Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 16:11

“Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş sədri Cahangir Hacıyev bu gün, oktyabrın 4-də günorta bir həftə əvvəl salındığı karserdən (cərimə kamerası) çıxarılıb. Amma o, mədəaltı vəzində kəskin dözülməz ağrılardan şikayət edir, bu, keçirdiyi aclıq aksiyasının nəticəsi olub”.

Bunu AzadlıqRadiosu-na həbsdəki keçmiş bankirin bacısı Əminə Hacıyeva bildirib. O, qardaşı ilə oktyabrın 4-də telefonla danışa bilib.

Bacısının deməsinə görə, C.Hacıyev ona bildirib ki, “təcili yardım” və ya başqa həkimlər çağırmaq xahişlərinə baxmayaraq, onun müraciətlərinə məhəl qoyulmur.

Buna da bax:​ C.Hacıyevin bacısı: 'Yeməyi qəbul etmədilər, - Cahangir aclıq edir...'

Ə.Hacıyevanın sözlərinə görə, qardaşına hətta ağrıkəsici dərman da vermirlər.

“Prokurorluq hətta ona doğmaları ilə görüşməyi də qadağan edib, bunu "istintaqın məxfiliyinin təmin edilməsi" zərurəti ilə əsaslandırıb. Mən iki ildir istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində qardaşımla görüşlərə gedirdim. İstintaq yekunlaşıb və o, mühakimə edilib, cəzaçəkmə müəssisəsində saxlanılır. İndi görüşləri qadağan edirlər”, - deyən Hacıyeva qardaşının səhhətinə görə ciddi narahatlıq keçirdiklərini bildirib.

“Cahangirin vəziyyəti bizdə ciddi narahatlıq doğurur. O, çətinliklə telefona gəlib, indi isə görüşləri də qadağan edirlər”, - deyə o əlavə edib.

Buna da bax:​ 1 milyon 200 min manat da Cahangir Hacıyevin üzərinə qoyuldu

Vəkillə yenə görüş baş tutmayıb

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bu gün, oktyabrın 4-də onunla görüşmək istəyib. Ancaq görüş alınmayıb.

“Yenə vəkil otağının məşğul olduğunu bildirdilər. C.Hacıyev “kars”a salındıqdan sonrakı bir həftə ərzində onunla bir dəfə belə görüşə bilməmişik”, – deyən vəkil bunu müdafiə hüququnun kobud pozuntusu kimi dəyərləndirib.

Vəkil hesab edir ki, Hacıyevin doğmaları ilə görüşlərinin qadağan edilməsi də qanunsuzdur.

“Hacıyev həbs edilib, istintaq isə başqa epizodlar üzrə davam edir və doğmalarla görüş hüququnun məhdudlaşdırılması qanunsuzdur”.

Buna da bax:​ Yenə vəkili Cahangir Hacıyevlə görüşə bilməyib

Vəkil artıq, C.Hacıyevin yanına buraxılmamaları ilə bağlı Penitensiar Xidmətə şikayət etdiklərini bildirib. O, vurğulayıb ki, bir neçə dəfə keçmiş bankirlə görüşə cəhd etsələr də, bütün cəhdləri uğursuzluqla nəticələnib.

Müdafiə tərəfi ötən həftə keçmiş bankirin cərimə kamerasına salındığını açıqlamışdı. Yaxınlarının deməsinə görə, C.Hacıyev cərimə kamerasında aclıq aksiyası keçirib. Bacısı Əminə Hacıyeva demişdi ki, qardaşını mətbuata açıqlamalarına görə, cəzalandırıblar.

Ancaq bu deyilənlərə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmamışdı.

Sözü gedən qurumdan və Baş Prokurorluqdan qadağalarla bağlı deyilənlərə də hələlik, münasibət almaq cəhdləri nəticə verməyib.

Buna da bax:​ Cahangir Hacıyev Beynəlxalq Bankın müflisləşməsindən danışdı

XATIRLATMA

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-dən həbsdədir. O, ötən il oktyabrın 14-də mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı kimi ittihamlarla 15 il azadlıqdan məhrum edilib.

C.Hacıyev Beynəlxalq Bankdan müxtəlif adamların adlarına kreditlər ayırıb həmin vəsaitlərin mənimsənilməsində suçlu bilinir.

Ancaq o, özü ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG