Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 15:13

Ekspert: 'Bankları xilas etməyə 6 milyard manat lazımdır'


Dilənçi-bank. Karikatura

TANAP-in əhəmiyyəti, bank sektorunda problemlərdən çıxış yolları və manatın məzənnəsi sabit qalsa da, qiymətlərin artmaqda davam etməsi medianın aparıcı mövzularındandır...

BANKLARI, YOXSA MANATI XİLAS ETMƏLİ

«Exo» qəzetində «Azərbaycan seçim qarşısında: bank sisteminin xilası, yoxsa manatın məzənnəsinin saxlanması» sərlövhəli məqalə oxumaq olar.

Müəllif mövzunu ekspertlərlə müzakirə edib.

«Azərbaycanın bank sistemini iki yolla xilas etmək olar. Ya Mərkəzi Bank uçot dərəcəsini 2-3 faiz endirməlidir, ya da bank sektorunun xilası üzrə geniş əhatəli dövlət proqramı qəbul edilməlidir. İlkin mərhələdə buna 6 milyard manat ayrılması yetərli olar», - deyə ekspertlər qəzetə bildiriblər.

Yazıda bildirilir ki, ölkə məhkəmələri bank işləri ilə doludur. Problemli kreditlərin həcmi getdikcə artmaqdadır. Ekspertlər hesab edir ki, əgər hökumət yuxarıda qeyd edilən yollardan birini seçərsə, manatın məzənnəsi enə bilər:

«Mərkəzi Bank isə bankların xilasını yox, manatın məzənnəsinin sabitliyini prioritet elan edib. Təəssüf ki, hökumət eyni zamanda paralel olaraq bir neçə məsələni həll etməyi bacarmır».

Ekspertlər vurğulayıblar ki, Azərbaycanın bank sektoru iqtisadiyyatın inkişafına dəstək vermək kimi əsas funksiyasını yerinə yetirə bilmir. Təkcə Beynəlxalq Bankın sağlamlaşdırılmasında hökumət 10 milyard manata qədər vəsait xərcləyib.

Ekspertlərin fikrincə, hökumət və Mərkəzi Bank bu sektorun sağlamlaşdırılması məsələlərində kifayət qədər gecikiblər.

Yazıda bildirilir ki, banklar borclarının artması üzündən xaricdən kredit götürə bilmirlər. Mərkəzi Bankın isə onlara yüksək faizlərlə kredit ayırdığı söylənir.

Bazar
Bazar

QİYMƏTLƏR ARTIR...

«Novoye Vremya» qəzetində isə diqqəti «Əhalinin gəlirləri qiymət artımı ilə ayaqlaşmır» sərlövhəli yazı cəlb edir.

Yazıda bildirilir ki, ölkədə manatın məzənnəsi sabit qalsa da, istehlak mallarının, ilk növbədə isə ərzaq məhsullarının qiymətləri artmaqda davam edir:

«Dayanıqlı İnkişaf» Təhqiqat Mərkəzinin monitorinqinin nəticələrinə görə, istehlak səbətinin mövsümi dəyişikliklərə məruz qalmayan əsas assortimentləri üzrə qiymət artımı yayda müşahidə edilib.

Yazıda rəsmi statistikaya istinadən xatırladılır ki, avqust ayında qeyri-ərzaq məhsulları 0.1, əhaliyə xidmət tarifləri 0.2, ərzaq məhsulları 0.3 faiz bahalaşıb. Bütünlükdə son bir ildə ərzaq məhsullarının 18.2 faiz bahalaşdığı açıqlanıb.

Müəllif vurğulayır ki, son vaxtlar ətin bahalaşması xüsusi narahatlıq doğurur.

Yazıda daha sonra Dövlət Statistika Komitəsinə istinadən orta aylıq əmək haqlarının artması barədə göstəricilərə toxunulur:

«Əgər bu idarənin dediklərinə inansaq, Bakıda orta aylıq maaşlar artıb. Deyilir ki, bu il iyulun 1-nə 97.7 min nəfər muzdlu əməkçi çalışıb. Yanvar-iyul aylarında bu işçilərin orta aylıq maaşları 8.3 faiz artıb. Ölkə üzrə orta aylıq əməkhaqqı 523.1 manatdır».

Müəllif rəsmi rəqəmlərə şübhə ilə yanaşır. Yazıda vurğulanır ki, həm orta aylıq əməkhaqqının həcmi, həm də artım şişirdilir.

«Rəsmi statistikaya əsasən, 2016-cı ildə ölkə üzrə alınan maaşlar 1.514 milyon manat təşkil edib. Ancaq 15 faiz işçinin maaşı 500 manatdan yuxarı qalxır. 57.1 faiz əməkdaş 300 manat həcmində maaş alır. Elə bundan da irəli gələrək deyə bilərik ki, orta aylıq maaş 250 manatdan yuxarı deyil», - ekspert Rövşən Ağayev qəzetə deyib.

Müəllif bildirir ki, əhalinin gəlirləri bir elə artmayıb. Yazıda vurğulanır ki, hətta rəsmi statistik rəqəmlərə görə, inflyasiya əhalinin gəlirlərini, az qala, iki dəfə üstələyib.

TANAP-TAP
TANAP-TAP

TANAP-IN ƏHƏMİYYƏTİ

«Azərbaycan» qəzetində dərc edilən «Cənub Qaz Dəhlizinin birləşdirici halqası» sərlövhəli yazıda TANAP-ın (Trans Anadolu Qaz Kəməri) tikintisi və əhəmiyyətindən bəhs olunur.

Yazıda bildirilir ki, Cənub Qaz Dəhlizinin «birləşdirici həlqəsi» adlandırılan TANAP-da işlərin 82 faizdən çoxu tamamlanıb:

«Beləliklə, Türkiyənin şərq sərhədində Cənub Qaz Dəhlizinin birinci seqmentinin - Cənubi Qafqaz Kəmərinin çıxışına bağlanan TANAP ölkənin qərb sərhədinə doğru irəliləyir. Burada o, dəhlizin sonuncu hissəsi olan TAP-la (Trans Adriatik Qaz Kəməri) birləşir».

Yazıda vurğulanır ki, TANAP Azərbaycana aid «Şahdəniz» yatağından çıxarılacaq qazı Türkiyənin ərazisində 1850 kilometrlik məsafə boyu nəql edəcək. Kəmərin ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya çatdırılacaq. Gələcəkdə isə kəmərin ötürücülük gücünün 31 milyard kubmetrə kimi artırılması nəzərdə tutulur.

Müəllif yazır ki, bu kəmər Türkiyənin 20-dən çox bölgəsinin ərazisindən keçir. Bu ərazilərdə coğrafi şərait, iqlim və torpağının geoloji quruluşu bir-birinə bənzəmir. Bu da qaz kəmərlərinin çəkilişində çətinliklər yaradır.

Yazıda bildirilir ki, TANAP-ın 2018-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG