Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:31

'...Tbilisiyə 10 saatlıq yol heç kəsi qorxutmur'-Media icmalı


Turistlər

Ölkədə turizmin problemləri, təyyarə biletlərinin bahalığı və demokratik dəyərlərə münasibət bu gün medianın (3 oktyabr 2017-ci il) aparıcı mövzularındandır...

AVROPADAN TURİST GÖRMƏK ARZUSU

«Exo» qəzetində «Sorğu: Azərbaycanda Avropa, Rusiya və ABŞ-dan turistlərin gəlməsinə üstünlük verilir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, qəzet 900 nəfər ölkə vətəndaşından «Azərbaycanda hansı ölkələrdən daha çox turist görmək istərdiniz» sualına cavab istəyib:

«Ölkə sakinləri daha çox Avropa ölkələrindən turist gəlməsinə üstünlük verir və bu variantı 51 faiz dəstəkləyib. Sorğuda iştirak edənlərin 21 faizi Rusiyadan, 10 faizi isə ABŞ-dan turist gəlməsi variantlarını dəstəkləyiblər».

Yazıda daha sonra mövzu Turizm Assosiasiyası sədrinin məsləhətçisi Müzəffər Ağakərimovla müzakirə edilib. Məsləhətçi deyib ki, indi Azərbaycanda turizmin xidmət səviyyəsini yüksəltmək və ölkədə dələduz biznesmenləri aşkarlayaraq, biznes sektorundan kənarlaşdırmaq kimi iki problem həll edilməlidir:

«Azərbaycana səfərlərində xarici turistlərin rastlaşdıqları keyfiyyətsiz xidmət, dil maneəsi və süni qaldırılmış qiymətlər əsas problemdir. Sonuncu problem daha çox diqqət mərkəzində olmalıdır».

M.Ağakərimov deyib ki, ayrı-ayrı otel və restoranlar öz xidmət qiymətlərini müştərinin vətəndaşlığına görə müəyyən edirlər:

«Bu, ölkənin turist sektorunun imicinə mənfi təsir edir. Turistlər ölkəni İranla, Gürcüstanla müqayisə etdikdə, Azərbaycanla bağlı xoşagəlməz mənzərə yaranır».

AZAL
AZAL

AZAL-IN QİYMƏTLƏRİNDƏN NARAZILIQ

«Novoye Vremya» qəzetində «AZAL öz köhnə əməlinə qayıdır» sərlövhəli yazı diqqət çəkir.

Müəllif yazır ki, «Azərbaycan Hava Yolları» (AZAL) şirkətində uçuş qiymətləri digər ölkələrlə müqayisədə bahadır. Yazıda vurğulanır ki, Azərbaycan vətəndaşları bir çox xarici ölkələrə Bakıdan yox, qonşu ölkənin paytaxtı Tbilisidən uçmağa üstünlük verirlər.

Müəllif hesab edir ki, belə insanlar büdcələrinə bir xeyli qənaət edirlər:

«Azərbaycanlılardan ötrü Tbilisi aeroportu çoxdan xaricə uçmaq üçün start meydanına dönüb. Orada aviabiletlər o qədər ucuzdur ki, qatar və ya avtobusla ora qədər 10 saatlıq yol heç kəsi qorxutmur. Oradan Kiyevə, İstanbula, Budapeştə cəmi 120 dollara gedib-qayıtmaq olar».

Müəllif yazır ki, düzdür, son illər aşağıbüdcəli sərnişindaşıma xətləri (lou-kost) təşkil edilib. Ancaq yazıda vurğulanır ki, bəzən oradakı qiymətlər də orta statistik azərbaycanlıdan ötrü əlçatan deyil.

Yazıda bildirilir ki, birtərəfli qaydada ən ucuz bilet 29 avrodur. Yük aparılması, əl çantası, isti yemək və əlavə xidmətlərə görə pul ödənilir:

«Odur ki, avronun manata məzənnəsi nəzərə alındıqda, iki tərəfə uçuş ən azı 170-200 manata başa gəlir. Özü də bu, sərnişin ucuz bilet tapdığı halda belədir. Moskva, Antalya. Tehran, Tbilisi, Kiyev, Kazan istiqamətinə biletlər 135 manatdan başlanır və bu qiymətə hətta əl çantasının daşınması belə daxil deyil».

Yazıda vurğulanır ki, AZAL-ın uçuş qiymətləri ortagəlirli vətəndaşdan ötrü əlçatan deyil.

Kataloniyada referendum günü iğtişaşlar
Kataloniyada referendum günü iğtişaşlar

QƏRBİN İÇ ÜZÜ...

«Son illər bəzi dövlətlərin beynəlxalq hüquq normalarına münasibətlərinin siyasi avantürizm formasında təzahürü, istər-istəməz, belə bir qənaətin formalaşmasına gətirir. Avropa məkanında əsl demokratik dəyərlərə «ikili standart» getdikcə güclənir».

Bu fikirlər «Azərbaycan» qəzetində dərc edilən «Qərb «demokratiya»sının iç üzü» sərlövhəli yazıdandır.

Yazıda iddia edilir ki, bir sıra Qərb dövlətləri «demokratiya pərdəsi» altında gizlənməklə öz maraqlarını güdürlər.

Müəllif İspaniyanın Kataloniya vilayətində müstəqillik referendumuna toxunur. Yazıda bildirilir ki, polislə toqquşmalarda çoxsaylı insan ağır xəsarət alıb. Ancaq müəllifin fikrincə, toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulub:

«Qəribə tendensiya odur ki, vaxtilə Avropanın özünün fundamental dəyər kimi önə çəkdiyi demokratik prinsiplər son illər məhz bu geosiyasi məkanda ciddi aşınmaya məruz qalır. Avropanın hər hansı bir ölkəsində sərbəst toplaşmaq azadlığının azacıq pozulması zamanı göstərilən böyük reaksiyalara, təəssüflər olsun ki, digər ölkələrdə rast gəlmirik».

Yazıda vurğulanır ki, Avropada qorunmayan «dəyərlər» Azərbaycan kimi demokratiya yolu ilə inkişaf edən dövlətlərə qarşı kampaniya aparmaqdan ötrü istifadə olunur.

Müəllif hesab edir ki, bütün bunlara görə də son zamanlar Azərbaycana qarşı səslənən tənqidlərin heç bir əsası yoxdur.

Yazıda bildirilir ki, hazırda Qərb ölkələrinin çoxunda insan hüquq və azadlıqlarının təminatı ilə bağlı ciddi problemlər var. Sadəcə həmin məsələlərə «göz yumulur».

Günün bütün mövzuları

XS
SM
MD
LG