Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:50

'Alınan kreditlər vaqonlarda kondisionerə çatmır'-Mətbuat icmalı


Manat

Regionlarda sənaye məhəllələrinin yaradılması, ölkə banklarından kapital axını və böyük kreditlərin yatırıldığı sahələrdə problemlərin mövcudluğu bu gün (26 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır…

BANKLARDAN KAPİTAL AXINI DAVAM EDİR...

«Exo» qəzetində «Azərbaycan banklarından əmanət axını davam edir» sərlövhəli yazı oxumaq olar.

Müəllif mövzunu ekspertlərlə təhlil edib.

«Azərbaycanda banklardan depozit əmanətlərin çəkilməsi davam edir. Düzdür, miqyas 2015-2016-cı illərdəki kimi yüksək deyil, amma proqnozlara görə, bu proses gələn il də davam edəcək», - deyə ekspertlər qəzetə bildiriblər.

Yazıda bildirilir ki, son məlumatlara görə, ölkə banklarında vətəndaşlara və xarici şəxslərə aid 6 milyard manatdan çox depozit var:

«Amma bu da artıq sirr deyil ki, xeyli xarici şəxslər Azərbaycan banklarında maliyyə itkilərinə məruz qalıblar. Bundan sonra xeyli xaricilər hətta müflis olması gözlənilməyən banklardan belə əmanətlərini geri çəkiblər».

Ekspertlər vurğulayıblar ki, belə bir durum ölkə banklarına etimadı sarsıdıb.

Yazıda həmçinin bildirilir ki, bəzi xaricilər qorxu və risk hesabına olsa da, əmanətlərini Azərbaycan banklarında hələ də saxlamaqdadırlar.

Ekspertlər xatırladıblar ki, cəmi iki il öncə ölkə banklarında depozitlərin ümumi həcmi indikindən iki dəfə çox, 11 milyard manat olub.

Yazıda banklardan əmanətlərin geri çəkilməsinə iki səbəb göstərilir. Ekspertlərin fikrincə, bunlardan biri bankların bağlanması, müflis olması, ikincisi isə bütünlükdə bu sektora etimadsızlığın yaranmasıdır.

Yazıda vurğulanır ki, problem təkcə əmanətlərin geri çəkilməsində deyil. Üstəlik, banklar əsas gəlir sahəsi olan kredit vermək imkanını da itirməkdədir.

Yazıda bildirilir ki, ölkədə problemli kreditlərin həcmi rəsmi məlumatlara görə, 2 milyard manata yaxınlaşmaqdadır.

Bakı Dəmiryol Vağzalı
Bakı Dəmiryol Vağzalı

BORC ARTIR, PROBLEMLƏR AZALMIR...

«Novoye Vremya» qəzetində «Xarici borclanmadan nə zaman səmərə olacaq?» sualına cavab axtarılır.

Yazıda bildirilir ki, neftin qiymətinin enməsiylə başlayan böhran ölkədə təkcə qənaəti yox, həm də iqtisadiyyatı və onun ayrı-ayrı sahələrini inkişaf etdirməkdən ötrü xarici borclanmanı aktuallaşdırdı. Yazıda bildirilir ki, Asiya İnkişaf Bankı Azərbaycan dəmiryollarının inkişaf etdirilməsindən ötrü 400 milyon dollar kredit verilməsi məsələsini oktyabrın 2-də müzakirəyə çıxarmaq istəyir.

Müəllif bunu da xatırladır ki, Azərbaycan 1999-cu ildən bu yana üzv olduğu bu bankdan 4 milyard dollardan çox kredit götürüb:

«Əvvəllər bu planda işlər asan idi, kreditləri qaytarmağa nəsə var idi. Hətta bir çox banklar və yerli təşkilatlar əlverişli olmayan kreditlərdən belə imtina etmirdilər. İndi iqtisadiyyatda durum kökündən dəyişib. Ona görə, indi borcu götürməzdən əvvəl onu qaytarmaq imkanları öncə təhlil olunmalıdır».

Yazıda bildirilir ki, ölkənin dəmiryollarına Dünya Bankı da sərmayə yatırıb. Amma dəmiryolunda problem azalmır:

«Sərnişin qatarlarının çoxunda kondisioner yoxdur, qiymətlər isə olduqca bahadır. Yay vaxtlarında bilet qıtlığı yaşanır, səbəb kimi qatarların azlığı göstərilir. Bir çox istiqamətlərdə dəmiryolları yaxşı vəziyyətdə deyil».

Yazıda vurğulanır ki, belə mənzərə təkcə dəmiryoluna aid deyil. Müəllifin gəldiyi nəticəyə görə, böyük pulların ayrıldığı bir çox sahələrdə də vəziyyət ürəkaçan deyil.

Maliyyə Nazirliyinin açıqlamasına görə, istifadə edilən kreditlərlə bağlı ölkənin 7 milyard dollardan çox borcu var. Bəzi ekspertlər bu borcun daha çox olduğunu düşünürlər.

İ.Əliyev Balaxanı Sənaye Parkında
İ.Əliyev Balaxanı Sənaye Parkında

YENİ İSLAHATLAR

«Azərbaycan» qəzetində «Yeni islahatlar konsepsiyasının regional inkişaf mərhələsi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti altında həyata keçirilən layihələr bölgələrin yeni yüksəliş dövrünün əsasını qoyub:

«Son illər respublikamız üçün xarakterik olan uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə, öz yolu ilə inamla addımlamaqdır. Xüsusən dünyada iqtisadi geriləmənin yaşandığı və hər bir dövlət üçün sınaq dövrü olan son illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən yeni iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub».

Yazıda vurğulanır ki, Ümumi Daxili Məhsulun (ÜDM) azalmasının qarşısını almaqdan ötrü hələ 2016-cı ilin əvvəllərindən investisiya qoyuluşunun sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergi və gömrük sistemində yeniliklərin tətbiq olunması kimi mühüm məsələlər həllini tapıb.

Yazıda daha sonra ölkədə son illər yeni yaradılan sənaye məhəllələrindən bəhs edilir. Müəllif bu sənaye məhəlləsinin vacibliyi ilə bağlı prezident İlham Əliyevin bu günlər Neftçaladakı çıxışından sitat da gətirir:

«Qəbul etdiyimiz bütün qərarlar həyatda tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz əksini tapır. Bu sənaye məhəlləsinin fəaliyyəti həm rayonun iqtisadiyyatına, həm ölkə iqtisadiyyatına çox böyük təkan verəcək...».

Günün bütün mövzuları

XS
SM
MD
LG