Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:54

'Azadlıq'ın müxbiri: 'Məni reportajıma görə, şərlədilər'


’Azadlıq’ qəzetinin bölgə müxbiri Ziya Əsədli

“’Azadlıq’ qəzetinin 3 il azadlıqdan məhrum edilən bölgə müxbiri Ziya Əsədlinin səhhətində ciddi problemlər var”

Bunu AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkil sentyabrın 25-də Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

E.Sadıqovun bildirdiyinə görə, ikinci qrup əlil olan jurnalist həbsinin təfərrüatları barədə ona danışıb.

Buna da bax:​ “Azadlıq” qəzetinin bölgə müxbirin 3 il həbs edildiyi bildirilir

“Ziya Əsədli bildirdi ki, həbs olunması üçün əsas gətirilən hadisə başdan ayağa qurama olub, onu şərləyiblər. Onu deməsinə görə, bu il aprelin 19-da Biləsuvarda döyüblər. O, döyülməsi barədə “102 xidməti”nə məlumat da verib. Hadisə çayxanada baş verib. Jurnalist onu çayçı işləyən şəxsin döydüyünü deyir. O, dərhal polis idarəsinə qaçıb və şikayətçi olub. Cinayət işi üzrə bütün “şahidlər” də elə həmin çayxananın işçiləri olublar...”, – vəkil bildirib.

Çayçı məhkəmədə də deyib ki, o, jurnalistin fiziki zorakılığı ilə üzləşib. Bununla belə şahidlərin sözlərinə görə, sonra da əlavə edib ki, jurnalistin həbsini istəmir.

Vəkil deyir ki, Ziya Əsədli həbsinə səbəb kimi ”Azadlıq” qəzeti ilə əməkdaşlıq etməsini göstərir. Jurnalistin deməsinə görə, əks halda onun dedikləri əsas götürülürdü.

Buna da bax: Çayçı 'Azadlıq'ın müxbirinin tutulmasını istəməyib

“Bu ilin aprelində Biləsuvarda sakinlər etiraz aksiyası keçiriblər. Onlar Bakı-Astara yolunu bağlayıblar. Ziya Əsədli deyir ki, həmin aksiyadan reportaj hazırlayıb yayması rayon rəhbərliyində xüsusi narazılıq yaradıb. Həmin hadisədən sonra da jurnalistin həbs edilməsi ilə nəticələnən insident baş verib”.

Vəkil Z.Əsədlinin həbsindən apelyasiya şikayəti verildiyini, onunla müdafiə məsələlərini müzakirə etdiklərini bildirib.

Jurnalistin peşə fəaliyyəti ilə bağlı həbs edildiyinə deməsinə isə Biləsuvar Rayon Məhkəməsinin və digər rəsmilərin münasibətini almaq, hələlik, mümkün olmayıb.

Xatırlatma

“Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədli sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs olayının detalları ilə bağlı indiyədək Ziya Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yaymışdı. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub.

Buna da bax:​ 'Azadlıq'ın müxbirinin həbsindən şikayət verilib

"Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli guya telefonu onun başına vurub”, – o, demişdi.

Ziya Əsədliyə CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham edilib. Məhkəmə ona 3 il həbs cəzası verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG