeni-yeni uğurlar əldə edilir.

Yazıda bildirilir ki, 2004-cü ildən bu yana icra edilən dövlət proqramları nəticəsində ölkədə 11 min kilometr yol çəkilib.

Müəllif xatırladır ki, prezident oktyabrın 2-də Qobustan və Şamaxı rayonlarına səfəri zamanı da bir neçə yeni yolun açılışında iştirak edib. Yazıda qeyd edilir ki, istifadəyə verilən yeni yollar həm kənd əhalisinin rahatlığına, həm onların yetişdirdikləri məhsulları bazarlara tez çatdırmalarına, həm də ümumilikdə bölgədə turizmin inkişafına xidmət edəcək.

XS
SM
MD
LG