Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:14

Polis mitinqlə bağlı xəbərdarlıq verib


Milli Şuranın mitinqi. 2014

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Milli Şuranın sentyabrın 23-də keçirəcəyi mitinqlə bağlı xəbərdarlıq edib.

İdarənin rəis müavini Səhlab Bağırov APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqində hər-hansı təxribata imkan verilməyəcək:

«Biz mitinqin təşkilatçılarını Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edərək onlara xəbərdarlıq etmişik. Mitinqdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, iğtişaşa və qarşıdurmaya səbəb ola biləcək hər hansı addıma imkan verilməyəcək. Əks təqdirdə, mitinqin təşkilatçıları və günahkarlar qanun çərçivəsində cəzalandırılacaqlar».

Milli Şura sentyabrın 23-ü aksiya keçirmək niyyətindədir. Artıq şəhər rəhbərliyindən də razılıq məktubu alınıb.

Aksiyanın məqsədini Milli Şuraya daxil olan AXCP sədri Əli Kərimli açıqlamışdı. O, dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək demişdi:

«Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib. Lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib».

XATIRLATMA

«The Guardian» qəzetində dərc olunmuş araşdırmaya görə, 2012-2014-cü illərdə ölkədən 2.9 milyard dollar çıxarılaraq, Böyük Britaniyada qeydiyyatdan keçən 4 ofşor şirkətə ötürülüb. Həmin pulların «yuyularaq» mənimsənildiyi və rüşvət verildiyi iddia edilir.

Öz növbəsində rəsmi Bakı araşdırma yazısında qeyd edilənləri təkzib edir.

Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bildirib ki, məqalədəki məlumatlar absurd xarakter daşıyır.

«Dünyada müəyyən dairələr və onların havadarları, eləcə də erməni lobbisinin maliyyələşdirdiyi ayrı-ayrı kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycana qarşı ağlasığmaz, iftira dolu, yalan məlumatlar yaymaqla məşğuldurlar. Özü də bu cür yazılar elə təqdim olunur ki, guya orada göstərilən faktlar dəlil-sübutlara və sənədlərə əsaslanır. Bu da bir növ məsələlərin mahiyyətinə dərindən bələd olmayan kütləvi oxucuya psixoloji təsir etmək məqsədi daşıyır», – o qeyd edib.

Rəsmilər bəyan ediblər ki, həmin məsələlərin nə Azərbaycan dövlət başçısına, nə də onun ailə üzvlərinə aidiyyəti var.

Günün bütün mövzuları

XS
SM
MD
LG