Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:40

Xədicə İsmayıl yenə məhkəməyə üz tutdu


Xədicə İsmayıl

Bu gün, sentyabrın 22-də araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın qaldırılması ilə bağlı yenidən məhkəməyə müraciət edib.

Bu haqda jurnalistin özü bildirib.

Binəqədi Rayon Məhkəməsinə müraciət edən X.İsmayıl deyir ki, ona xaricdən müvəqqəti iş təklifi gəlib.

«Stokholm İqtisadiyyat Məktəbinin Riqa filialından araşdırma jurnalistikasından noyabr-dekabr aylarında 23 gün dərs demək üçün təklif almışam. Bu məqsədlə məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarına bütövlükdə xitam versə belə, ölkəni daimi tərk etmək fikrim yoxdur», - o qeyd edib.

X.İsmayıl ölkədən çıxışına qoyulan qadağanın qaldırılması tələbilə əvvəllər də məhkəməyə müraciət edib. Jurnalist indiyədək iki dəfə məhkəməyə üz tutaraq beynəlxalq tədbirlərə qatılmasına imkan yaradılmasını tələb etmişdi.

Ancaq Binəqədi Rayon Məhkəməsi hər dəfəsində araşdırmaçı-jurnalistin müraciətini rədd etmişdi. Yuxarı məhkəmələrə verilən şikayətlər də faydasız olmuşdu.

Jurnalistin ilk müraciəti üzrə iş artıq Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.

XATIRLATMA

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs edildiyini bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

X.İsmayıl həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG