Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 13:29

Daha bir dindar fəala 30 sutka həbs verildi


Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun tərəfdarı, Nardaranlı fəal Rəvan İsmayılov.

Həbsdə olan ilahiyyatçı Taleh Bağırovun tərəfdarı, Nardaran hadisələri ilə bağlı məhkəmələrin aktiv iştirakçılarından olan Rəvan İsmayılova 30 sutka inzibati həbs cəzası verilib. Oktyabrın 4-də Sabunçu Rayon Məhkəməsində bu haqda qərar çıxarılıb. Dindar fəal polisin qanuni tələbinə tabe olmamaqda suçlanır.

Amma Rəvan İsmayılov məhkəmədə deyib ki, yalandır, o, polis bölməsinə özü gedib. Onun sözlərinə görə, oktyabrın 2-də axşam saat 19.00 radələrində ona Sabunçu rayonu, 12-ci polis bölməsinin əməliyyatçısı olan Namiq adlı şəxs zəng edib və ertəsi gün saat 10-da bölməyə gəlməsini istəyib: "Mənə dedi ki, guya telefonumun nömrəsi başqa bir oğurluq telefonda istifadə olunub. Cavab verdim ki, mümkün deyil, amma gələrəm. Ertəsi gün səhər saat 8-də "20 yanvar" ərazisində idim, evdən zəng elədilər ki, qapımıza iki polis gəlib. Mən bir gün əvvəl zəng eləmiş əməliyyatçı ilə əlaqə saxlayıb bildirdim ki, söz verdiyim kimi, saat 10-da bölmədə olacağam, o adamları niyə göndərmisiz? Bundan sonra polislər evimizdən çıxıb getdilər, mən də bölməyə gəldim".

Buna da bax:​ Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib

R.İsmayılovun sözlərinə görə, Namiq adlı əməliyyatçı öz maşını ilə onu bölmədən Sabunçu Rayon Polis İdarəsinə aparıb. Orada idarənin Cinayət-Axtarış şöbəsinin rəisi və daha bir nəfər polis əməkdaşı onu sorğu-sual edib. Soruşublar ki, Milli Şuranın mitinqlərinə niyə qatılır, Taleh Bağırovu niyə müdafiə edir?

“SƏHƏRƏDƏK ƏLLƏRİM QANDALLI QALDIM”

Həmin gün axşam saatlarında yenidən 12-ci bölməyə qaytarıldığını deyən R.İsmayılov bildirib ki, onu əlləri qandallı vəziyyətdə müvəqqəti saxlama kamerasına salıblar: "Səhərə qədər əllərim qandallı qaldım. Səhər kameradan çıxarıb dedilər ki, polisə müqavimətə görə protokol tərtib olunub. Məndən izahat yazmağımı və protokola imza atmağımı istədilər, eləmədim".

Buna da bax:​ Dindar fəalın evindən fincan, köynək və kompüter aparılıb [yenilənib]

Məhkəmədə dindirilən polis əməkdaşları isə Rəvanı oktyabrın 3-də axşam saat 20.00 radələrində Sabunçu rayonu ərazisində saqqalına görə şübhələnib saxladıqlarını, həmin vaxt onların qanuni tələbinə tabe olmadığını deyiblər.

Hakim müşavirədən sonra R.İsmayılova 1 ay inzibati həbs cəzası verilməsi haqda qərarı elan edib.

R.İsmayılovun vəkili Yalçın İmanov AzadlıqRadiosu-na deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək: "İnzibati qaydada tutma protokolunu tərtib eləyənlə protokolu imzalayan ayrı-ayrı şəxslərdir. Polis əməkdaşı məhkəmədə protokolun 3 oktyabrda tərtib olunduğunu dedi, amma sənəddə 4 oktyabr tarixi göstərilib. Bütün bunlar ittihamın saxta olduğunu göstərir".

Buna da bax:​ 'Bandotdel' dindar fəalın telefonunu qaytarmır

Son 15 gündə bir neçə dindar fəal saxlanılıb. Onlardan bəziləri sonradan buraxılsa da, Əhsən Nuruzadəyə 10 günlük inzibati həbs cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG