Bu gün, oktyabrın 4-ü Bakının Nizami rayonundakı Qara Qarayev prospekti, Mehdi Abbasov küçəsində yolun bir hissəsi çöküb.
Yolun çökməsinə səbəb kimi yerin altından keçən kanalizasiya xəttinin sıradan çıxması göstərilir.
Ərazidə nəqliyyatın gediş-gəlişi məhdudlaşdırılıb.
Hazırda «Azərsu» ASC-nin əməkdaşları hadisə yerindədirlər. Çökən yolu «Azəravtoyol» ASC-nin inşa etdiyi bildirilir.
«Azəravtoyol» ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli də APA-ya bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib.
Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə «Azəravtoyol» ASC-nin və «Azərsu» ASC-nin əməkdaşları cəlb olunublar.
«Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq», - deyə o bildirib.
Ötən il «Azəravtoyol» ASC-nin prezidentin sərəncamına uyğun olaraq, həmin yolda əsaslı təmir işləri apardığı bildirilir.