Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Ekspert: 'Pambıqçılıqda məhsuldarlıq aşağı düşür'


İlham Şaban

«Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı imzalanan yeni saziş, ölkədə qeyri-neft sektorunun mövcud durumu və pambıqçılıqda məhsuldarlığın getdikcə aşağı düşməsi bu gün (25 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

RUSİYA BAZARI İTİRİLƏ BİLƏR

«Yeni Müsavat» qəzetində «Tanınmış iqtisadçı qeyri-neft sektoru ilə bağlı bədbin danışdı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif ölkədə qeyri-neft sektorunun inkişafını neft sahəsi üzrə ekspert İlham Şabanla müzakirə edir.

Yazıda bildirilir ki, hökumət qeyri-neft sektoruna diqqəti nə qədər artırsa da, ölkə iqtisadiyyatının lokomotivi neft sayılır.

Müəllif bu baxımdan sentyabrın 14-də «Azəri-Çıraq-Günəşli» yataqlar bloku haqqında yeni sazişin imzalanmasını «ölkəyə valyuta daxil olmasının təminatı» adlandırır.

Ekspert İ.Şaban isə qəzetə deyib ki, neft nə qədər əhəmiyyətli olsa da, digər sahələrdə inkişaf da zəruridir:

«2016-cı ildə neftdən ölkəyə 5 milyard vəsait daxil olub. 2017-ci ildə qiymətlər təqribən 30 faiz yüksəkdir, ancaq əvəzində hasilat azalmağa başlayıb. Yəni, bu neft müqaviləsindən ildə daxilolmaların 5.5 milyard civarında olması ehtimal edilir».

İ.Şaban vurğulayıb ki, hətta bundan sonra qiymətlər artsa da, hasilat həcmi azaldığından ölkəyə daxil olan valyuta bir elə artmayacaq.

Ekspert xatırladır ki, əvvəllər ölkənin gəliri bundan orta hesabla üç dəfə çox idi. Ancaq indi durum heç də ürəkaçan deyil.

İ.Şaban bu durumdan çıxmağın yolunu qeyri-neft sektorunda ixracı artırmaqla görür. O hesab edir ki, yeni bazarlar axtarılmalıdır.

Ekspert deyib ki, yaxın iki-üç ildə Azərbaycandan Rusiyaya mal ixracatçıları bu ölkə istehsalçılarının rəqabəti ilə üzləşəcəklər:

«Artıq 2020-ci ildə azərbaycanlıların oraya apardıqları məhsullar yerli istehsalçılar ilə üzləşəcək. Bizim kənd təsərrüfatı məhsullarının ixracından qazancımız heç 500 milyon dollara çatmır. Biz bu məsələlərə ciddi yanaşmırıq, yeni bazarlar axtarmırıq».

İ.Əliyev Sabirabadda pambıq plantasiyasında
İ.Əliyev Sabirabadda pambıq plantasiyasında

«PAMBIQÇILIĞIN İFLASI»

Azadliq.info saytında «Bir hektardan 176 kq pambıq biabırçılığı» sərlövhəli yazı diqqəti cəlb edir.

Yazıda kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmlinin düşüncələrinə yer verilib.

Yazıda Dövlət Statistika Komitəsinin (DSK) məlumatına istinadən bildirilir ki, ötən həftənin sonuna kimi ölkədə 136 min hektar sahədən 24 min ton pambıq tədarük olunub. V.Məhərrəmli vurğulayıb ki, statistik rəqəmlər məhsuldarlığın çox-çox aşağı olduğunu göstərir. Üstəlik, məhsuldarlıq ildən-ilə aşağı düşür:

«Bu həm də o deməkdir ki, bu il pambığın məhsuldarlığı keçən ilki göstəricidən xeyli aşağı olacaq. Yeri gəlmişkən, keçən il hər hektar sahədən 17.3 sentner məhsul əldə olunmuşdu. Bu da son 5 ilin ən aşağı göstəricisi idi».

Ekspert hesab edir ki, bütün bunlar hökumətin pambıq siyasətinin iflasa uğradığının göstəricisidir. Onun fikrincə, pambıqçılığın ölkə iqtisadiyyatına ciddi şəkildə faydası yoxdur.

İ.Əliyev Balaxanı Sənaye Parkında
İ.Əliyev Balaxanı Sənaye Parkında

QEYRİ-NEFT SAHƏSİNİN İNKİŞAF STİMULU- NEFT

«Azərbaycan» qəzetində isə ««Yeni əsrin müqaviləsi» qeyri-neft sektorunun inkişafına stimul verəcək» sərlövhəli yazı dərc edilib.

Yazıda «Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı müqavilənin müddətinin 2050-ci ilə kimi uzadılması dəyərləndirilir.

Müəllif xatırladır ki, ölkə iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir. Yazıda bildirilir ki, iqtisadiyyatın neftdən asılılığına son qoymaqdan ötrü ölkədə qeyri-neft sektorunun inkişafına dair konsepsiya hazırlanıb:

«Belə strategiyanın seçilməsi də təsadüfi deyil. Son illərin təcrübəsi göstərir ki, dünya bazarında neftin qiyməti qısa zaman kəsiyində kəskin şəkildə artıb-azala bilir. Bu da iqtisadiyyatda müxtəlif kataklizmlər yaradır. Buna görə də iqtisadiyyatın neft amilindən asılılığının aradan qaldırılması zərurəti yarandı».

Müəllif hesab edir ki, ölkə iqtisadiyyatının neft asılılığından qurtulmasından ötrü qeyri-neft sektorunun inkişafı vacib idi .

Yazıda bu il sentyabrın 14-də «Azəri-Çıraq-Günəşli» yataqlar bloku ilə bağlı yeni sazişin imzalanması «ölkənin ümumi inkişafına ikinci təkan» adlandırılır:

««Əsrin müqaviləsi»nin imzalanmasından indiyədək neft hasilatından ölkəmiz 125 milyard dollar əldə edib. «Yeni əsrin müqaviləsi»ndən sonra əldə edəcəyimiz payın 200 milyard dollara çatacağı gözlənilir. İkinci bir üstünlük isə sərmayə qoyuluşundadır. Belə ki, birinci kontrakt üzrə 33 milyard dollar investisiya qoyulduğu halda, yeni müqavilə üzrə bu məbləğin 40 milyard dollara çatması planlaşdırılır».

Müəllif hesab edir ki, son illər ölkədə qeyri-neft sektorun da inkişafına dair mühüm addımlar atılır. Onun fikrincə, neftdən gələn pulları qeyri-neft sektoruna yönəltməklə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG