Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 13:29

Avropa Məhkəməsi 9 jurnalistə 'stop' qoyulmasını araşdırır


Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) ölkədən çıxışına yasaq qoyulan 9 jurnalist, 6 hüquqşünas və ictimai-siyasi fəalın şikayətini araşdırmağa başlayıb. Həmin 15 nəfər AİHM-ə 2012-2017-ci illərdə şikayət ediblər.

Bu haqda AİHM saytı xəbər verir.

Sözügedən məhkəmə işlərində şikayətçi jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayılova, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur QənbərovaAytac Əhmədovadır.

Ölkədən çıxışları yasaqlanmış hüquqşünas, ictimai-siyasi fəallarsa Ənnağı Hacıbəyli, Azər Qasımlı, Azad Mürsəliyev, Rövşanə Rəhimova, Əminə HacıyevaDilarə Vəliyevadır.

Adıçəkilən şəxslərin ölkədən çıxışına yasaq qoyulması, əsasən, Baş Prokurorluqda yerli və xarici QHT-lərə, habelə Meydan TV internet resursuna açılmış cinayət işi ilə bağlıdır. AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl isə həbsdən azadlığa çıxsa da, ölkədən çıxışına hələ ki, icazə verilmir.

Şikayətçilər yasağın qanunsuz olduğunu iddia edərək, əvvəlcə yerli məhkəmələrə müraciət ediblər. Onlar yerli məhkəmələrdən tələb ediblər ki, ölkədən çıxışlarına qoyulan yasaq qaldırılsın və onlara dəymiş maddi, mənəvi zərər kompensasiya edilsin. Ancaq yerli məhkəmələr həmin iddiaların heç birini təmin etməyib.

Ərizəçiləri AİHM-də vəkillər Elçin Sadıqov, Fariz Namazlı, Zibeydə Sadıqova, Yalçın İmanov, Samirə Ağayeva, habelə britaniyalı vəkillər Jessica Gavron, Joanne Sawyer, Philip Leach və digərləri müdafiə edir. Onların fikrincə, ərizəçilərin ölkədən çıxışına qadağa tətbiq edilməsinin qanuni əsası olmayıb.

Vəkillərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri şikayətlərdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr ərizəçilərə münasibətdə Avropa Konvensiyasının 4 saylı protokolunun 3-cü (Hərəkət etmək azadlığı hüququ) maddəsini pozublar. Bundan başqa, ölkə daxilində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulduğu bildirilir. Eyni zamanda, bəzi şikayətlərdə 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddənin də pozuntusuna yol verildiyi iddia edilir.

AİHM-dən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.

Avropa İnsan Hüquqları Məhkəməsi bu şikayətlərlə bağlı Azərbaycan hökumətinə suallar göndərib. Məhkəmə Azərbaycan hökumətindən 2018-ci il yanvarın 17-dək qədər öz qeydlərini verməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG