Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 03:25

Ölkədə çayçılığın inkişafı, bankların müflis olma səbəbləri və məhkəmə sistemində korrupsiyaya yol açan amillər bu gün (21 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

OĞURLUQDAN MÜFLİSLİYƏ...

«Exo» qəzetində «Azərbaycanda banklar əmanətçilərin pullarını mənimsəyir?» sualına ekspert Əkrəm Həsənovla cavab axtarılır.

«Azərbaycan banklarının bir çoxu oğurluq etmələri səbəbindən müflis olublar. Bu oğurluğu heç də həmişə bank sahibləri etməyiblər. Bəzən bank idarəçiləri oğurluqla məşğul olublar», -ekspert Ə.Həsənov qəzetə deyib.

Ekspert oğurluğun sxemini izah edir. O deyib ki, menecerlər kreditləri öz adamlarının adlarına götürür, daha sonra bu pullar banka qayıtmır. Beləliklə bank sahibləri əmanətçilərin vəsaitlərini mənimsəmiş olurlar. Kreditlər də qayıtmayanda banklar iflasa uğrayırlar. Ə.Həsənov vurğulayıb ki, bankın iflas olması isə onun bütün mülkiyyətinin borcundan az hesablanması halında baş verir.

Ekspert bildirib ki, bu durum Azərbaycanda iki devalvasiya baş verənə kimi davam edib və piramida sxemi kimi işləyib.

Onun deməsinə görə, bank idarəçiləri öz adamlarına kreditləri cüzi faizlə veriblər. Sadə vətəndaşlara verdikləri yüksək faiz hesabına isə öz adamlarının kredit faizlərini bağlayıblar. Bu sxem vətəndaşlar borclarını qaytara bildikləri müddətə kimi işləyib:

«Ancaq manatın məzənnəsi kəskin düşdükdən sonra maliyyə durumunun pisləşməsi ilə çoxları gəlirdən məhrum olublar, kreditləri ödəməyə vəsaitləri qalmayıb. Beləliklə, bankirlərin önündə iki variant qalıb: ya oğurladıqlarının bir hissəsini qaytarmaq, ya da dövlətin bankı müflis elan etməsini gözləmək».

Ə.Həsənov deyib ki, Azərbaycanda müflis olan bankların 80 faizi subyektiv səbəbdən həmin vəziyyətə düşüblər.

Məhkəmə
Məhkəmə

ƏDALƏTLİ MƏHKƏMƏ ARZUSU

«Novoye Vremya» qəzetində «Yeni status nə verəcək» sərlövhəli məqalədə Məhkəmə Hüquq Şurasına dövlət qurumu statusu verilməsi dəyərləndirilir.

Müəllif vurğulayır ki, Azərbaycan məhkəmə sistemində islahatlar çox zəif, birtərəfli və sistemsiz aparılır:

«Əsas diqqət məhkəmə infrastrukturunun yenilənməsinə və hakimlərin sayının çoxaldılmasına verilir. Məhkəmə icraatının keyfiyyətinin yüksəldilməsi ancaq sözdə yada düşür. Təcrübədə isə məhkəmə sistemi durğunluq dövrü yaşayır, hakim mantiyası geyinən şəxslər az hallarda ədalətli qərarlar qəbul edir. Nəticədə bəzi vətəndaşlar ədaləti Avropa İnsan Haqları Məhkəməsində axtarmalı olurlar».

Müəllif hesab edir ki, Məhkəmə-Hüquq Şurasına (MHŞ) dövlət statusu verilməsi ilə çox az şey dəyişə bilər.

Yazıda vurğulanır ki, məhkəmə sistemində korrupsiyaya ilə sistemli mübarizə özünü göstərmir. Müəllifə görə, məhkəmə orqanlarında korrupsiyanın qarşısını almaqdan ötrü qərarların ədalətli verilməsinə diqqət artırılmalıdır.

Yazıda bildirilir ki, bəzən hakimlərin «korrupsiyaya şərait yaratması»na görə MHŞ cəzalar verir.

Müəllif hesab edir ki, Şura başqa bir amilə - «siyasi sifarişin yerinə yetirilməsinə şərait yaradılması»na da diqqət ayırmalıdır.

Yazıda vurğulanır ki, bütünlükdə ədliyyə sistemində islahatlara ehtiyac var. Müəllifin fikrincə, ədliyyə sistemində dəyişikliklər, müstəqil məhkəmələr hamıdan çox Azərbaycan vətəndaşına lazımdır.

Lənkəranda çay plantasiyası
Lənkəranda çay plantasiyası

ÇAYÇILIQ: İDXALDAN-İXRACA

«Azərbaycan» qəzetində «Çayçılığın inkişafı bu sahədə ixracı artıracaq» sərlövhəli yazı oxumaq olar.

Yazıda öncə SSRİ dönəmində Azərbaycanın cənub bölgəsində çay istehsalının inkişafından bəhs edir. SSRİ-nin çöküşü ilə təsərrüfat sisteminin də dağıldığı bildirilir.

Müəllif yazır ki, Azərbaycanda ən çox çay 1988-ci il yığılıb- 34.5 min ton. O zaman çay sahələri 13.2 min hektar olub.1990-cı ildə bu rəqəm 30.7 min tona, 1995-ci ildə isə 9.41 tona enib.

Müəllif xatırladır ki, bu il sentyabrın 3-də prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda keçirilən müşavirədə çəltik və sitrus meyvələrinin istehsalı ilə yanaşı, çayçılığın da inkişafı geniş müzakirə edilib.

Müəllif burada dövlət başçısından sitat da gətirir:

«Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır... İri çayçılıq və tingçilik təsərrüfatları yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir, indi bu texnika var, gətirilib».

Müəllif yazır ki, bu il Azərbaycan 12 min 600 ton çay idxal edib. Buna 45 milyon dollar vəsait sərf olunub. 2016-cı ildə 1100 ton çay ixrac edərək ölkəyə 6 milyon 100 min dollar valyuta daxil olub.

Müəllif vurğulayır ki, yalnız çay istehsalını artırmaqla bu sahədə durumu ölkənin xeyrinə dəyişmək olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG