Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:20

'Məhsulun qabı Azərbaycanın, özü…'-Mətbuat icmalı


Supermarket
Supermarket

Xarici sərmayə yatırımı, idxaldan asılılığın artması və daxildə ictimai-siyasi proseslərin ölkənin xaricdəki imicinə təsiri medianın aparıcı mövzularındandır…

«YERLİ MƏHSULLAR BAZARIN HEÇ 50 FAİZİNİ TUTMUR»

«Exo» qəzetində «Azərbaycan idxaldan göründüyündən çox asılıdır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif mövzunu ekspertlərlə təhlil edib. Yazıda oxuyuruq:

«Azərbaycan bu gün də idxaldan asılı olan ölkə kimi qalmaqdadır. Əlavə olaraq, Azərbaycan bazarında xarici məhsulların payı artmaqda davam edir. Baxmayaraq ki, devalvasiyadan sonra hökumət idxaldan asılılığı azaltmaq istiqaməti götürdü, amma bəzi sahələrdə durum daha da pisləşdi. Məsələn keçən il ilə müqayisədə bu il ölkəyə ət idxalı kəskin artıb».

Ekspertlər bunun səbəbi kimi yerli istehsalın tələbatı ödəyə bilməməsini göstərirlər.

Yazıda vurğulanır ki, bir çox məhsullar Azərbaycan malı kimi təqdim edilir. Amma onlar sadəcə Azərbaycanda qablaşdırılır. Ekspertlər buna sübut kimi «Azərbaycan çayı» adı ilə satılan bəzi məhsulları göstərirlər.

Yazıda bildirilir ki, analoji hadisələr şəkər və şəkər tozu sahəsində də baş verir.

Ekspertlər deyiblər ki, yerli məhsullar bazarın heç 50 faizini tutmur:

«Baxmayaraq ki, rəsmi olaraq yerli məhsullarla təmin olunma 70 faiz göstərilir. Elə sahələr var ki, yerli bazar tam idxaldan asılıdır. Məsələn, elektrotexnika, geyim. Ölkə bazarında qida məhsullarının isə 50 faizi idxal məhsullarıdır...».

Yazıda vurğulanır ki, ölkədə idxaldan asılılıq artıq Dövlət Statistika Komitəsinin məlumatlarında da öz əksini tapmaqdadır.

Ekspertlər deyiblər ki, hökumətin idxaldan asılılığı aradan qaldırmaq cəhdləri bir nəticə verməyib. Onların fikrincə, bu, hələ uzun müddət dəyişməz qalacaq.

Müəllif xatırladıb ki, 2015-ci il ilə müqayisədə ötən il qida məhsullarının idxalı 35 faiz artıb.

Arif Əliyev
Arif Əliyev

AZƏRBAYCANIN İMİCİ...

Ayna.az saytında «Hara gedirsiniz gedin, ölkənin imici sizi qabaqlayacaq» yazısı diqqət çəkir.

Müəllif Arif Əliyev yazır ki, müstəqilliyini qazanandan sonra Azərbaycana Avropa millətlər masasının arxasında bərabərhüquqlu yer ayrıldı. Sürətli inkişaf potensialına, Qərblə Şərq arasında mühüm coğrafi mövqeyə malik bu ölkəyə ilk vaxtlar böyük diqqətlə yanaşılırdı, ona strateji tərəfdaş kimi önəm verilirdi.

Müəllifin fikrincə, amma zaman keçdikcə, münasibət dəyişdi, Azərbaycanın beynəlxalq imici getdikcə pisləşdi.

Yazıda vurğulanır ki, Azərbaycanın zədəli, korlanmaqda davam edən beynəlxalq imicinin ağrısını ölkədən kənara ayaq basan hər kəs hiss edir. Müəllifin fikrincə, utanc gətirən əməllərdə heç bir iştirakı olmayan insanlar da tənə payına şərik çıxmalı olurlar:

«İri media şirkətlərinin tənqidi çıxışlarına, beynəlxalq təşkilatların artan təzyiqinə Azərbaycan hökumətinin bir cavabı var: «düşmən şəridir, erməni lobbisinin təxribatıdır». Belə izahat yalnız Azərbaycan parlamentində və cəmiyyətin öz parlamentinə layiq hissəsində keçərlidir. Qərbdə isə o, dərin məyusluq, acı gülüş doğurur: erməni lobbisinin bunca böyük qurumlara, prezidentlər bata bilməyən media nəhənglərinə hökm etmək qüdrəti olsaydı, Azərbaycanla haqq-hesab çəkməzdən əvvəl öz ölkəsinə gün ağlayardı».

A.Əliyev yazır ki, xaricdə imicimizi dəyişməkdən ötrü daxildə çox şeyi, bəlkə həyat tərzimizi dəyişməliyik:

«Yeni fikir söyləmiş olmaram. Amma desəm ki, hətta indiki şərtlər çərçivəsində bunun üçün görülməli olan işlərin heç yarısı da yerinə yetirilmir, sübuta ehtiyac yaranacaq…».

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

XARİCİ İNVESTİSİYAYA CƏLBEDİCİ ÖLKƏ-AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Etibarlı tərəfdaş sayılan Azərbaycana xarici investorların marağı artır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2008-ci ildə başlanan qlobal maliyyə böhranı dünyada kapital qoyuluşu sahəsində də problemlər yaradıb. Çünki investorlar kapital qoyuluşunda riskləri sevmir:

«Onlar əmin olmadıqları ölkələrə kapital yatırımından qaçırlar… Lakin az sayda ölkələrə kapital qoyuluşu davam edirdi və belə ölkələrdən biri də Azərbaycandır».

Yazıda bildirilir ki, Azərbaycanda münbit investisiya mühiti var.

Müəllifin fikrincə, 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» ilə neft sənayesinə qoyulan sərmayə paralel olaraq digər sahələrin də inkişafına təsir edib.

Yazıda vurğulanır ki, bu il sentyabrın 14-də «Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı yeni sazişin imzalanması ölkənin iqtisadi inkişafına təkan olacaq:

«Dövlət «Əsrin müqaviləsi»nin imzalanmasından sonra əldə edilən neft gəlirlərindən ölkənin ümumi sosial-iqtisadi inkişafına kapital qoyuluşuna start vermişdi. Bunun sayəsində ölkədə çoxşaxəli infrastruktur yaradılmışdı. Artıq Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş ölkələri ilə bir sıradadır».

Müəllifin fikrincə, yeni inkişafda qeyri-neft sənayesi və aqrar sektor mühüm yer tutur. Dövlətin həyata keçirdiyi iqtisadi siyasətdə bu iki istiqamət prioritet təşkil edir.

XS
SM
MD
LG